Piylənmənin qarşısını alan ən effektli dərman tapıldı

MARAQLI 11 fev 2021, 20:25
ABŞ-ın Şimal-Qərb Universitetinin mütəxəssisləri diabet xəstələri üçün nəzərdə tutulan semaqlutid preparatının piylənmənin qarşısını almaq üçün son dərəcə təsirli vasitə olduğunu müəyyən ediblər.

Demokrat.az xəbər verir ki, alimlər uğurlarından “New England Journal of Medicine” jurnalındakı məqalədə bəhs ediblər.

Tədqiqatda həftəlik semaqlutid və ya plasebo qəbul edən təxminən 2 min piylənmədən əziyyət çəkən və şəkərli diabet xəstəsi olmayan şəxs iştirak edib. 68 həftə ərzində birinci qrup bədən çəkisinin təxminən 15 faizini, ikincisi isə yalnız 2,4 faizini itirib. Semaqlutid qəbul edən iştirakçıların üçdə birindən çoxu bədən kütləsinin 20 %-dən çoxunu itirib. Həmçinin bir çox pasiyentdə diabet və diabetöncəsi əlamətlər yox olub.

Tədqiqatçılar vurğulayır ki, bu nəticələr piylənmə əleyhinə olan digər dərmanlardan xeyli yaxşıdır. İndiyə qədər bu cür müvəffəqiyyətlər yalnız mədənin kiçildilməsi əməliyyatının köməyi ilə əldə edilmişdi. Bundan əlavə, yalnız az sayda iştirakçı arıqlamaq üçün qəbul edilən dərmanların səbəb olduğu mədə-bağırsaq traktı ilə qarşılaşıb.

Hazırda bu baxımdan əsas problem müalicə xərcləridir; şəkərli diabet xəstələri üçün bir aylıq semaqlutid kursu təxminən 1 000 ABŞ dollarına başa gəlir, arıqlamaq üçün isə daha yüksək dozalardan istifadə olunur və bu da xərcləri artırır. Bununla belə, dərmanın inanılmaz effektivliyini nəzərə alaraq, sığorta şirkətlərinin xərcləri ödəyəcəyi ehtimalı da var.

Semaqlutid o cümlədən qlükoza konsentrasiyasına və iştaha təsir edən qlükaqona bənzər peptid-1 hormonunu aktivləşdirir. O, şəkər səviyyəsini daha yaxşı idarə etmək üçün 2-ci tip diabetli insanlara təyin edilir.(report.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top