Deputat: "Daha "növbəti bayramı Şuşada keçirək" demirik..."

MÜSAHİBƏ 20 mar 2021, 17:02
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvü Aydın Mirzəzadə sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Aydın müəllim, Novruz bayramı ərəfəsində növbəti əfv sərəncamı imzalandı. Bu hümanist addımın yaratdığı ümumi mənzərəni, insana, vətəndaşa olan diqqəti necə şərh etmək olar?

- Bu əfv sərəncamı ilə cənab Prezident hər bir vətəndaşın taleyinə çox həssaslıqla yanaşdığını ortaya qoydu. Hər bir azərbaycanlı üçün əziz olan Novruz Bayramı ərəfəsində rekord sayda - 600-dən artıq insanın əfv edilməsi dövlətimizin hümanistliyini, insan taleyi məsələsini daim diqqətdə saxladığını göstərir.

Əvvəlkilərdən fərqli olaraq bu dəfə əfv olunanların kateqoriyası da genişlənib. Ömürlük həbs edilmiş insanların həbsi 25 illik cəza ilə əvəz olunub. Bu onlara bir daha həyatda özünü doğrultmaq üçün verilən şansdır. Bu, təkcə 600-dən artıq insanın sevinci deyil. Həmin insanların ailə üzvlərinin, yaxınlarının, əzizlərinin, dostlarının sevincidir. 10 minlərlə insan bu addıma görə sevinc içindədir. Bütün Azərbaycan növbəti hümanist addımdan xəbərdar oldu.

Ötən il torpaqlarımızın işğaldan azad olunması sevincindən sonra bu gün 600-dən artıq insanın ailəsində, onun yaxın ətraflarından böyük bir şadlıq yaşanır. Onların hər birinə bir daha həyatda özünü doğrultmaq, ailəsinə bağlı olmaq, dövlətinə, qanunlara hörmətlə yanaşmaq şansı verildi. Güman edirik ki, onların hər biri öz səhvlərini başa düşüb. Cəzalarının böyük hissəsini də artıq çəkiblər.

Eyni zamanda bu, vaxtilə səhv addım atmış insanlara qarşı dövlət tərəfindən atılan yeganə addım deyil. İl boyu bayramları, əlamətdar günləri gözləmədən yerli məhkəmlər, cəza çəkmə müəssisələrindən cəzasının müəyyən bir hissəsini çəkmiş şəxslərin ərizələrinə baxılır və onlar vaxtından əvvəl azadlığa buraxılırlar. Ümumilikdə götürdükdə bu, minlərlə insanı əhatə edir.

Azərbaycan vətəndaşların hüquqlarını, təhlükəsizliyini qoruyan bir dövlətdir. Ölkəmiz kriminal hadisələrin dünyada az sayda qeydə alındığı dövlətlər sırasındadır. Hər yüz min nəfərə düşən məhbus sayına görə Azərbaycan dünyada ən axırıncı yerlərdədir.

İnanmaq istərdim ki, azadlığa buraxılan insanlar bir daha qanunları pozmayacaqlar. Eyni zamanda həyata bir qədər fərqli baxan insanlar da öz həyat görüşlərində yenidən dəyişiklik edəcəklər.

Azadlığa buraxılanlar içərisində müxtəlif kateqoriyalı insanlar var. Qadınlar, xarici ölkə vətəndaşları, yaşlılar, gənclər, eyni zamanda müxtəlif siyasi partiyaların qanun pozuntusuna görə cəza almış üzvləri də azadlığa buraxıldı. Bu bir daha cənab Prezidentin aliliyini, hümansitliyini, özünün bildirdiyi kimi hər bir azərbaycanlının Prezidenti olduğunun sübutudur.

- Cənab Prezident ailə üzvləri ilə bir neçə gün öncə Füzuliyə, Xocavəndə, Şuşaya səfər etdi. Azad torpaqlardan mühüm mesajlar verildi. Bu səfərlərin yaratmış olduğu reallığa münasibət hansı səviyyədədir?

- Cənab Prezident vaxtaşırı işğaldan azad olunan torpaqlara səfər edir. Bu səfərlər torpaqlarda Azərbaycanın suverenliyinin birmənalı və birdəfəlik həll edildiyini göstərir. Bu, digər tərəfdən həmin ərazilərdə aparılan minalardan təmizləmə, kommunikasiyaların açılması, layihələrin həyata keçirilməsinə nəzarətdir. Cənab Prezidentin Şuşada xüsusi nümayəndəsinin olması, orada artıq qala divarının bərpası, müəyyən abadlıq işlərinin aparılması böyük layihələrin həyata keçirilməsi üçün ilkin hazırlıq hesab olunur.

