"Savaşa hazırlıq gedir" — ŞOK AÇIQLAMA


MÜSAHİBƏ 24 fev 2021, 22:53
“Torpaqlarının işğal altında qalması hər bir ölkənin inkişafı üçün ciddi maneələr yaratmaqla yanaşı, həm də ölkənin siyasi və iqtisadi sistemlərini dayanıqsız vəziyyətə gətirir. Ona görə də müəyyən bir zamanda ərazi bütövlüyü probleminin həllinin ölkə üçün prioritetə çevrilməsi baş verir. Belə görünür ki, Ukrayna üçün həmin zaman yaxınlaşır”.

Demokrat.az
politoloq Ərəstun Oruclunun teleqraf.com-a müsahibəsini təqdim edir:

- Ermənistan Müdafiə naziri Vaqarşak Arutyunyan İran və Türkiyə ilə yanaşı, Azərbaycanla sərhədlərin də rusiyalı sərhədçilər tərəfindən mühafizə olunacağını açıqladı. Sizcə, bu addım nəyə hesablanıb?

- Ermənistan faktiki olaraq dövlət kimi iflasa uğrayıb və radikal erməni müxalif siyasətçilər nə qədər yeni müharibə barədə danışsalar da, bunun üçün resurslarının olmadığını və olmayacağını yaxşı bilirlər. Yəni bunların hamısı sadəcə erməni cəmiyyətinin müharibənin nəticələrindən qəzəbli hissəsinin dəstəyini qazanmağa hesablanmış populist ritorikadır. Hakimiyyətin isə bu haqda məlumatı daha səhihdir, ölkəyə görə məsuliyyət yükü də çoxdur, ona görə də Paşinyan hökumətinin nümayəndələri öz açıqlama və addımlarında daha realist görünürlər. Digər tərəfdən, Rusiya müxalifəti Paşinyana qarşı səfərbər etməklə onu küncə sıxmağa davam edir.
 
Hökumət yaranmış şəraitdə özünü xilas etmək yolunu ölkənin suverenliyinin olan-qalan hissəsini də Rusiyaya güzəştə getməkdə görür. Ermənistanın Rusiyaya təklif edə biləcəyi başqa bir şey də qalmayıb. Digər tərəfdən də Ermənistan bütün sərhədlərini Rusiyanın nəzarətinə verməyi özünün təhlükəsizliyinə təminat hesab edir. Rusiyanın bu məsələdə marağı isə yaxın və uzaq gələcəkdə Ermənistan ərazisindən keçəcək tranzitə nəzarət etməkdir. Digər tərəfdən, bu cür imkanlar əldə edən Rusiya Ermənistanı birdəfəlik özününküləşdirmiş olacaq.

- Ermənistan daxilində ictimai-siyasi gərginlik hökm sürür, Baş nazir Nikol Paşinyan müxalifətin müqaviməti qarşısındadır. Amma böyük iddialarının əksinə olaraq, meydana lazımi sayda elektorat çıxarmaq mümkün olmur. Bunu necə izah etmək olar: erməni cəmiyyəti məğlubiyyətlə barışıb, yoxsa…?

- Mən bunun səbəblərinin çox olduğunu düşünürəm, amma zənnimcə, əsasən aşağıdakı 3 səbəbdən Paşinyana qarşı birləşmiş müxalifət uğur qazana bilmir. Birinci səbəb odur ki, Rusiyadan gözlədikləri dəstəyi ala bilməyib darmadağın edilən Ermənistanın əhalisinin böyük bir hissəsi bəlkə də Azərbaycandan daha çox Rusiyaya qəzəblidir. Bu səbəbdən də Moskvanın dəstəklədiyi müxalifətə etimad minimuma enib.

İkinci səbəb, fikrimcə, Paşinyanın hər bir halda xalqın iradəsilə hakimiyyətə gəlməsi amilinin rol oynamasıdır. Bir növ xalq öz seçimi olan hökumətə qarşı getmək istəmir və üstəlik də cəmiyyətdə səfərbərlik, mütəşəkkillik yoxdur. Mənim bir sözüm var ki, qələbənin yüz atası çıxar, amma məğlubiyyətin bir yetim balası da tapılmaz. Bu ifadə bugünkü Ermənistan reallığını tam əks etdirir, çünki indi siyasi fəaliyyətə qoşulmaq, kiməsə dəstək vermək baş verənlərə şərik çıxmaq anlamına gəlir, bunu isə artıq heç kim istəmir. Üstəlik də məğlubiyyət bir növ şapalaq kimidir, dəyəndə ayıldır, normal hislərə qaytarır. Ermənistana dəyən isə çox ağır şapalaq oldu.

