Çak Norris, Ceki Çan və Van Dammın Bakıya gəlişi gözlənilir — Karatenin yekun tədbirində ŞOK SÜRPRİZ

İDMAN 20 fev 2021, 16:00
Azərbaycan Karate-do Federasiyaları Assosiasiyası (AKFA) 2020-ci ilin yekunlarına həsr olunmuş tədbir keçirib.  

Demokrat.az
xəbər verir ki, tam fərqli formatda baş tutan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Daha sonra tədbir iştirakçılarına koronavirus səbəbindən ilin yekun tədbirinin bir qədər gec düzənləndiyi diqqətə çatdırılıb. Məhz COVID-19 pandemiyasına görə, 2020-ci ilin əsas yarışlarının ləğv olunduğu, bununla belə, federasiyanın “Master Cup” beynəlxalq turnirində geniş heyətlə təmsil edilərək, yarışı uğurla başa vurduğu qeyd olunub. Keçən il dünyada ilk dəfə keçirilmiş “BLACK BELT-1” layihəsinin böyük ajiotaj yaratdığı, həmçinin idmançıların bu layihədən yetərincə faydalandığı deyilib. Layihənin Qran-pri mərhələsində Azərbaycanın bir çox idman növündə Olimpiya mükafatçıları, Dünya və Avropa çempionu kimi ən titullu idmançıların dəvət olunduğu açıqlanıb. Habelə, ötən il federasiya tərəfindən 5 Mart – Bədən Tərbiyəsi və İdman gününün xüsusi qeyd olunduğu və idmançılara mükafat təqdim edildiyi dilə gətirilib. 

Baş katib Nağı Mehdiyev, Arif Məmmədovun rəhbərliyi ilə son beş ildə görülən işlərdən, o cümlədən federasiyanın idmançılara, məşqçilərə və hakimlərə göstərdiyi diqqətdən danışıb. O, idmana və idmançıya heç bir federasiyada bu dərəcədə diqqət və dəstək mövcud olmadığını bildirib. 

AKFA-nın İdarə Heyətinin üzvü, Dünya və Avropa çempionu Arif Məmmədov ötən ildə federasiyanın gərgin iş prosesinə və fəaliyyətinə nəzər salıb. A.Məmmədov, nitqinin əvvəlində “Master Cup” beynəlxalq turnirində uğurlu çıxışdan bəhs edib:

“2020-ci ildə pandemiyaya görə, yalnız bir beynəlxalq yarışda iştirak edə bildik. Birdəki tarixi və unudulmaz “BLACK BELT” layihəsi ilə idmançılarımızı sevindirə bildik. İlə nəzər salanda, 63 idmançı medala sahib olmuşdur. Karateçilərimiz 27 qızıl, 20 gümüş , 16 bürünc medal qazanmışdır.  Reytinqdə 8 məşqçi, 12 qız idmançısı, 36 oğlan idmançının adı yer almışdır”.

Daha sonra o, fikirlərini “BLACK BELT-1” layihəsinə yönəldib. Belə ki, bu layihənin sərt karantin dövründə karateçilərin idmandan ayrı qalmaması üçün düşünüldüyü və həyata keçirildiyi bildirilib. Layihənin analoqu olmadığını vurğulayan Məmmədov, mediaya eksklüziv açıqlamasında 2021-ci ildə idmançılarımızı sürpriz gözlədiyini qeyd edib. Əlavə edib ki, layihənin davamı olaraq  “BLACK BELT-2”-nin reallaşacaq. Lakin builki layihədə dünyanın ən tanınmış kinoulduzları və idman ustaları kimi tanınan Çak Norris, Ceki Çan, Jan-Klod Van Dammın layihəyə qatılması ilə bağlı çalışacaqlarını deyib.  

O, AKFA prezidenti, Milli Məclisin üzvü Ülvi Quliyevin fikirlərini tədbir iştirakçılarına çatdırıb: “Çox təəssüf ki, AKFA-nın prezidenti Ülvi Quliyev bugünkü tədbirimizdə iştirak edə bilmir. Ülvi müəllim, uğur qazanan və tədbirdə iştirak edən hər bir kəsə onun  təbriklərini çatdırmağımı xahiş etdi. Həmçinin, indiki pandemiya dövründə hər bir kəsi sağlamlığı ilə bağlı özünü qorumağa çağırdı”.

Tədbirin gedişində söz alan məşqçilər federasiya rəhbərliyinin onlara və idmançılara göstərdiyi dəstəyə görə öz təşəkkürlərini xoş sözlərlə ifadə ediblər. Onlar, son beş il ərzində mənəvi və maddi dəstəyi hər zaman hiss etdiklərini xüsusi vurğulayıblar. Xüsusilə, keçən il pandemiya dövründə idmançı və məşqçilərə göstərilmiş maddi yardımlar qeyd olunub və buna görə çıxış edənlər Arif Məmmədova öz minnətdarlıqlarını bildiriblər.

Ardından il ərzində fərqlənmiş idmançı və məşqçilər səhnəyə dəvət olunub. Onlara fəxri fərman və pul mükafatları təqdim edilib.

İdmançılar:
Marat Semixov
Rəşad Mahmudov
Ülvi Həsənov
Davud Muradov 
Kamil Kərimli
Əli Məmmədzadə
Orxan Musayev
Xədicə Mürsəlova
Mədinə Kazımova

Məşqçilər:
Elnurə Ramazanova
Əli Rəcəbov
Rüstəm Əkbərov
Orxan Şabanov
Namiq Pirverdiyev
Elşən Xamoyev

Həmçinin, “ilin ən yaxşıları” nominasiyasında qalib və mükafatçılar müəyyənləşib:

“İlin ən yaxşı oğlan idmançısı”   
I yer – Hüseyn Məmmədov 
II yer – Amil Abbaslı
III yer – Raul Əliyev  

“İlin ən yaxşı qız idmançısı”   
I yer – Humay Həsənli 
II yer – Fidan Rüstəmova
III yer – Alika Semixova 

“İlin ən yaxşı klubu”   
I yer – Mərkəzi Karate Məktəbi
II yer – “Günəş” klubu –  Azər Aslanov 
III yer – “Samuray” klubu  –  Elmir İsayev

Aşağıda qeyd olunmuş şəxslərə isə Arif Məmmədov tərəfindən “Azərbaycan Respublikasının idman ustası” fəxri adları təqdim edilib:

Tural Ələkbərli  
Pənah  Abdullayev
Vüsal Kamallı

Sonda fərqlənən idmançılar və məşqçilərlə xatirə fotoları çəkilib.  









Zaur
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top