Cəbhə səhnələrindən yataq videolarınadək…(YAZI)


TƏHLİL 31 mar 2021, 13:15
Hazırda ölkədə nə ciddi daxili siyasi gərginlik, nə də iqtidar-müxalifət tərəflərinin onu süni surətdə qızışdırması üçün real zəmin var. Başlar çox mühüm məsələlərə qarışıb. Bu problemlər sırasında pandemiya ilə mübarizəni önə çəkməyə dəyməz. Artıq bir ildən çoxdur ki, o, ümumi həyatın ortaq fonuna çevrilib və bu fonun nə dövlətlərarası, nə də ölkələrdaxili münasibətlərə ciddi təsir göstərdiyini görürük. Kim hansı yolu tutub gedirdisə, o yolla da addımlamaqdadır.

Bizim başımızın qarışdığı ən mühüm məsələ müharibədir. Döyüşlərin bitməsi hələ ölkənin müharibədən çıxması demək deyil. Ermənistanın timsalında bunu açıq görürük. Çünki orada bütün simptomlar üzdədir. Özümüzdə isə görmürük, ona görə ki, bir çox proseslər aşkarda yox, pərdələnmiş şəkildə davam edir.

Müharibənin yazılmış qanunları olduğu kimi, yazılmamış qanunları da var. Bütün savaşlarda döyüş meydanında qələbə qazanmış tərəf dərhal onun qarşıya qoyduğu iki vəzifə ilə üzləşir: birincisi, əldə olunmuş uğurları diplomatik sahədə möhkəmləndirmək; ikincisi, yaranmış yeni ictimai-siyasi mühitdən çıxış edərək, daxildə sürətlə islahatlar həyata keçirmək. Bunlarsız müharibənin məntiqi yekununa çatdığını demək olmaz. Bunlara nail ola bilməyənlərın ağzında qələbənin tamı çox qalmır.

***

Hərbi uğurları diplomatik “cəbhədə” möhkəmləndirməyin çətinlikləri başadüşüləndir. Döyüşlər davam etdirilsəydi, bayrağımız bir-iki günə Xankəndidə dalğalanacaqdı. İndi isə beş aydır, ora icazə ilə gedib-gəlməli oluruq. Çünki Rusiya araya girib, əsasını Xankəndidə dirəyib və öz bayrağını onun başından asıb. Böyür-bucağında qondarma “Qarabağ hökuməti”nin bayrağının yellənməsinə göz yumur. ATƏT-in Minsk qrupu üzdə narazılıq ifadə edir, amma əslində vəziyyətdən xeyli məmnundur. 44 günlük müharibə dövründə səsi güclə eşidilən Minsk qrupu üçün indi yenidən “fəaliyyət” meydanı açılıb. Bununla belə, diplomatiyamızın və ona güclü dəstək verməli olan mediamızın zəifliyi vəziyyəti qəlizləşdirir. Ermənistanda bircə mina basdırsaydıq, Yerevan aləmi qarışdırmışdı. Biz isə minlərlə kvadrat kilometr minalanmış sahələrə görə Ermənistanı məsuliyyətə cəlb etmək nədir, heç həmin sahələrin xəritələrini də ondan ala bilmirik. Problemi beynəlxalq müstəviyə çıxarmaq üçün göstərdiyimiz cəhdlər az səmərə verir. Vaxtımız daha çox sülh dövründə tutulmuş “hərbi əsirlər”ə görə ona-buna izahat yazmağa  gedir. Aqressiv erməni diplomatiyası qarşısında eyni dirəniş göstərə bilməsək, bir azdan məğlubiyyətə uğradıqlarını da ermənilərin boynuna  qoymaq çətin olacaq.

***

Müharibə daxili münasibətlərə çox güclü təsir göstərdi, böyük ictimai gözləntilər doğurdu. İlk aylar bu gözləntilərə Prezidentin çıxışlarında qarşılıq verilməsi ümidləri artırdı. Lakin sürətli islahatlar baş vermədi, proses yenə səngidi. Məsələ heç xalqın ümidlərinin məyusluqla əvəz olunması təhlükəsində də deyil. Məsələ ondadır ki, “yaralanıb buraxılmış” bəzi oliqarx-rəhbərlər, köhnə idarəçilik mexanizminin sütunları, “bulanıq suda balıq tutmaqda” ustalaşmış məmurlar və onların media törəmələri “cəbhə xətti”nin artıq hansı səddə yaxınlaşdığını gözəl başa düşürlər. Dərk edirlər ki, köklü dəyişikliklərin cəmiyyətdə yarada biləcəyi harmoniyada onlara yer olmayacaq və müdafiə tədbirlərini də buna uyğun planlaşdırıb həyata keçirirlər. Söhbət ondan gedir ki, Qarabağda pozulmuş hərbi status-kvonu Bakıda dövlət idarəçiliyi sahəsində və hakimiyyət-xalq münasibətlərində qoruyub saxlamaq mümkün olacaq, yoxsa qələbə yürüşü öz məntiqi sonluğuna qədər davam edəcək?

