Cavanşir Məmmədov: "Ay deputat, sən övladına onlayn toy etmisən ki, biz də edək?!"

ŞOU-BİZNES 08 fev 2021, 17:25
Sirr deyil ki, müğənnilərin əsas qazanc yeri toylardır. Azərbaycanlı şou əhlinin çörəyi necə deyərlər, toydan çıxır. Artıq bir ilə yaxındır ki, toy bazarında hamı işsizdir.

Fevralın 1-dən karantin rejimi bir qədər yumşaldılsa da, toylara qoyulan qadağa qüvvədə qaldı.

Bu isə sənət adamlarının etirazına səbəb olub.

Əməkdar artist Cavanşir Məmmədov bəzi obyektlərin açılıb bəzilərinin hələ də bağlı qalmasına etiraz edib:

“Mən sənət adamıyam dövlətin işinə qarışa bilmirəm. Onsuz da TƏBİB nə məsləhət görürsə, elə də edəcəyik. Əlbəttə ki, həm sənət yoldaşlarım, həm də mən toyların açılmağını istəyirik. Biz toyla dolanırıq. Mən bir şeyi bilmək isəyirəm, karantində avtobuslar işləyir, lakin metro yox. Metro işləmədiyinə görə avtobuslarda böyük sıxlıq yaranır. Avtobusda sıxlıq əmələ gələ bilər, amma metroda yox? Belə halda xəstəlik yayılmırmı? Hərdən deyirlər ki, metroda terror ola bilər ona görə açmırlar. Metroda terror ola bilməz, çünki kameralar var, qapıda polislər nəzarət edir. Amma avtobusda bu nəzarət yoxdur. Sədərək ticarət mərkəzi işləyir, amma mərkəzi univermaq işləmir. Bu nə deməkdir? Biz də bunu başa düşə bilmirik. Mərkəzi univermaqda heç vaxt sıxlıq olmayıb. Bəzi yerlərin açılıb, bəzilərinin bağlı qalması məqsədəuyğun deyil. Ya hamısı işləməlidir, ya da ümumiyyətlə işləməməlidir”.

Sənətçi karantin qaydalarına riayət edib, ara məsafəni gözləməklə toy məclislərinin keçirilə biləcəyini qeyd edib:

“Restoranlar, çayxanalar, kafelər açılıb, amma toyara qəti icazə yoxdur. Niyə? Bir stol arxasında 16 yox, 10 nəfər otursa, ara məsafə gözlənilsə nə olacaq? Guya hansı toyda hamı bir-birini itələyə-itələyə oynayıb?”

Əməkdar artist toy mərasimlərinin qadağan edilməsinin əhali artımına da mənfi təsir edəcəyini bildirib:

“Artıq bir il olacaq toylar dayandırılıb, bununla bərabər əhalinin artımı da dayanıb. Bizə bir ildə dəyən zərbə 16-17 il sonra öz sözünü deyəcək. Orduya cavan uşaqlar lazım olanda bu bir il məsələsi ortaya çıxacaq, çatışmazlıq olacaq. Onsuz da müsəlman ilin bir neçə ayını toy etmir: Ramazan ayında toy etmək olmaz. Niyə olmaz? Ramazan bayram ayıdır. Məhərrəmlikdə olmaz. May ayında toy etmək olmaz. Yanvar-fevralda olmaz, çünki qış ayıdır qar, çovğun olar, toya gələ bilməzlər. Avqustda olmaz, çünki camaat Bakıda olmur, istirahətə gedir. Baxın, neçə ay əlimizdən alındı. Hər valideynin istəyi, arzusu, diləyi var ki, balasının, nəvəsinin toyunu görsün. Toy etməyə icazə vermirlər, bəlkə həmin adam iki ay sonra yıxılıb öldü, niyə dünyadan nakam köçməlidir?! Toylar olan vaxt rişxəndlə yanaşırdılar ki, nə qədər toy, kiçik toy olar? Kiçik toy böyük toydan da vacibdir. Kiçik toyu edirsən ki, birdən böyük toyunu görmərəm, xəstələnərəm ya başıma bir hadisə gələr, qoy heç olmasa bunu görüm. Mənim özümdə elə olub, atam kiçik toyumu edib, amma böyük toyuma qalmadı, 13 yaşım olanda dünyasını dəyişdi. Hər şeyə bir qənbərqulu tapıb, qulp qoyurlar, axırda da bax, belə olur. Həmişə deyirdilər ki, toylar bizi əldən saldı. Getmək istəmirsən, getmə də. Səni zorla sürüyüb toya aparırlar? Deputat çıxıb deyir ki, toyları onlayn edin. Adam bir söz deyəndə fikirləşər. Onlayn toy olar? Sən özün uşağına onlayn toy eləmisən, biz də edək? Ayıbdır axı. Sən millətə nəyi təbliğ edirsən? Deputat olmaqla deyil, hər şeyi fikirləşmək lazımdır. Onlayn necə toy edə bilərsən? Etsən də bunu özünə necə sığışdırarsan?”(yenisabah.az)

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top