“Əli Həsənov və Vüqar Səfərlidən imtiyazlar alan jurnalistlər artıq “ağsaqqal” və “ağbirçək” nəsihətlərinə başlayıblar”

GÜNDƏM 17 yan 2021, 17:48
Məni tanıyanlar gözəl bilir ki, heç vaxt kütləvi axına qoşulub nəsə yazmaram. Vəzifəsindən gedən birinin haqqında isə arxasınca danışmağı da sevmərəm. Amma bu dəfə durum başqadır. Bu ölkədə hər kəs bilir ki, Vüqar Səfərli barədə elan olunan cinayət işində törədilmiş əməllər bir nəfərin işi ola bilməz.

2013-cü ildən bəri jurnalistlər üçün iki yaşayış binası tikildi. Bu binalardan jurnalistlərə verilən mənzillərin sayı 400-dür. Bu da o deməkdir ki, ölkədə 400 jurnalist ailəsi mənzillə təmin olunub. 2013-cü ildə mənzillərin bölüşdürülməsi ilə bağlı sənədlər toplanarkən müraciət etmədim. Düşündüm ki, ölkədə mənim də yaxından tanıdığım bir çox evsiz jurnalist mənzillə təmin olunsa, mən də ev alırmışam kimi sevinəcəm. (Bu sözü bizim ərazidəki sahə müvəkkilinə deyəndə təəccüblə üzümə baxıb belə demişdi: “Sən nə qədər avam adamsan!)  Hər iki binada mənzil almış haqqı olan bütün həmkarlarıma öz evlərində xoş və xoşbəxt ömür sürmələrini arzulayıram.

2017-ci ildə jurnalistlər üçün tikilən ikinci binanın mənzilləri bölünəndə mən də müraciət etdim. Düşündüm ki, 24 il mətbuatda jurnalistlik stajım (bu staj artıq 28 ildir), mənim olmayan kiçik bir mənzildə yaşamağım, bu illər ərzində yazdığım məqalələr, müəllifi olduğum bir kitab, bir tərcümə ədəbiyyatı, məqalələrimin Vaşinqtonda nəşr olunan diaspor jurnalında nəşri, Qarabağ müharibəsinin veteranı olmağım həmin binada mənim də mənzil almağım üçün əsas ola bilər. İşlədiyim Avropa.info saytının namizədi olaraq deyil, sənədlərimi fərdi qaydada Azərbaycan Prezidentinin https://www.facebook.com/PresidentIlhamAliyev ünvanına göndərdim. Bu ölkədə problemlərin hansı qaydada həll olunduğunu gözəl bildiyim üçün o zaman vəzifədə olan dostumdan Əli Həsənovdan xahiş etməsini istədim. O da sağ olsun, sözümü yerə salmadı. Hətta Avropa.info-nun mənzil almaq üçün müraciət edən namizədinin sənədlərini KİVDF-yə təqdim edəndə Vüqar Səfərli başqa bir sayt rəhbərinin sənədlərini göstərib, adamın müraciətinin kriteriyalara uyğun olmadığı barədə şikayət etmişdi. Vüqar Səfərlinin dediyinə görə, həmin adamın 25 yaşı olduğu halda jurnalistikada əmək stajının 10 il olduğu göstərilmişdi. Adamdan soruşarlar, 15 yaşında biri niyə məktəbə getməyib, jurnalistika sahəsində işləyirmiş? Həmin sayt rəhbərinə mənzil vermək Vüqar Səfərlinin deyil, Əli Həsənovun istəyi idi. O sayt rəhbərinin yaşı qədər jurnalistlik təcrübəm olduğu halda, mən kənarda qaldım, 25 yaşlı biri mənzil aldı. Avropa.info-nun namizədinə isə jurnalistlərin binasından mənzil verilmədi. Qeyd edim ki, mənzillərin bölgüsü zamanı müəyyən edilmiş kriteriya ən azı 10 il mətbuatda iş stajı, son 3 ildə isə eyni mətbuat orqanında fasiləsiz işləməyi tələb edirdi.

Azərbaycan Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 22 iyul 2013-cü il tarixli sərəncamında jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması qeyd olunur. Lakin Əli Həsənovun mənzil bölgüsü bəzi jurnalistlərə komfort yaratmağı nəzərdə tuturdu. Vüqar Səfərlinin sürücüsü, katibəsi, bir saytın baş redaktorunun sürücüsünün sənədlərini redaktor kimi təqdim etməklə mənzillərin bölüşdürülməsi hansı ədalətin göstəricisi idi, anlamırdım.

