“Videonu mənə göndərəndə nə hala düşdüyümü...” — Əməkdar artist bu barədə ilk dəfə DANIŞIR

İNCƏSƏNƏT 06 fev 2021, 11:06
“Evimin yanından elektrik qatarı gedirdi. Həmin gün dəhşətli güclü külək əsirdi. Mən hələ də Bakıda elə külək görməmişəm. Küləyin səsindən qatarın siqnalın səsini eşidilmir. Mərdəkan tərəfdən gələn qatar 9 yaşlı oğlumun həyatına son qoydu...”

Qubadlının Əfəndilər kəndindən Lent.az-a danışır Ağalar müəllim. Qubadlıdan Bakıya 27 illik həsrətinin, sevincini, nisgilini bölüşür bizimlə. 30 il bundan öncə 9 yaşlı oğlu Şəhriyarın faciəli ölümdən söz açır. Qubadlıda o illəri xatırlamaq bir ayrı əzab verir əməkdar artist Ağalar Bayramova. Səsində 30 ilin həsrətinin sonu, qabıq qoymuş yarasının ağrısının yenidən qanadığını hiss edirik. Çətin də olsa həmin günə, 1991-ci il mayın 3-nə qayıdırıq.

- Dəmir yolunun o biri tərəfində dayısı yaşayırdı. Bir gün öncə ona velosipedini vermişdi ki, təmir eləsin. Həmin gün dəhşətli güclü külək əsirdi. Mən hələ də Bakıda elə külək görməmişdim. Əks istiqamətdə əsən küləyin təsirindən uşaq Mərdəkan tərəfdən gələn qatarın siqnal səsini eşitmir...”

Elə telefondaca Şəhriyarın uşaqlığından dünənmiş kimi danışır Ağalar müəllim. Oğluna bu adı təsadüfən qoymadığını deyir. Məhəmmədhüseyn Şəhriyar yaradıcılığına vurğun olan əməkdar artist sevimli şairinin adını oğlunda yaşatmaq istəyir.

- Şəhriyar o taylı bu taylı Azərbaycanımızın milli fikrinin oyanmasında, düşüncəsində böyük xidmətləri olmuş şairdi. Təkcə “Heydərbabaya salam” əsəri onun nə qədər böyük insan olduğunu göstərir. Ona görə 1982-ci ildə fevralın 27-də dünyaya gələn oğlumun adını Şəhriyar qoydum. Uşaq çox yetkin böyüyürdü. İkinci sinifdə oxuyanda demək olar ki, “Heydərbabaya salam” ı əzbər bilirdi.

Şəhriyarın uşaqlığı, yay tətili hər il Qubadlıda ana nənəsi, babasının yanında keçib. Məhz bu səbəbdən faciə baş verəndə anası Qubadlıda dəfn olunmasını istəyir. Ağalar müəllim də etiraz eləmir...

- Mən özüm Ucarın Boyat kəndində doğulmuşam. Erkən yaşda atamı, anamı, nənəmi, xalamı itirmişəm. Orada heç kimim yox idi. Faciə ilə rastlaşanda yoldaşım Şamamanın dilindən bir kəlmə çıxdı: Qubadlıya Xocahana aparaq.

Qubadlı işğal olunana qədər Bayramovlar ailəsi hər il Şəhriyarın məzarını rahat ziyarət edir. Nəhayət, 27 illik həsrətə 2020-ci ilin oktyabrın 25-də son qoyulur.

27 ildən sonra daşı-daş üstündə qalmayan Qubadlıda bir uşaq məzarını tapmaq heç də asan iş deyil. İşğaldan azad olunan digər yerlərdə olduğu kimi Xocahanda da məzarlıq yerlə-yeksan olunub. Bütün qəbirlər dağıdılıb, mərmər daşlar satılmaq məqsədi ilə düşmən tərəfindən sökülüb. Çətin də olsa, Şəhriyarın məzarı tapılır.

- Bakıda hüzr yerində idim. Əslən Qubadlıdan olan Gülağa adında bir dostum dedi ki, Ağalar müəllim 19-20 il bundan öncə toyunu idarə etdiyiniz bir həkimi Qubadlının Xanlıqlar kəndinə hospitala göndəriblər. Dedim, tez onun telefonunu mənə ver. Telefonu alıb, zəng elədim. Zarafat deyil, nə vaxtdı əlaqə saxlamırdım. Biləndə ki, mənəm çox sevindi. Dedim ki, Xanlıqdan bir az aralı Xocahan kəndinə məzarlığa gedib, oğlumun məzarını çəkib mənə göndərə bilərsən? Dedi, “Ağalar müəllim, dünən Şuşaya gəlmişəm. Amma siz narahat olmayın. Orada bir həkim dostum var. Ona deyəcəm, o həll edəcək.”


