Tural Abbaslı: “Prezident məmurların fəaliyyətlərindən, villarının, bizneslərinin olmasından xəbərdardır”

DAXİLİ SİYASƏT 02 fev 2021, 17:38
“Azərbaycan Prezidenti İlham Əliyev məmurlarla bağlı mövqeyini açıq şəkildə ortaya qoydu. İlham Əliyev adını çəkdiyi məmurları yaxşı tanıyır, niyyətlərinin nə olduğunu bilir. Dövlət başçısı son müsahibəsində qeyd etdi ki, həmin məmurlar Şuşada rəhbərlik etdikləri strukturların adından istifadə edərək özlərinə şəxs mülk tikmək istəyirlər. Onlar özlərinə iqamətgah inşa etmək üçün çalışırlar, istirahət vaxtı gəlsinlər, dincəlsinlər. Bu, “no comment”dir (şərhsiz – red)”.

Bunu Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

T.Abbaslı bildirib ki, Prezident adı çəkilən məmurların fəaliyyətlərindən, Bakıda və digər yerlərdə villarının, bizneslərinin olmasından xəbərdardır: “Həmin insanlar vəzifələrindən sui-istifadə edərək var-dövlət yığırlar, torpaq sahələrini zəbt edirlər. Bu, vəzifədən azad edilmənin anonsu ola bilər. Çünki qanunsuz fəaliyyətlə məşğul olan insanların nəinki vəzifədə, heç azadlıqda gəzmək hüquqları belə, yoxdur. Təbii ki, onlarla bağlı qərar vermək səlahiyyəti Prezidentə məxsusdur”.



Partiya sədri Dövlət Sərhəd Xidmətinin rəisinin Şuşada sərhəd zastavası tikmək istəməsinə də münasibət bildirib: “Şuşada sərhəd yoxdursa, zastava necə ola bilər? Bunu Prezident də qeyd etdi. O, sərhədi Xankəndi ilə Şuşa arasında çəkəcəkdi? O məmur Xankəndini Azərbaycan ərazisi hesab etmirsə, bu, böyük qəbahətdir, təklifinə görə dövlət qulluğundan xaric edilməlidir. O, villa tikmək üçün yer istəyirmiş. Sərhəd zastavasına 10 sot yer ayrılmayacaq ki... Bu, çox böyük ərazini əhatə edir. Elçin Quliyev getsin sərhəddəki əsgərlərə zastava tiksin, onlara şərait yaratsın, mənzillə təmin etsin”.

Qeyd: Prezident İlham Əliyev fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışından sonra Azərbaycan Televiziyasına müsahibəsində məmurları sərt tənqid edib.

“Fövqəladə Hallar Nazirliyi, mənə nazir müraciət edib, icazə verin, orada biz Fövqəladə Hallar Nazirliyinin Qarabağ regional mərkəzini yaradaq, Şuşa şəhərində. Yenə də eyni məqsədlə, yenə də torpaq, hələ ki, orada indi heç kim yoxdur, yenə də hasar, yenə də nə bilim tikanlı məftil, iqamətgah. Dövlət Sərhəd Xidməti. Bu təklifi indi desəm, yəqin ki, mənim kimi indi Azərbaycan xalqı da güləcək. Mənə zəng edib deyir xidmətin rəisi ki, icazə verin biz sərhəd xidmətini Şuşa zastavasında yaradaq. Dedim ki, a kişi, Şuşada sərhəd var? De də mənə Şuşada sərhəd var, yoxsa yox? Deyir yoxdur. Deyirəm bəs nə zastava yaradırsan? O boyda indi bizim sərhədimiz yaranıb, ta şimaldan cənuba qədər, Kəlbəcərdən Cəbrayıla qədər, Ermənistanla sərhəd. Cəbrayıl rayonunda İranla sərhəd, get orada yarat da. Şuşada nə işin var sənin?! Yenə də gəlim, oturum, yerləşim, iqamətgah qurum, hamısı da dövlət hesabına, hamısı dövlət hesabına. Burada mənim bir rezidensiyam olsun. Mən bəzən bu şeyləri demirəm vətəndaşlara ki, o vətəndaşları iyrəndirməyim, bağışlayın sözümə görə, ifadəmə görə. Amma da mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da bilsinlər, bu məmurlar da bilsinlər. Məmurlar öz yerini, yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar. Bir də mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm. Ona görə hərə otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin" - dövlət başçısı qeyd edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top