Deputat: “Yaz ki, səhər saat 9-dan axşam 8-dək həyətdə maşın saxlamaq olmaz”

GÜNDƏM 29 yan 2021, 14:47
Bakı Nəqliyyat Agentliyindən narazılıqların günü-gündən artmasına baxmayaraq, mövcud olan problemlər hələ də öz həllini tapmır. Bu problemlərlə bağlı demək olar ki, hər gün mediada müxtəlif materiallar yayılır, ölkənin tanınmış şəxsləri tənqidlər səsləndirir. Xüsusilə də parklanma problemi artıq dözülməz həddədir. Lakin Agentlik rəhbərliyi məsələni nəinki həll edir, hər gün daha da dramatikləşdirir.

Millət vəkili Rüfət Quliyev bildirib ki, o problemin həlli ilə bağlı vaxtilə agentliyə təkliflər verib. Lakin agentlik bu təkliflərin heç birini nəzərə almayıb. Və artıq bir ilə yaxındır ki, BNA-nın fəaliyyətini tənqid etməsinə baxmayaraq, qurum yenə də öz bildiyini etməkdə israrlıdır:

“İnsanlar əziyyət çəkirlər, maşınlarını saxlaya bilmirlər. Məsələnin həlli üçün təklifim odur ki, parkomatlar qoysun. Yeni texnologiyada istehsal olunan parkomatlar var, günəş işığı ilə işləyir. Belə olanda insan rahatlıqla maşını saxlayır, pulunu ödəyir, qəbzi götürür.

Yoxsa maşının şəklini çəkməklə iş həll olmur. Onlar bununla insanları incidirlər. Mən demirəm ki, sosial şəbəkədə onlar haqqında yazılan narazılıqların hamısı düzdür. Lap tutaq ki, mən sosial şəbəkələrdə yazılanlara inanmadım, axı özüm 22 dəqiqə şəhərdə fırlanıb maşın saxlamağa yer tapa bilmədim. Həyətin içərisinə girəndə də gəlib partizanlar kimi şəkil çəkib qaçırlar. İnsanları incitmək olmaz. Hər gün bu problemlə rastlaşırlar”.

R. Quliyev deyib ki, bununla bağlı qanunvericilikdə dəyişiklik edilməsi ehtimalı var. Dəyişikliyə əsasən cərimə gün ərzində yalnız bir dəfə ola bilər: “Bu da ona gətirib çıxaracaq ki, insanlar gündə bir dəfə cərimələnərək 24 saat istədiklərini edəcəklər. Problemin həll yolu bu deyil. Hələ ki məsələnin Milli Məclisdə müzakirə edilməsini gözləyək.

Mən lazımi sözləri deyəndə günahkar oluram. İçim özümü yandırır, çölüm də özgəni... Problemləri dilə gətirəndə məni ittiham etməyə başlayırlar. Haqqımda olmazın sözlərini danışıb saytlarda yayırlar. Amma mən dediyimdən dönən deyiləm. İnsanların bir qismi bunu başa düşərək mənə dəstək olurlar. Cənab Prezident bunu bizə tapşırıbsa, biz işimizi icra etməliyik. Camaat gedib dərdini kimə desin?!”.

R. Quliyev prezidentin sərəncamı ilə “BakuBus”un BNA-dan alınıb İnvestisiya Holdinqinə verilməsini alqışlayıb: “Bununla elə bil idarənin ən böyük gəlir gətirən bir qurumu əlindən alındı. Sözügedən təşkilat hazırda ancaq insanları daşımaqla məşğuldur. İki il idi ki, onlar yalnız öz səlahiyyətlərini artırırdılar.

Təsəvvür edin hətta Nazirlər Kabinetinə müraciət edib yol nişanlarının qurulması səlahiyyətinin də onlara verilməsini istəyirdilər. Axı məlumdur ki, bu işdə ən səriştəli qurum Dövlət Yol Polisidir. Onlar harada hansı işarənin qoyulmalı olduğunu çox yaxşı bilirlər. Biz həmişə insanların təhlükəsizliyini nəzərə almalıyıq.

Yeni qurum isə hər yerə özlərinə uyğun nişanlar qoyub. Axı əlinizdə vəsait var, onun hesabına niyə parkomat quraşdırmırsınız? Parkomatın biri maksimum 500-600 dollardır. Ondan 10 min ədəd alıb ən çox hərəkətin qeydə alındığı küçələrdə düzsələr, insanlar da işini bilər.

Əvvəllər parkomatları tətbiq edirdilər. Aldığım məlumata görə onunla Bakı şəhər İcra Hakimiyyəti məşğul idi. Sonra BNA ilə sözləri üst-üstə düşmədi, nəticədə hamısını yığışdırdılar. Biz istəyirik ki, inteqrasiya olunaq.  Günbəgün Avropaya yaxınlaşırıq, özümüzü avropalı sayırıq. Axı orada gözəl nümunələr var, beləyiksə, onları da ölkəmizdə tətbiq edək də...

“Tıxac olmasın, qanun pozulmasın”,-deyilir, bunları başa düşürəm. Amma bunun üçün əvvəl şərait yaratsınlar, ondan sonra qanuna tabe olmayanı cəzalandırsınlar. Problemlə bağlı məktub yazdım, mənə cavab göndərdilək ki, özlərinin təlimatları var. Axı sənin təlimatın daxili təlimatdır. O təlimat sənin işçilərin arasında məsələləri tənzimləyir. Ümumilikdə isə təlimat BŞİH-lə təsdiq olunmuş formada olmalıdır.

Taksilər də mövcud vəziyyətdən şikayət edir. Müştərinin bəzən üzərində xırda pulu olmur deyə taksini beş dəqiqə gözlədir, o beş dəqiqədə gəlib 20 manat cərimələyirlər. Bu insanlar nə etsin? Sən aptekin, supermarketin qarşısında qadağa nişanları qoyub həmin ərazidə 10 dəqiqəyədək  maşın saxlamağın mümkün olduğunu bildirməməlisən.

Evin qarşısında maşın saxlamaqla bağlı isə müəyyən vaxt təyin etməlisən. Burada söhbət girişi küçəyə olan binalardan gedir. Yaz ki, səhər saat 9-dan axşam 8-dək həyətdə maşın saxlamaq olmaz. Bununla müəyyən qədər razılaşmaq olar. Amma axşam saat 9-10-dan sonra tıxac olmur, belə olan halda niyə evimin qarşısında maşın saxlamamalıyam? Bunu tənzimləmək nə qədər çətin ola bilər?”.(yenisabah.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top