Rəsul Quliyev açıqlamalarında Ramiz Mehdiyevin adını niyə çəkmir? — MÜSAHİBƏ


MÜSAHİBƏ 09 fev 2021, 15:26
“Azərbaycana qayıda da bilərəm, qayıtmaya da”

Azərbaycanın sabiq spikeri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyevin Pravda.az-a müsahibəsi:

- 44 günlük Vətən müharibəsi başa çatıb. Müharibədən sonrakı mərhələni necə qiymətləndirirsiniz?

- Bu 44 gün Azərbaycan tarixinə qızıl həriflərlə yazılacaq. Vətən müharibəsi tarixdə zaman keçdikcə əsl obyektiv qiymətini alacaq. Müharibədən artıq 3 ay keçir. Bu 3 ay ərzində bir çox mühüm hadisələr baş verib. Azərbaycan ordusunun Şuşada güclü şəkildə məskunlaşması, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Şuşaya səfəri - bu, çox riskli səfər idi - "Qarabağ Azərbaycandır!" şüarının ən güclü təsdiqidir. Füzulidən Şuşaya beynəlxalq standartlara uyğun maqistral yolun çəkilməsi, beynəlxalq aeroportun inşasına başlanılması və sair işlərin görülməsi çox əlamətdar hadisələrdir. Bu qələbənin təkcə Azərbaycanın torpaqlarını işğaldan azad etməsi kimi qəbul etmək doğru olmaz. Bu, Azərbaycanın müstəqilliyini təsdiq etməsi deməkdir.

- Hazırda bəzi siyasətçilər bildirirlər ki ki, müharibə sona qədər aparmalı, Xankəndi də qaytarılmalı idi. Sizcə, bu mümkün idimi?

- Əlbəttə, müharibə Xankəndində bitsə idi, bizim üçün daha önəmli olardı. Ancaq Azərbaycanla Ermənistanın apardığı müharibəyə izolyasiyada baxmaq olmaz. Rusiya Federasiyasının özünə məxsus anormal siyasəti var və imperiya təfəkkürlü Vladimir Putin Ermənistanın təslim müqaviləsinə kənarda izləyici kimi dayanmaq fikrində deyildi. Putin Paşinyana nifrət edir, çünki Paşinyan onun tələblərinin heç birini yerinə yetirmir. Putinin "Köçəryanı həbs etmə!" tələbinə Paşinyan məhəl qoymadı. "Qərblə Rusiyanın əleyhinə oynamağa cəsarət etmə!" tələbinə Paşinyan əməl etmədi. Ona görə də Ermənistanın müharibədə məğlub duruma düşməsindən istifadə edərək Paşinyanı siyasi hakimiyyətdən kənarlaşdırmaq istəyirdi. Buna paralel olaraq "sülhməramlı" qüvvələrini yuxarı Qarabağa yeritməklə Azərbaycanı həmişə özündən asılı vəziyyətdə saxlamaqda onun planına daxil idi. Yadınızdadırsa, Putinin "sülhməramlı" qüvvələri əvvəlcədən hazırlanmışdı. Müqaviləyə imza atıldıqdan bir neçə saat sonra Rusiya Federasiyasının silahlı qüvvələri Yerevana və növbəti gün Xankəndiyə göndərildi. Rusiya Paşinyanın təslimçilik müqaviləsinə imza atması ilə axırına çatacağına 100 faiz əmin idi. O artıq Köçəryanı hökümətin başında görürdü. Ancaq birinci gün təşkil olunan anti-Paşinyan mitinqi ermənilərin onu yıxmaq istəmədiyini göstərdi. Ancaq Putin bu fikirindən dönməyib. Avropa İttifaqının xarici siyasət rəhbəri bu günlərdə Moskvada Lavrovla görüşdü. Sonra Lavrovun bəyanatı həyasızlığın ifrat formasıdır. O, "Rusiya Federasiyasının qonşu ölkələri Rusiyanın maraqları çərçivəsindədir və siz bu işə qarışmamalısınız" kimi bəyanatın müəllifi oldu. Təsəvvür edirsiniz, Putin 3 baltikyanı ölkədən başqa digər qonşu ölkələrin hamısının "onların dedikləri ilə oturub-durmalıdır" açıqlamasını Lavrovun dili ilə rəsmi olaraq bəyan etdi. Müharibəni aparan Prezident Əliyevin qərar qəbul etməsi çox mürəkkəb idi. Müqavilə bağlanmamışdan öncə, Rusiya Federasiyasının hərbi vertalyotunu Naxçıvanla sərhəddə vurulmasını təşkil etməklə, Rusiya "artıq istədiyim vaxt müharibəyə qarışa bilərəm" mesajını Azərbaycana göndərmiş oldu. Prezident İlham Əliyev çox ağır, məsuliyyətli və tarixi qərar qəbul etməli idi. Azərbaycanın faktiki azad edilməmiş 3 böyük rayonu qalmışdı. Ən güclü müdafiə istehkamları, ən çox minalanmış, ən güclü silahlı qüvvələri yerləşdirilmiş Ağdam, ən böyük əraziyə malik və ermənilərin məskunlaşdırıldığı Kəlbəcər və Laçın rayonları. Bu rayonların azad edilməsi minlərlə əsgərimizi itirməklə mümkün ola bilərdi. Rusiyanın parallel özünü necə aparacağı da məlum deyildi. Ona görə Prezident müqavilənin bağlanması variantını seçdi. Fikrimcə, bu, düzgün və zamanında hesablanmış addım idi. Əllərindən heç bir iş gəlməyən, sadə analiz etmə bacarığı olmayan, kənardan yekə-yekə danışanlara məyus olmaqdan başqa bir fikir söyləyə bilmərəm.