Artıq Vüqar Səfərli həbs olunub və onun tənqid atəşinə tutulması üzrə uzun bir “növbə” yaranıb. Əli Həsənovun icazəsi olmadan su belə içməyə cəsarəti olmayan Vüqar Səfərli haqqında elan olunan əməlləri özbaşına törətmədiyini bu ölkədə hər kəs bilir. Jurnalistlərdən ibarət troll şəbəkəsi də Vüqar Səfərlinin təşəbbüsü ilə qurulmamışdı bu ölkədə. Həmin troll şəbəkəsində olan 60 nəfərlik qrupa mətbuatda misilsiz imtiyazlar verilmişdi. Cəmiyyətdəki “nüfuz dairəsinə” uyğun olaraq 500-1000 manat, bəzilərinə hətta 3 min manata qədər aylıq kəsilməsi də Vüqar Səfərlinin təşəbbüsü ola bilməzdi. Ayda iki dəfə KİVDF-nin binasında yığışıb, Vüqar Səfərlidən təlimatlar alan bu troll dəstəsində keçmiş MTN-nin idarə rəsininin müavini İlqar Əliyevin (həbsdə özünü asan adamdır) mətbuatda qurduğu şəbəkənin üzvləri də vardı.  Təəssüf doğuran odur ki, bu troll şəbəkəsində Əli Həsənov və Vüqar Səfərlidən imtiyazlar alan jurnalistlər artıq dünəndən “ağsaqqal” və “ağbirçək” nəsihətlərinə başlayıb, hətta trolları ələ salan statuslar yazırlar. Bu ölkədə hər kəs hər kəsi tanıyır. Heç olmazsa, adam ayıbına kor olar, susar.

Yenə mətbuatda eyni simalar at oynadır. Dünən Əli Həsənovun komandasında yer alanlar, yeni komandada imtiyaz qazanmaq üçün növbəyə durub. “Bandotdel”ə çağırlarkən saytına aylıq 7 min pul verildiyi, lakin Əli Həsənovun bu məbləği 49 min göstərdiyi üzə çıxan sayt rəhbəri, onlarla bunun kimi adamlar yaxın illər ərzində yenə mətbuat qurumlarına rəhbərlik edəcək. Elə bu səbəbdən bu ölkədə mətbuat sahəsində ümidli olmadığımı yazmışdım.

Yəqin yaxınlarda jurnalistlər üçün tikilən üçüncü binanın mənzilləri jurnalistlər arasında bölünəcək. Çox böyük ehtimalla üçüncü binadakı mənzillərin bölüşdürülməsi qaydası əvvəlki iki binadan fərqlənəcək. Redaksiyaların namizəd irəli sürməsi qaydası ləğv oluncaq, fərdi müraciətlərə üstünlük veriləcək, binanın mənzillərinin 70 faizi jurnalistlərə veriləcək, qalan 30 faizi isə Medianın İnkişafı Agentliyinin balansında saxlanılaraq, zamanı gəldikcə ehtiyacı və mətbuat sahəsində xidmətləri olan jurnalistlərə veriləcək.

Həmin binadan mənzil almaq üçün bir daha müraciət edəcəm (Bəlkə də bu yazını elə müraciət kimi də qəbul etmək olar). O zaman bir daha əmin olmaq istəyirəm ki, 28 illik jurnalistlik stajı, Qarabağ müharibəsinin veteranı, ötən ilin sentyabrında başlayan Vətən müharibəsi zamanı bir çox telekanallarda, sosial şəbəkələrdə müzəffər Ordumuzun uğurlu hərbi əməliyyatlarını, jurnalistlik fəaliyyəti dövründə milli-mənəvi dəyərləri təbliğ edən, bu illər ərzində adı heç bir qalmaqala qarışmayan bir jurnalist olaraq, həmin binada mənzil ala biləcəm, yoxsa yeni gələnlər də sələflərinin yolu ilə gedəcək? Üç binada jurnalistlər üçün mənzillərin sayı 655 edir. Əgər bu ölkədə 655 jurnalistin siyahısında Rəsul Mirhəşimli adı çıxmayacaqsa, ya bu 28 illik stajımla mən jurnalist olmamışam, ya da bu ölkədə mətbuat yoxdur!

Rəsul Mirhəşimli
Konkret.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top