Səfir: “Vətən müharibəsindəki qalibiyyət nümunəsi Ukraynaya da təsir edib” — MÜSAHİBƏ

MÜSAHİBƏ 11 fev 2021, 14:26
"Yaz-yay aylarında pandemiyanın yaratdığı gərgin vəziyyət səngiyəcək və Azərbaycanla Ukraynanın müvafiq qurumları hərtərəfli əlaqələrin yüksələn xətlə inkişaf etməsinə yeni töhfələr verəcək”.

Demokrat.az xəbər verir ki, bunu "Sfera.az" saytına müsahibəsində Ukraynanın sabiq səfiri Azər Xudiyev bildirib. Eks səfir iki ölkə arasında əməkdaşlıq və digər məsələlər barədə də sualları cavablandırıb.

Sözügedən müsahibəni təqdim edirik:

- Azər müəllim, hazırda Ukrayna və Azərbaycan münasibətləri hansı səviyyədədir?

- Öncə onu deyim ki, mən artıq bir ilə yaxındır ki, Azərbaycanın Ukraynadakı səfiri vəzifəsindən geri çağırılmışam. Bu səbəbdən, ikitərəfli münasibətlərin detalları barədə dolğun informasiyaya malik deyiləm. Lakin müşahidələrimə görə, istər siyasi, istərsə də diplomatik münasibətlərdə hər şey normal məcrada davam edir. Bununla yanaşı, qarşılıqlı əlaqələrdə əvvəlki dinamika özünü göstərmir. Bu da bütün dünyanı bürümüş pandemiyadan, ölkələr arasında sərhədlərin bağlı olmasından və digər obyektiv səbəblərdən qaynaqlanan vəziyyətdir.

- Sizcə Qarabağ probleminin həllindən sonra hər iki dövlət arasında siyasi-iqtisadi əlaqələr daha geniş vüsət ala bilər?

- Az öncə qeyd etdiyim kimi, bir sıra səbəblər və reallıqlar çərçivəsində iki ölkə arasındakı siyasi və iqtisadi əlaqələrdə müəyyən geriləmə hiss olunur. Bu özünü xüsusilə iqtisadi sahədə göstərir ki, o da statistik göstəricilərdə əks olunub. Eyni zamanda, bu, belə bir vəziyyətin uzun müddət davam edəcəyi anlamına da gəlməz. Zənnimcə, yaz-yay aylarında pandemiyanın yaratdığı gərgin vəziyyət səngiyəcək və Azərbaycanla Ukraynanın müvafiq qurumları hərtərəfli əlaqələrin yüksələn xətlə inkişaf etməsinə yeni töhfələr verəcək. Onu da vurğulayım ki, bütün bunları həyata keçirmək üçün hər iki ölkənin dövlət qurumları konkret investisiya layihələri və proqramları hazırlayaraq Azərbaycan və Ukraynanın geniş biznes çevrələrinə təqdim etməli və bu prosesə hərtərəfli dəstək verilməlidir.

- Son illər hakimiyyətdə kadr islahatlarının getdiyini yəqin ki, siz də müşahidə edirsiniz. Yeni təyinatlar barədə nə deyə bilərsiniz?

- Bu gün Azərbaycanda doğurdan da, siyasi, sosial-iqtisadi və kadr sahəsində geniş islahatlar həyata keçirilir. Buna səbəb müasir dünyamızın yeni çağırışları və geosiyasi zərurətin yaratdığı vəziyyətdir. Bu baxımdan dövlət başçısı tərəfindən kadr sahəsində aparılan islahatların son dərəcə səmərəli olacağına inanıram. Müasir düşüncə tərzinə, analitik təfəkkürə və peşəkarlığa malik olan kadrların müxtəlif məsul vəzifələrə təyin edilməsi dövlətçiliyimiz üçün çox faydalı olacağını deyə bilərəm.