- Rusiya sülhməramlı kontingenti Qarabağdadır, onların bəzi hallarda hərəkətləri xalqda narazılıq yaradır. Belə olan halda, Azərbaycan hansı addımları atmalıdır?

- Ümumiyyətlə, "sülhməramlı" qüvvələrin Qarabağda olmasının əleyhinəyəm. Bu qüvvələr özlərini o regionun (balaca olsa da) sahibi kimi aparırlar. Müxtəlif yollarla ora ermənilərin gəlməsini təşkil edirlər. Ermənilərə Ermənistanda olan şəraitdən yaxşı şərait yaradırlar. Azərbaycan bir sıra problemləri qətiyyətlə həll etməklə Rusiyanı yerinə oturda bilər. Birincisi, Ermənistanla sərhəd Azərbaycan Dövlət Sərhəd Xidmətinin nəzarətində olmalıdır. Əgər Rusiya hərbçiləri kimlərin gəldiyinə nəzarət etmək istəyirsə, bu işi Türkiyə monitoriq qrupu ilə birgə etməlidir. Azərbaycan dünyanın başqa ölkələrindən, həmçinin Ermənistan və Rusiya erməni vətəndaşlarının Qarabağa gəlməsinə imkan verməməlidir. 1829-cu ildə bir dəfə Rusiya imperiyası zorla bu regionlarda az saylı erməni yerləşdirib. Hansı ki, bu günə qədər də yaxamızı onlardan qurtara bilmirik. Azərbaycan yuxarı Qarabağda azərbaycanlıların yaşadığı kəndlər və qəsəbələrə vətəndaşlarını köçürməyə başlamalıdır.

- ABŞ-da Azərbaycanla bağlı hansı işləri görə bildiniz? Məlumdur ki, bir sıra beynəlxalq təşkilatlara və dünya liderlərinə müraciətlər ünvanlamısınız...

- Tək ABŞ-da yox, Avropanın bir çox ölkələri ilə Qarabağda nə baş verdiyini müzakirə etməyə çalışıram, amma qərbin bizimlə ermənilərin problemlərinə çoxda böyük diqqət yetirəcəyinə inanmıram. Buna baxmayaraq, bu işləri məntiqi sona çatdırana qədər davam etdirəcəyəm.

