Lənkəranda cərrah-ginekoloq hamilə qadına dəhşət yaşatdı — Ailə faciəsi

KRİMİNAL 02 mar 2021, 10:27
Lənkəran Mərkəzi Rayon Xəstəxanasının cərrah-ginekoloqu vəzifəsində işləyən Qair İsayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Qair İsayev vəzifəli şəxs olmaqla işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib

Nəticədə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq edib.

Belə ki, Lənkəran Mərkəzi Rayon Xəstəxanasının baş həkiminin 6 yanvar 2014-cü il tarixli, 16 nömrəli əmrinə əsasən Lənkəran Mərkəzi Rayon Xəstəxanasının cərrah-ginekoloqu Qair İsayev vəzifəli şəxs olmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim mama-ginekoloqun nümunəvi vəzifə təlimatı”nın 7-ci bəndinin tələblərini kobud surətdə pozub.

Yəni 3 fevral 2020-ci il tarixdə, saat 09.15-də Lənkəran Mərkəzi Rayon Xəstəxanasının Perinatal Mərkəzinə “Hamiləlik II, 38-39 həftə; Baş gəlişi; FMA; Uşaqlıqda çapıq” diaqnozu ilə daxil olmuş Gülnar Babayevaya təyin edilmiş diaqnoza uyğun olaraq, yəni uşaqlıqda çapıq olduğu üçün doğuşun operativ yolla başa çatdırılmasına qərar verib, qanın ümumi analizindən başqa digər hər hansı bir laborator və instrumental müayinələrin aparılmasını təmin etməyib.

Hamiləliyin başa çatdırılmasında yalnız 18 yanvar 2020-ci il tarixdə digər klinikada “Medical Hospital” aparılmış transvaginal rəngli USM-ə əsaslanmaqla Gülnar Babayevanın üzərində “Kesar kəsiyi” cərrahiyyə əməliyyatı edib.

Əməliyyatdan sonra sonuncunun vəziyyəti ağırlaşıb və bu ağırlaşmada baş vermiş uşaqlıq qanaxmasının dayandırılması üçün o, tələb olunan təkrar operativ müdaxilə etməli olduğu halda işinə laqeyd münasibət göstərməklə öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək səhiyyə müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərini pozub.

Baş vermiş qanaxmanın mənbəyini düzgün qiymətləndirməyərək, qeyri-peşəkarlıq nümayiş etdirməklə tələb olunan əməliyyatı gecikdirib.

Kəskin qanaxma ilə ehtiyatsızlıqdan Gülnar Babayevanın ölümünə səbəb olaraq səhlənkarlıq edib.

İstintaq orqanı tərəfindən Qair İsayevin barəsində Cinayət Məcəlləsinin 314.2-ci (eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Lənkəran rayon Məhkəməsinin hökmü ilə Qair İsayev 3 il müddətinə azadlıqdan məhrum edilib. Ona bir il müddətə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilib, yəni dövlət orqanlarında həkim peşəsi fəaliyyəti ilə məşğul olma hüququndan məhrum olunub.

Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi Rauf Aağayev apelyasiya şikayəti verib. O, Lənkəran Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli hökmünün Qair İsayevə yuxarı həddə cəza təyin edilməsi ilə əlaqədar, yeni əsas cəza kimi ona 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının, əlavə cəza kimi 2 il 6 ay müddətə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzalarının təyin edilməsi, əlavə cəza təyin edilərkən Qair İsayevin konkret olaraq həkim peşəsi kimi cərrah-ginekoloq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməsinin müəyyən olunması ilə bağlı dəyişdirilməsini, iş materiallarında olan Qair İsayevə məxsus diplom və sertifikatların qanuniliyinin yoxlanılmasını xahiş edib.

Hökmdən narazı qalan Qair İsayev apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Şirvan Apelyasiya Məhkəməinin qərarı ilə zərərçəkmiş şəxsin apelyasiya şikayəti qismən təmin olunub.

Qair İsayevə birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş 1 il müddətə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yəni dövlət orqanlarında həkim peşəsi fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilmə cəzasının müddəti 2 ilədək artırılıb.

Hökm qalan hissədə dəyişdirilməyib, təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin olunmayıb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top