“Bu problem araşdırılıb, vətəndaşlara doğru məlumat verilməlidir” — Razi Nurullayev

SOSİAL 27 yan 2021, 21:30
Son günlər ölkədə “Azəriqaz” İB əməkdaşlarının yol verdiyi qanun pozuntuları ilə bağlı şikayətlər artmaqdadır. Belə ki, vətəndaşların bir çoxu yeni sayğaclar quraşdırıldıqdan sonra onlara iki-üç qat artıq borc yazıldığını iddia edir.

Belə iddialarla bağlı fikirlərini KONKRET.az-la bölüşən millət vəkili Razi Nurullayev də bu vəziyyətdən narahatlığını ifadə edib: “Mən və yaxınlarım da qazdan istifadə edirik. Amma hələlik bu cür problemlərlə qarşılaşmamışıq. Bizdə də qaz sayğaclarının dəyişdirilməsinə baxmayaraq, hələlik heç bir fərq hiss etməmişəm. Lakin məsələnin bu qədər uzanması müəyyən problemlərdən xəbər verir. Mənə elə gəlir ki, bu problemi araşdırmaq vətəndaşlar üçün çətin olacaq. Dünən “Azəriqaz” İB nümayəndəsinin və rəhbərinin açıqlamasını gördüm. Belə anladım ki, insanlar limit keçiləndən sonrakı qaz sərfiyyatının daha çox yazılmasından narazılıq edirlər. Lakin mən bunun nə qədər əsaslı olub-olmadığını deyə bilmərəm. Çünki məsələni araşdırmamışam”.

Deputat onu da vurğulayıb ki, dövlətin bu işlə məşğul olan analoji qurumları və müxtəlif şəbəkələri var: “Hesab edirəm ki, qaz sərfiyyatının süni şəkildə bir neçə dəfə artırılması yolverilməz və böyük cinayət əməlidir. Bu addım müxtəlif problemlərə səbəb ola bilər. Ona görə də düşünürəm ki, istehlakçıların hüquqlarını müdafiə edən QHT və vətəndaş cəmiyyətləri, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tezliklə bu problemi araşdırıb, vətəndaşlara doğru məlumat verməlidir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top