Üçüncü səbəb də erməni müxalifətinin əsas liderlərinin hakimiyyət olimpindən, keçmiş korrupsionerlərdən ibarət olmasıdır. Xalq onlardan artıq doyub. Qaldı cəmiyyətin məğlubiyyətlə barışması məsələsinə, reallıq elə bir şeydir ki, onunla tədricən barışmalı olursan. Ermənistan cəmiyyəti də asta-asta həmin reallığa yaxınlaşır.

- Sabiq prezidentlər - Serj Sərkisyan və Robert Köçəryan fəallaşıb. Hətta Köçəryan qələbəsinə əmin olduğunu dilə gətirir. Bu fəallaşma planlı şəkildə baş verirmi?

- Zənnimcə, baş verənlərin həm spontan, həm də planlı tərəfləri var. Belə ki, hərbi uğursuzluq daim siyasi opponentlər üçün hakimiyyətin devrilməsi imkanı yaradır və onlar da bu şansı əldən verməmək üçün hərəkətə keçirlər. Digər tərəfdən də xaricdən dəstək alan müxalif qruplar üçün bu, əlavə stimul olur. Ermənistandakı müxalifətin müxtəlif qruplarının Moskvadakı müxtəlif hakimiyyət qanadlarına bağlılığı heç kəsə sirr deyil. Belə ki, Robert Köçəryan daha çox Kremlə, Serj Sərkisyan isə Rusiya hakimiyyətinin hərbi qanadına bağlıdır. Moskvadakı hakimiyyətdaxili qruplar arasında gedən mübarizənin əsas şərtlərindən biri də əyalətlərdə mövqeləri möhkəmləndirməkdən ibarətdir. Bu mənada, Ermənistandakı aktivləşmənin həm də Moskvadan stimullaşdırıldığını demək olar.

Məsələn, bu günlərdə Kremlə bağlı “Sputnik” agentliyi keçirdiyi “sorğuda” Robert Köçəryanın populyarlığının 42%, Serj Sərkisyanın isə təxminən 0.5% olduğunu göstərmişdi. Zənnimcə, əlavə şərhə ehtiyac qalmır.

- Gürcüstanda baş verən son olaylar haqda fikriniz nədir, Baş nazir Georgi Qaxariyanın istefasının arxasında hansı səbəblər durur?

- Baş nazir Georgi Qaxariyanın istefası Gürcüstanda yetişən siyasi böhranın bir növ “ilk qaranquşu” idi, onun ardınca müxalifət liderinin həbs olunması isə ölkədəki ictimai-siyasi böhranın göründüyündən daha dərin olmasına işarədir. Bu da gözlənilən idi, çünki Cənubi Qafqaza nəzarət etmək istəyən geosiyasi amilin planına görə, ictimai-siyasi böhran bütün regionu əhatə etməlidir. Əks halda yekun nəticə əldə olunmayacaq. Nəqliyyat dəhlizlərinə, yollara və digər kommunikasiyalara nəzarət yalnız hər 3 ölkədəki siyasi hakimiyyətlərin loyallığı sayəsində mümkündür.

Hakim “Gürcü arzusu” Rusiyaya loyallıq göstərərək, eyni zamanda da NATO və Avropa Birliyinə inteqrasiya olunmaqla bir növ balanslı xarici siyasət yürütməyə çalışırdı. Bu, bir müddət mümkün görünsə də, geosiyasi mübarizənin kəskinləşdiyi şəraitdə belə siyasi doktrina məğlubiyyətə məhkumdur. Baş verən də budur. Belə görünür ki, indi qonşu ölkədə Rusiyaya birmənalı tərəfdaş hökumət qurulmalıdır, amma Gürcüstan cəmiyyətindəki əhvalla buna nail olmaq bir o qədər də asan olmayacaq. İndi Qərbin və xüsusilə də yeni ABŞ administrasiyasının mövqeyindən çox şey asılıdır. Mövqe isə hələlik müxalifətə basqılara görə ayrı-ayrı ehtiyatlı bəyanatlardan ibarətdir.
 
