Baş redaktor: "İki kəlməni ifadə edə bilməyənlər informasiya yaymaqla məşğuldur"

SİYASƏT 24 fev 2021, 23:06
Jurnalistika bir peşədir. Burada vətəndaş jurnalistikasından söhbət gedə bilməz. Vətəndaş həkimliyi, müəllimliyi, fizikaçılığı, mühəndisliyi olmadığı kimi jurnalistikası da olmamalıdır. Bu bir peşədir. Konstitusiyamızda təsbit olunub ki, istənilən vətəndaş informasiya əldə etmək və yaymaq hüququna malikdir. Bu bir başqa, vətəndaş jurnalistikası və real jurnalist peşəsi isə başqa anlayışlardır. Ona görə də, vətəndaş jurnalistikası anlayışını da qəbul etmirəm. Çünki bu keyfiyyətli və peşəkar bir yanaşma ola bilməz. Hər peşənin öz qaydaları, çərçivəsi var. Bunu bilmədikdə hər kəs öz bildiyi kimi informasiyanı ötürür. Bu isə heç də hər zaman doğru düzgün ola bilmir. Kimsə, havanın çovğunundan, filan çəkiliş edib paylaşırsa bu jurnalistika demək deyil.

Demokrat.az
xəbər verir ki, bunu Teleqraf.com-a “Ayna” və “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı deyib.

Baş redaktor hər kəsin lazımı səviyyədə xəbər hazırlayıb təqdim edə bilmək qabiliyyətinə toxunub:

“İki kəlməni bir-birinin arxasınca ifadə edə bilməyən adamlar çox vaxt informasiya yaymaqla məşğul olur. Bunun nəticəsində peşəkar jurnalistika geridə qalır. Peşəkar jurnalistikanın da günahı ondadır ki, vətəndaşın dediyi həqiqətləri demir. Postsovet məkanında ümumiyyətlə jurnalistikaya, sözə, jurnalistin fəaliyyətinə təbliğat və təşviqat kimi baxılırdı. Bu da jurnalistikanın ən birinci düşmənidir. Jurnalist təbliğat, təşviqat aparmalı deyil. Olanları, həqiqəti düzgün deməlidir. Jurnalsitikanın publisistika, reportaj, müsahibə kimi janrları mövcuddur. Ona görə də, təsadüf adamlar heç vaxt peşəkarcasına müsahibə ala, publisist yazı yaza bilməz. Ən yaxşı halda kamera ilə reportaja bənzər bir şey hazırlaya bilər. Bundan artığını professional jurnalist bacara bilər”.

Elçin Şıxlı bu gün adi jurnalist qaydalarının yerinə yetirilmədiyini diqqətə çatdırıb: “Jurnalistikada müasir çağırışlar ondan ibarətdir ki, doğru düzgün informasiya vermək bacarığı olsun. İnsanlara vaxtında, hadisələrin mahiyyətini düzgün izah edib, çatdırmaq şərtdir. Bunu etmək olmursa, demək problemlər var”.

Media mütəxəsisinin fikrincə, Azərbaycanda istənilən şəxs liberal və demokratik qaydada media təsisatı yarada bilər:

”Amma bunun nəticəsində həmin adam jurnalistdirmi? Yüzlərlə saytda çalışanların jurnalistikadan nə dərəcədə xəbəri var? Bu ayrı mövzudur. Türkiyədə bizə yaxın model kimi orada vahid jurnalist kartı (basın kartı) deyilən sistem mövcuddur. Bunu əldə etmək üçün hansısa media strukturuna üzv olunmalıdır. Ölkəmizdə də vahid jurnalist vəsiqəsi ilə bağlı müzakirələr apara bilərik. Amma bundan sonra müəyyən imtiyazlar yaranır. Ona görə də, belə kriteryalar müəyyən olunmalıdır. Bundan sonra vəsiqələrin kimə və necə verilməsi müzakirə oluna bilər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top