Roma Papası İraqda səfərdədir

DÜNYA 05 mar 2021, 18:28
Roma Papası Fransiskin İraqa səfəri başlayıb.

Demokrat.az xəbər verir ki, bu, Roma Katolik Kilsəsinin başçısının İraqa ilk səfəridir.

Üçgünlük səfər zamanı Papa müxtəlif xristian təriqətlərinin nümayəndələri və orada təmsil olunan Şərq Kilsələrinin rəhbərləri ilə görüşəcək. Ölkə rəhbərliyi (baş nazir Mustafa əl-Kazımi və prezident Barham Saleh) ilə görüşdükdən sonra Fransisk paytaxt Bağdaddakı Qoruyucu Müqəddəs Məryəmin Suriya Katolik Kilsəsində din adamlarına müraciət edəcək. Sabah Papa Şərqi Katolik kilsələrindən biri olan Xaldey Katolik Kilsəsinin Müqəddəs Yusif Kafedralında ilk dəfə Xaldey ibadəti üzrə ilk messanı keçirəcək.

Lakin müşahidəçilər bu səfərin əsas motivinin dinlərarası dialoq olduğunu söyləyirlər. Fransisk İslam dünyasının nümayəndələri ilə təmas üzrə onsuz da müəyyən birinciliyə malikdir. İki il əvvəl o, Ərəbistan yarımadasını ziyarət edən ilk Papa olub. Daha sonra BƏƏ-nin paytaxtı Əbu-Dabidəki tarixi görüş zamanı dinlərarası dialoqun təməl daşı olan “Sülh və dinc yanaşı yaşamaq uğrunda insan qardaşlığı haqqında” bəyannamə imzalanıb. Belə bir sənədin təşəbbüskarı Papa Fransisk ilə birlikdə ən qədim və ən böyük İslam Universiteti olan “Əl-Əzhər”in ali imamı Şeyx Əhməd ət-Teyib olub. İraqda Roma Katolik Kilsəsi rəhbərinin İraq şiələrinin mənəvi lideri ayətullah Əli Sistani ilə ilk görüşü olacaq. Görüşsonrası hər hansısa sənədin imzalanması istisna edilmir.

Roma Papası Fransiskin rəmzi bir məkanda - ölkənin cənubundakı müasir Ən-Nasiriya şəhərinin yaxınlığındakı şumerlərin qədim Ur şəhərinin vadisində böyük bir dinlərarası görüş planlaşdırılır.

Qeyd edək ki, bu, Roma Papasının pontifikatından bəri xaricə 33-cü səfəridir.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top