Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsində qalib gələcəyinə şübhə ola bilməz — MÜSAHİBƏ

MÜSAHİBƏ 21 yan 2021, 13:33
Xəbər verildiyi kimi, Azərbaycan Avropa  İnsan Haqları Məhkəməsində Ermənistanla bağlı  iddia qaldırıb. Həmin iddia  Ermənistanın ölkəmizə vurduğu maddi və mənəvi ziyanın ödənilməsi  öz əksini tapıb. 

Bu barədə ətraflı məlumat verilməsi üçün Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadəyə müraciət etdik.

– Çingiz müəllim, ərazilərimiz işğaldan yeni azad olunub və Ermənistanın vurduğu zərər hələ tam qiymətləndirilməyib. Sizcə, Avropa İnsan Haqları Məhkəməsində iddia qaldırmaq  tez deyildimi?

– Yanvarın 15- də  Azərbaycan dövləti tərəfindən Avropa İnsan  Haqları Məhkəməsində Ermənistan dövlətinə qarşı  qaldırılmış iddia  artıq təqdim edilib. Doğru deyirsiniz, hələ qiymətləndirmə tam başa çatmayıb, ərazilərimiz minalardan təmizlənməyib. Xatırladım ki, Avropa İnsan Haqları Məhkəməsində bu cür iddialara baxılması bəzi hallarda on il çəkir. Ona görə də bu, ilkin iddia kimi qəbul olunmalıdır. Bu iddia ona görə operativ şəkildə qaldırılıb ki, vaxt Azərbaycanın xeyrinə işləsin. Artıq Avropa İnsan  Haqları Məhkəməsi qaldırdığımız iddianı tam icraata  götürdükdən  sonra  həm cavabdeh tərəf olan Ermənistan dövləti, həm iddiaçı tərəf – Azərbaycan dövləti bu  iddiaya yeni faktlar , yeni tələblər, yeni qiymətləndirmələr əlavə etmək hüququna malikdir. Əgər biz gözləsəydik ki, ərazilər minalardan təmizlənsin və ondan sonra qiymətlədirmə proses i bir neçə ilə başa çatsın və ondan sonra iddia qaldıraq, bu, uzun zaman tələb edəcəkdi. Təbii ki, bu da bizi qane edə bilməzdi.

– Konkret hansı istiqamətlər üzrə iddia qaldırılıb?

– Azərbaycan dövləti konkret dörd istiqamətdə Ermənistan tərəfini günahlandırır. Birincisi, qeyd olunur ki, 30 ilə yaxın müddətdə  Ermənistan tərəfi Azərbaycan dövlətinin  Qarabağ hissəsini və 7 ətraf  rayonu işğal etməklə Azərbaycan vətəndaşlarının beynəlxalq hüquq və eyni zamanda, Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan hüquqları pozulub. Bu hüquqlar hansılardır? Birincisi insanların yaşamaq hüququdur. İkincisi insanların işgəncə və qeyri- insani rəftarlara məruz qalmasıdır. Dini – etiqad azadlığının pozulması, şəxsi və ailə hüququnun, sərbəst hərəkət etmək, mülkiyyət hüququnun pozulmasıdır. Bu iddialar artıq beynəlxalq ictimaiyyət tərəfindən də qəbul eilib. Çünki 30 ilə yaxındır ki, bu bölgədən olan soydaşlarımız bütün  hüquqlardan məhrum olub. İddiada, eyni zamanda, qeyd olunur ki, Azərbaycan vətəndaşlarının itkin düşmüş 3min 890 nəfərin taleyi bu gün də məlum deyil və Ermənistan tərəfi onların taleyinin araşdırılması üçün hər hansı addım atmır. Mən  oxuculara məlum olsun deyə, qeyd edirəm ki, bu 3 min 890 nəfət itkin düşənlər 44 günlük Vətən müharibəsi zamanı  deyil, Birinci Qarabağ savaşı dönəmindən  bugünədək itikin düşənlərdir.

Məlum olduğu kimi, təcavüzkar Erməsnistan havadarlarının dəstəyi ilə Azərbaycanın rayonlarnı və yaşayış məntqələrini işğal etdkcə, soydaşlarımızı əsir və girov götürüblər. Mən 15 ildən artıq idi Əsir və  itgin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü olmuşam. Biz, hətta o dövrlərdə də 3- cü dövlət,  Qırmızı xaç təşkilatları və digər təşkilatlar vasitəsilə Ermənistana sorğu göndərir, itkin düşmüş insanların taleyi ilə bağlı məlumatlar verilməsini,  girovların qaytarılmasını  tələb edirdik. İtkin düşənlərin çox cüzi hissəsi tapılıb qaytarıldı, ancaq 3 min 890 nəfər haqqında indiyədək heç bir məlumat verilməyib. Ona görə də həmin şəxslər bizim tərəfimizdən itkin düşmüş hesab olunurlar. Bu da iddiada  ös əksini tapıb.