- Həm Azərbaycan, həm də Ukrayna xarici təcavüzə məruz qalan ölkələrdir. Sizcə Azərbaycan nümunəsi hər hansı formada Ukraynaya da təsir edə bilərmi?

- Bəli, hər iki ölkə ərazi bütövlüyünün pozulması problemi ilə üzləşən ölkələrdir. Bu məsələ ilə bağlı, səhv etmirəmsə, "bizim.media” portalına verdiyim müsahibədə fikir bildirmişəm. Onun bir sıra aspektini analiz etmişəm. İndi qısaca onu vurğulayım ki, Azərbaycanın 44 günlük haqlı savaşında əldə etdiyi qiymətli təcrübəni Ukrayna və bir sıra başqa dövlətlər geniş şəkildə öyrənirlər. Yəni, belə çıxır ki, Azərbaycan nümunəsi artıq Ukraynaya təsir edib.

- Ukraynada Azərbaycan diasporunun fəaliyyət istiqamətlərini necə qiymətləndirirsiniz?

- Diasporla bağlı mənim həmişə aydın və birmənalı mövqeyim olub. Bir zamanlar Ukraynada mütəşəkkil ictimai birlik mövcud idi. Lakin 2000-ci illərin ortalarından bu təşkilat müxtəlif səbəblərdən fəaliyyətini zəiflətdi və demək olar ki, fəaliyyətsiz vəziyyətə düşdü. İndi ancaq öz piarı ilə məşğul olur. Hazırda Ukraynada 120-dən çox Azərbaycan ictimai təşkilatları mövcuddur. Ancaq onlar koordinasiyalı hərəkət edə bilmirlər. Buna görə fəaliyyətlərinin faydalılıq əmsalı çox aşağıdır. Fikrimcə, bizim diaspor sistemli və konseptual təşkilatlanma modelinə malik deyil. Onlar demək olar ki, dağınıq halda fəaliyyət göstərirlər və hansısa vahid ali məqsədə istiqamətləndirilməyiblər. Bu da məqbul sayıla bilməz.

Buna bariz nümunə kimi İkinci Qarabağ Savaşında bizim postsovet məkanında fəaliyyət göstərən diasporların erməni diasporlarına nisbətən informasiya və təşkilati məsələlərdə oldquca zəif təsir bağışlaması ola bilər. Onu da deyim ki, diaspor təşkilatları səfirliyin keçirdiyi tədbirlərlə kifayətlənməməlidirlər. Onlar əsas olaraq özlərinin müstəqil şəkildə qəbul etdikləri fəaliyyət proqramları üzrə çalışmalıdırlar. Ancaq, təəssüf ki, mən səfirlik dövrümdə bunların heç birini görə bilmədim. Zənnimcə, diaspor təşkilatlarımız ancaq Novruz və digər şənlik tədbirləri ilə kifayətlənməməlidirlər. Onlar yaşadıqları ölkədəki digər diaspor və beynəlxalq təşkilatlarla sıx əlaqə saxlayıb əməkdaşlıq etməlidirlər. Erməni dispor təşkilatları məhz belə fəaliyyət göstərirlər.

Əgər özünü diaspor adlandıran təşkilatlarımızdan soruşsanız ki, hansı beynəlxalq və ya regional təşkilatlarda akkreditə olunmusunuz, əminəm ki, müsbət cavab ala bilməyəcəksiniz. Ona görə də bir daha qeyd etmək istərdim ki, diaspor təşkilatları konseptual şəkildə fəaliyyət göstərməlidirlər. Bu halda nələrəsə nail olmaq mümkündür. Azərbaycanda indi hər sahədə geniş islahatlar həyata keçirilir. Ümid edirəm ki, bu sahəyə də diqqət yetirilər və diasporla bağlı yeni strategiya hazırlanar. Fundamental bir konsepsiya hazırlanmalıdır. Orada hər məqam dəqiq və aydın ifadə olunmalıdır ki, məqsəd və vəzifələr də aydın olsun.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top