- Üçtərəfli Təmas Qrupundakı Ukrayna nümayəndə heyətinin təmsilçisi Aleksey Arestoviç işğal altında olan Donbasda vəziyyətin yazda kəskinləşəcəyinin qaçılmaz olduğunu bildirib. Sizcə, yaxın gələcəkdə belə bir kəskinləşmə gözləniləndirmi?

- Bəli, gözləniləndir və həm Ukraynada, həm də Rusiyada buna ciddi hazırlıqların getdiyi görünür. Ukrayna hökuməti Rusiyanın ölkənin daxilindəki informasiya resurslarını sıradan çıxarmaqla yanaşı, həm də müəyyən hərbi hazırlıqlar həyata keçirir. Təcrübə göstərir ki, belə hazırlıqlar konkret nəticələrə hesablanaraq aparılır. Yəni ölkənin Moskvanın nəzarətində olan ərazilərini azad etməyə... Azərbaycanın Qarabağdakı hərbi qələbəsi bu mənada Ukrayna üçün stimul yaratdı və Kiyev də Türkiyə ilə siyasi və hərbi əlaqələrini gücləndirməyə başladı. Təbii ki, Moskvada da bunu yaxşı anlayırlar və yəqin ki, buna hazırlaşırlar da. Odur ki, vəziyyətin kəskinləşəcəyi gözləniləndir.

Torpaqlarının işğal altında qalması hər bir ölkənin inkişafı üçün ciddi maneələr yaratmaqla yanaşı, həm də ölkənin siyasi və iqtisadi sistemlərini dayanıqsız vəziyyətə gətirir. Ona görə də müəyyən bir zamanda ərazi bütövlüyü probleminin həllinin ölkə üçün prioritetə çevrilməsi baş verir. Belə görünür ki, Ukrayna üçün həmin zaman yaxınlaşır.

- ABŞ Prezidenti Co Bayden Rusiyaya qarşı ilk mesajlarını verdi. Rusiyanın Çindən daha təhlükəli olduğunu, amma bu kimi təhdidedici fəaliyyətlərinə imkan verməyəcəyini dedi. Bayden Rusiyanı hansı şəkildə dayandırmağı düşünür?

- Bu gün Bayden administrasiyasının Rusiya siyasətinin konturlarının nədən ibarət olduğunu demək çətindir, amma həmin siyasətin sərt olacağını artıq Moskvada da anlayırlar. Ona görə də Kreml öz plan və niyyətlərini qısa zamanda maksimum reallaşdırmağa çalışır. Moskvada onu da yaxşı anlayırlar ki, yeni ABŞ administrasiyası öz xarici siyasət fəaliyyətini Donald Trampın hakimiyyəti dövründə zədələnmiş ABŞ-Avropa münasibətlərinin bərpasından heç də təsadüfən başlamayıb. Belə bir bütövləşmə həm də Rusiyaya qarşı birgə fəaliyyətin olacağına işarədir. Bu da Rusiyanın ABŞ-la Avropa Birliyi arasında manevr imkanlarını kəskin şəkildə məhdudlaşdıracaq.

Qərb bütövləşəndə və bunun nəticəsi olaraq Moskva üçün meydan daralanda isə Rusiya üçün çətin dönəm başlayacaq. Amma bütün bu işlər hələ ki, müəyyən zaman tələb edəcək, odur ki, dediyim kimi Rusiya öz təsir dairəsini maksimum genişləndirməklə Qərbi fakt qarşısında qoymaq istəyir. Bu, mövcud geosiyasi reallıqda bəlkə də yeganə düzgün siyasi taktika olmaqla yanaşı, həm də yetərincə risklidir, çünki Rusiyanı bütün sərhədləri boyu üzücü qarşıdurmalara çəkə bilər. Amma görünən həm də budur ki, Moskvanın başqa alternativi yoxdur.  
Demokrat.az
Loading...


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top