İddianın ikinci istiqaməti  üzrə Azərbaycan tərəfi haqlı olaraq, 2020- ci ilin iyul təxribatı ilə bağlı Ermənistan tərəfindən  Tovuz istiqamətində  baş vermiş təxribatda yenə də vətəndaşlarımızın Avropanın İnsan Hüqulqarı Konvensiyasının tələbləri ilə hüquqlarının pozulması məsələsini qoyub.

Ücüncüsü 44 günlük Vətən müharibəsinə aid olan məslələrdir. Bu arada, qeyd olunur ki, 44 günlük müharibə Azərbaycanın Qələbəsi ilə başa  çatsa da, müharibə dövründə Ermənistan tərəfi qeyri- insani rəftar, eyni zamanda,  ən böyük humanitar hüquq olan Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozmuş və döyüş bölgələrindən kənarda olan ərazilərimizi, yaşayış məntəqələrimizi ağır artilleriydan, uzaq ballestik raketlərdən atəşə tutmuş, həm fosforlu bombalardan, həm də digər qadağan olunmuş silahlardan istifadə edib. Bunun nətiəsində, 93 mülki şəxsimiz həlak olub. Onlardan 12-i uşaq, 28 -i qadın olmaqla, 423 nəfər isə yaralıdır. Onların da yenə də 104 –ü qadın, 5- i uşaqdır. Bunlar da iddiada öz əksini tapıb. Ümumilikdə , vurlan bütün  zərər  Ermənistandan tələb olunur. Təbii ki, gələcəkdə diğər faktlar və məlumatlar iddiaya əlavə olunacaq.

Dördüncü də  yenə Ermənistan tərəfindən  işğal  nəticəsində ərazilərin minalanması və dağıdılmış şəhərlərin, kəndlərin olması və  ötən il 10 noyabr bəyanatından sonra  Ermənistan ərazsindən silahlı birləşmələrin Dağlıq Qarabağa göndərilməsilə bağlı Azərbaycan vətəndaşlarının haqlı olaraq, bu ərazilərə geri qaytarılmasının, məskunlaşması çətinləşməsidir. Ermənistan dövlətindən  həmin  iddiaların təmin edilməsi ilə bağlı addımlar atılması tələb olunur. Bir daha qeyd edim ki, bu, ilkin iddiadır və  bunu vaxt itirməmək  məqəsədilə təqdim etmişik. Gələcəkdə daha tutarlı, qiymətləndirilmiş və faktlara, hüquqa söykənən məlumatlar bu iddiaya əlavə olunacaq.

– Təcrübəli hüquqşünas kimi, deyə bilərsinizmi ki, Avropa İnsan Haqları Məhkəməsi bu iddianı təmin etməsin? O zaman daha hansı vasitələrdən istifadə edə bilərik?

– Düşünürəm ki, Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanın əleyhinə qərar çıxarması qeyri- mümkündür. Çünki artıq Avropa Məhkəməsində presedent  hüququ var və bu, təkcə bizim  respublikamızla yox , bir neçə ölkə ilə bağlıdır. Xatırlayırsınza, 2005- ci il aprelin 6 – da respublikamızın  bir qrup vətəndaşı Avropa İnsan haqları Məhkəməsinə müraciət etmişdi.  Məhkəmənin 2011 – ci il 14 dekabr qərarı ilə ərizəçilərin şikayətləri qəbuledilən elan edilmişdir. Avropa İnsan Haqları Məhkəməsi  Çıraqov və başqaları Ermənistana qarşı və ya Çıraqov və digərləri Ermənistana qarşı iddiası üzrə  2015- ci il iyunun 16- da  qərar qəbul etmişdir. Qərarda Avropa İnsan Hüquqları Konvensiyasının  8- ci, 13- cü və 14- cü maddələrinin və Konvensiyaya dair 1 saylı Protokolun 1- ci  maddəsinin pozuntusu haqqında qərar qəbul etmiş və beləliklə, Azərbaycan vətəndaşlarının  iddiası təmin edilmişdir. Azərbaycan  Hökuməti bu işdə  üçüncü tərəf  qismində çıxış etmişdir. Göründüyü kimi, məhkəməyə iddia ərizəsi təqdim edildikdən 10 il sonra işə baxılmış və ərizəçilərin  iddiaları təmin olunmuşdur. Bunu misal çəkməkdə məqsəd odur ki, yanvarın 15- də Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməkdə məqəsədimizin vaxt udmaq olduğunu diqqətə çatdırmaq istərdim.