15 dəqiqə keçməmişdi ki, həmin həkim mənə zəng elədi. Dərdimi ona dedim. Bircə kəlmə dedi ki, Ağalar müəllim, narahat olmayın və həyəcanlanmayın. Burada kəndlərdə qəbiristanlıqların mərmər daşların hamısını söküb aparıblar. Dedim, eybi yox, bilirəm. Heç olmasa qəbrin yerini çəkin. Bir gün sonra gördüm ki, qəbiristanlığa giriblər. Onda orada internet yox idi. Telefonla ona qəbrin yerini izah elədim. Oğlumun məzarının yanında köhnə bir qəbir var idi. Tapandan sonra dedilər ki, Ağalar müəllim qəbri tapmışıq, amma dağıdıblar. Mərmər daşını aparıblar.

Məzarı video çəkib, mənə göndərdilər. Ondan sonra nə hala düşdüm, bir allah bilir.

Ağalar müəllim bir etiraf da edir bizə... Deyir, 30 ildə yaralarım qaysaq bağlamışdı. Sonra ilahidən ömür arzuladım özümə. Oğlumu məzarına yenidən sarılmaq üçün Allahdan möhlət istədim...

Bütün bunlar dekabrın 31-i Dünya Azərbaycanlıların Həmrəylik Günündə baş verir. Dostları, tanışları Ağalar müəllimlə bərabər 9 yaşlı Şəhriyarın məzarının tapılmasına səfərbər olur. Bir aydan sonra, yanvarın 30-da 6-7 saatlıq yol qət edib, oğlunun məzarına sarılır Ağalar müəllim.

- Qəbiristanlığa gələndə nə halda idim, bir Allahım bilir. Mən məzarlığa addımlayanda yoldaşım məndən xəbərsiz məzar üçün şəkilini böyüdüb düzəltdirib. Dostların köməkliyi ilə şəkli dəmir çərçivəyə salıb, başdaşı kimi ora qoydum. Söz tapa bilmirəm danışmağa. Yoldaşım ağlaya-ağlaya mənə zəng elədi ki, dünən dediyimi birdən unudarsan, Şəhriyarın məzarının torpağından gətir mənə. Bu gün qayıdanda yenə də oğlumla görüşüb qayıdacam. Ondan anasına, bacısı Gülərə, qardaşı Nicata bir ovuc torpaq pay aparacam.

1991-ci ildə faciə baş verəndən sonra Ağalar müəllim çox əzab çəkir. Bu həqiqətlə barışmaq istəmir. Həmin vaxt çoxları onu təsəlli etmək istəyir. Xalq artistləri Rafiq Hüseynov, Yaşar Nuri və başqaları... Amma rejissor Nəsir Sadıqzadənin sözləri onu yenidən həyata bağlayır.

- Nəsir müəllim gördü ki, mən ağlayıram. Bir xeyli danladıqdan sonra dedi: “Sənin allahla müqavilən yox idi. Allah verdi, Allah da aldı”. Gördüm doğru söyləyir. Hikmətli sözdü. Dözdüm, durdum. Allah səbir eləməyimə görə, 1993-cü ilin martın 17-də oğlum Nicat dünyaya gəldi. Hazırda zabitdir. Sifət cizgiləri eyni ilə Şəhriyara oxşayır.

Bu səfərini Həcc, Məşhəd, Kərbəla səfəri ilə eyni tutur Ağalar müəllim. Deyir, üç arzum reallaşdı.

- İlk arzum azad olunmuş müqəddəs torpaqlarımıza ölmədən ayaq basım. 28 ildən sonra oğlumun və ruhuna qurban olduğum, əsil Milli Qəhrəman Əliyar Əliyevin qəbrini ziyarət etmək idi. Ümid edirəm ki, yaxın günlərdə digər arzularım da gerçəkləşəcək. Milli Qəhrəman Allahverdi Bağırovun, Səxavət Məmmədovun, Dədə Şəmşirin qəbrini ziyarət edəcəm.

O torpaqlardan, o yollardan keçəndə hər qarışında şəhid qanı gördüm. Artıq Cəbrayıl, Zəngilan, Qubadlı, azad olunan digər torpaqlarımız, mənim üçün  qanlı şəhid köynəyinə suvarılan müqəddəs ziyarətgahdır.
 





Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top