- Siz Azərbaycan hökumətinə müharibə dövründə, ondan sonrakı mərhələdə də açıq dəstəyinizi ifadə etdiniz. Sizin bu dəstəyiniz birmənalı qarşılanmadı. Bu dəstəyinizi müharibə dövrü milli birliyin zərurəti kimi qiymətləndirənlər də, ölkəyə qayıtmaq üçün jest kimi dəyərləndirənlər də var. Bu cür fikirlərə münasibətiniz necədir?

- Bilmirəm hansı nadanlar birmənalı qiymətləndirmir. Torpaqlarımızın heç kimin ümidi və inamı olmadığı bir vaxtda azad edilməsinə, hərbi əməliyyatlara qətiyyətlə başlanılmasını dəstəkləməklə hansı başqa bir məqsəd güdə bilərəm? Azərbaycana qayıtmaq da olar, qayıtmamaq da. Bu, mənim üçün elə bir mühüm məsələ deyil. Gəlməyə nail olmaq üçün hansısa bir tərifdən istifadə etməyim yol verilməzdir. 74 il bir sifətlə yaşamış və bu gün də saxlamış insanın çox da mühüm olmayan bir işin xətrinə məgər dəyişərmi? Hər halda bu sual əhəmiyyətsizdir. Yalnız kəmağıl adamlar belə düşünə bilər. Əgər kimin belə düşündüyünü desəydiniz, onun adını predmetli açardım.

- Ümumiyyətlə, Azərbaycana qayıtmaq planınızda varmı?

- Bu, plan deyil. Ola bilər gəlim, ola da bilər yox. Əsas məsələ ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Buna da bir xalq olaraq səmimi birliyimizlə nail olduq. Gerisi təfərrüatdır artıq...

- Sosial şəbəkədə statuslarınızda yaşlı və korrupsiyaya bulaşmış məmurları tənqid edirsiniz, onların gənclərlə əvəzlənməsinin vacibliyini vurğulayırsınız. Hökumətin bir hissəsi yenilənib, gənclər önə çəkilib. Onların fəaliyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycanda olmadığım üçün verdiyim qiymət kifayət qədər obyektiv olmaz. Ancaq yeni kadrların daha aktiv olduqlarını qeyd edə bilərəm.

- Prezident yanında Təhlükəsizlik Şurasının yenilənməsini təklif edirsiniz. Konkret olaraq, Sizcə kimlər kənarlaşdırılmalıdır?

- Prezident, Birinci vitse-prezident, Baş Nazir, parlamentin sədrindən başqa digərlərinin namizədliyinə yenidən baxmaq lazımdır. Düşünürəm ki, Dövlət Təhlükəsizliyi Xidmətinin, Müdafiə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin bu quruma daxil olması yaxşıdır. Bu Prezidentin səlahiyyətindədir, o da qərar qəbul etməlidir.

- Maraqlı məqam ondan ibarətdir ki, korrupsionerləri və dövləti sabotaj edənləri tənqid edirsiniz, amma ad çəkmirsiniz. Çünki köhnə komandanın əsas hərəkətverici qüvvəsi hazırda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olan Ramiz Mehdiyevdir... Sizin ünvanlı tənqidlərinizin olmaması və ya dolayı tənqidləriniz müxtəlif fikirlərə yol açır. Bunu nə ilə əlaqələndirərdiniz?

- Azərbaycanda korrupsiya və rüşvətin çiçəklənməsi barədə mən dəfələrlə yazmışam. Ancaq heç vaxt konkret ad çəkməmişəm. Əgər hüquqi dövlətdən söhbət gedirsə, istənilən adamın cinayəti məhkəmə yolu ilə müəyyənləşdirilir. Ona görə də ad çəkməyim qeyri-ciddi olardı.

Demokrat.az
Loading...


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top