***

Bu fikirlərdən sonra müxalifət liderlərindən biri Cəmil Həsənlinin qızı barədə yayılmış videoya keçid etməyim təəccüblü görünə bilər. Amma mən media texnologiyalarına kifayət qədər bələdəm, həyatımızın geniş ictimai müzakirələr doğurmuş bu epizodu isə o qədər tipik, üsullar tanış, cəmiyyətin mümkün reaksiyası o dərəcədə asan proqnozlaşdırılandır ki, proseslər arasındakı əlaqəyə diqqət yetirməyə bilmirəm.

Müəyyən şəxslər xüsusi xidmət orqanlarından və informasiya məsələləri ilə məşğul olan strukturlardan qovulandan sonra şəxsi həyata aid detalların siyasi mübarizədə biabırçı istifadə halları ilə xeyli müddət üzləşmədik. Ancaq son bir ayda üçüncü dəfədir ki, tanınmış şəxslərin və onların yaxın qohumlarının intim görüntüləri və yazışmaları sosial şəbəkələrdə nümayişə çıxarılır. Təsadüf – istisnadır. Açıq-aşkar “qaşınmayan yerdən qan çıxarmaq”, daxildə narazılıq və gərginlik yaratmaq, ictimai müzakirələrin istiqamətini dəyişmək üçün ardıcıl iş aparılır.

Son dövr gündəmdə yuxarıda qeyd etdiyim iki başlıca mövzu dayanır: bunun birincisi Qarabağda vəziyyət və Rusiyanın bölgədə yürütdüyü siyasətlə bağlıdır. Azərbaycan böyük birlik və iradə nümayiş etdirərək 30 ildən sonra hərbi yolla ərazi bütövlüyünü bərpa edib. Amma Dağlıq Qarabağın əhəmiyyətli hissəsini nəzarətə götürmüş Rusiya, faktiki olaraq, ölkə qanunlarının orada işləməsinə imkan vermir və buna görə yerli medianın, ictimaiyyətin və hətta rəsmi dairələrin getdikcə daha açıq tənqidinə məruz qalır. İkinci mövzu qələbənin dirçəltdiyi xalqın oliqarxlara çevrilmiş məmurların özbaşınalığından, sosial ədalətsizlikdən yaxa qurtarmaq istəyidir. Təsadüfi deyil ki, belə oliqarxlardan birinin lap elə bu yaxınlarda yaşadığı ailə faciəsi insanlarda nəinki mərhəmət hissi oyatmadı, əksinə, diqqəti onların qurduqları biznes sisteminin, keçirdikləri həyat tərzinin eybəcərliklərinə yönəltdi. Mən əminliklə deyirəm ki, ön cəbhədə şahidi olduğumuz siyasi iradə eyni qətiyyətlə “arxa cəbhədə” də ortaya qoyulmasa, biz gündəmi və narazılığın istiqamətini dəyişməyə hesablanmış yeni-yeni sürprizlərlə üzləşəcəyik. Hörmətli professor Cəmil Həsənlinin qızı ilə bağlı yayılmış video əxlaq müstəvisində müzakirə edilməməlidir. Bu, bir əxlaq məsələsi deyil, insan haqlarına kobud təcavüz və siyasi xarakterli cinayətdir. Yəni, onu yayanlar başa düşmürdülər ki, iyrənc əməllə məşğuldurlar? Bu iyrənclik cəmiyyətdə necə etiraz doğuracaq və sonda ittihamlar hansı təşkilatlara və hansı şəxslərə qarşı yönələcək? Əlbəttə, yaxşı bilirdilər və hesablarını götürmüşdülər.

Mənim qurduğum məntiq zəncirinin qapanması üçün bircə halqa çatışmır: konkret ad. Yazıda müəyyən işarələr vursam da, təbii, ad çəkə bilmərəm. Bunu araşdırma aparmaq və cinayəti cəzasız buraxmamaq səlahiyyətinə-vəzifəsinə malik dövlət orqanları etməlidirlər. Müxalifət liderlərindən Pənah Hüseyn çox düzgün deyir ki, ancaq işin sifarişçilərini və icraçılarını tapıb ortaya çıxarmaqla iradlara, şübhələrə və ittihamlara nöqtə qoyula bilər: “Hazırda bu hadisənin aşkarlanması təkcə bir fərdin hüquqlarının qorunması yox, bütövlükdə dövlətin şərəf məsələsidir“. 

Əlavə etmək istəyirəm: həm də təhlükəsizlik məsələsi.


Arif Əliyev 

Azərbaycanın sabiq Prezidentinin mətbuat katibi


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top