Cənab Prezident azad olunan torpaqlara öz səfərləri ilə həmin torpaqların dirçələcəyinə, ərazilərin dünyanın ən rahat yaşayış üçün nümunəvi yerə çevriləcəyinə dair mesajlarını verib. Həmiçinin bu gün Ermənistanda olan revanşist qüvvələrə də çox ciddi bir xəbərdarlıq edilib.

Mesaj ünvanlanıb ki, onlar bir daha Azərbaycanın ərazi bütövlüyünü pozmağa cəhd etməsinlər. Azərbaycanın haqq işi öz nəticəsini göstərdi. Dünya artıq Azərbaycan təcrübəsini öyrənir. Ölkəmiz dünya birliyində cənab Prezidentin apardığı siyasətlə, real nəticələrlə öz layiqli yerini tutmaqda davam edir.

- ABŞ prezidenti Co Bayden Novruz bayramı münasibəti ilə Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb. Bu münasibəti yeni ABŞ administrasiyasının Azərbaycana qarşı fərqli yanaşacağını düşünənlərə mesaj kimi qiymətləndirmək olarmı?

- Azərbaycan o qrup dövlətlərdəndir ki, xarici ölkələrdə hakimiyyətdə kimin olmasından asılı olmayaraq qarşılıqlı münasibətlər qurmaqda maraqlıdır. Azərbaycan dünya birliyi üçün yaxşı bir tərəfdaşdır. Ölkəmiz öz öhdəliklərinə məhsuliyyətlə yanaşan bir dövlətdir.

Azərbaycan regionda, o cümlədən dünyada artıq dostluq, sülh, stabillik əhval-ruhiyyəsi olan qüvvələrdəndir. 120 üzvü olan Qoşulmama Hərəkatı kimi böyük bir təşkilatın sədri olmaq, bir çox aktual məsələləri qaldırmaq Azərbaycana müyəssər olub. ABŞ-ın yeni rəhbərinin Azərbaycan Prezidentinə təbriki də ölkəmizə dünyanın nəhəng bir dövlətinin verdiyi qiyməti göstərir.

ABŞ Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır. Enerji təhlükəsizliyi, dünyada stabilliyin qorunmasında ABŞ-la birgə əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq sahələrini genişləndirmək imkanları da çoxdur. Azərbaycan da bunu göstərir. Xarici ölkələr, o cümlədən ABŞ da bunu görür və buna uyğun dosluğa, əməkdaşlığa xüsusi əhəmiyyət verir.

- Azərbaycan xalqı 30 ilə yaxın müddətdə hər bayramı ərazi bütövlüyü pozulmuş bir dövlət kimi qeyd edirdi. Hər il Novruzda arzulanan o idi ki, Şuşada yenidən bayram tonqalları qalansın. Arzularımız çin oldu. Bayramı qalib dövlət kimi qeyd edirik. Bu tarixi reallığın, mənzərənin vermiş olduğu möhtəşəm sevinci necə şərh edərdiniz?

- 30 ildən sonra ilk dəfədir ki, biz Novruz bayramı ərəfəsində "növbəti bayramı Şuşada keçirək" demirik. İlk dəfədir deyirik ki, Şuşada da, digər torpaqlarda bayramı qeyd edirik. Bu günlər bütün Azərbaycan Novruz sevincini böyük ruh yükəsliyi ilə qeyd edir. Azərbaycan buna layiqdir. Xalqımız, ölkəmiz bunu bacardı. Nəinki yaxın 30 ilin, bütövlükdə 200 ilin, XIX əsrin əvvəllərindən, müstəqilliyimizi itirdikdən sonra çiynimizdə olan ağır yükü ata bildik. Artıq bir başqa Azərbaycan var...

Biz artıq Azərbaycan sözünü daha qürurla deyə bilirik. Xalqımız özünün tarixi kökləri, zəngin mədəniyyəti, qətiyyətli və bacaraqlı lideri ilə bu gün dünyada diqqəti cəlb edən bir ölkəyə çevrilib. Novruz bayramı ərəfəsində biz nəticlərimizi görür, sevinir və bunu daha da möhkəmləndirməyə çalışırıq.(teleqraf.com)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top