Avropa İnsan Haqları Məhkəməsinin  Çıraqov və başqaları Ermənistana qarşı və ya Çıraqov və digərləri Ermənistana qarşı iddiası üzrə  qəbul etdiyi qərarda bir neçə məqam Ermənistanın işğalçı, Azərbaycan ərazisnin bir qisminin təcavüzkar ölkənin nəzarətində olduğunu  bir daha təsdiqləyirdi. Hətta həmin qərarda qeyd olunur ki, təxminən 150 minlik əhalis olan “Dağlıq Qarabağ respublikası” – tanınmayan respublika ( təbii ki, bu, Ermənistan tərəfindən şişirdilmiş rəqəmdir - Ç.Q.)  7 milyon əhalisi olan Azərbaycana qarşı savaş açmaq iqtidarında deyildir və bu, işğal Ermənistan silahlı birləşmələri tərəfindən  həyata keçirilib. Yəni, artıq Avropa Məhkəməsinin belə bir təcrübəsi və qərarı var. Qanunda, xüsusilə beynəlxalq hüquqda , əsasən, presedentə istinad olunur.  Presedent də Avropa İnsan Haqları Məhkəməsinin özünün qəbul etdiyi qərar.

Artıq son vaxtlar xeyli beynəlxalq təşkilatların , o cümlədən  ölkəmizdəki diplomatik korpusların nümayəndələri işğaldan azad edilmiş ərazilərə gedir, orada ermənilərin törətdikləri vəhşiliklərin, barbarlığın şahidi olur,  isti ocaqlarından didərgin salınmış soydaşlarımızla görüşürlər. Artıq beynəlxalq ictimaiyyət də doğma yurdlarından didərgin salınmış soydaşlarımızın sayını bilir. Belə olan halda, təbii ki, Ermənistan  dövləti uduzan  tərəf olacaq və  ölkəmizə vurduğu  maddi və mənəvi zərərə görə təzminat ödəmək məcburiyyətində qalacaq. Təzmnatın məbləğnə gəlincə, bunu hələ dəqiq  demək mümkün deyil. Cənab Prezident də dəfələrlə qeyd edib ki, beynəlxalq qiymətləndirici təşkilatların nümayəndələri də daxil edilməklə həmin ərazilərdə qiymətləndirilmə işləri aparılacaq.  Hələlik qarşıda duran əsas vəzifələrdən biri ərazilərin minalardan təmizlənməsidir. İddia ərzəsində  də bu fakt öz əksini tapıb.

Təbi ki,  qiymətləndirmə  tam başa çatdıqdan sonra bu da  iddia ərizəsində öz əksini  tapacaq. Bu işlərdə beynəlxalq ekspertlərdən istifadə etməyimiz  gələcəkdə bizim həmin təşkilatlar qarşısında bu məsələlərin müzakirəsi zamanı üstünlük əldə etməmizə əlverişli şərait  yaradacaq. Qiymətləndirmədə beynəlxalq təşkilatların nümayəndələrinin olması çox vacibdir. Bu yaxınlarda Amnesty International  təşkilatı Ermənistanın barbarlıq, vəhşi  hərəkətini tənqid edən bir hesabat  yaydı. Bu cür təşklatların belə açıqlamaları və hesabatları bizə əsas veir ki, gələcəkdə bu sənədləri də ortaya qoymaqla üstünlük qazanmış olarıq. Çünki bu  hesabat beynəlxalq təşkilat tərəfindən yayılıb. Məhz buna görə də möhtərəm Prezidentimiz haqlı olaraq deyir ki,  bu cür işlərə beynəlxaq təşkiatların nümayəndələrinin dəvət olunması mütləq lazımdır. Həmişə haqlı tərəf  qalib olur. Azərbaycan haqlıdır və  Avropa İnsan Haqları Məhkəməsində də  qalib gələcəyimizə şübhə ola bilməz.(xalqqazeti.com)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top