"Möhtərəm Prezidentimizin “İlin siyasətçisi” seçilməsi Lider kimi bütün keyfiyyətlərinin bir daha təqdimatıdır"

GÜNDƏM 25 dek 2020, 17:30
«Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 17 illik fəaliyyətinin zirvəsi kimi dəyərləndirilən Zəfərimiz istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə keçirilən sorğularda da yüksək qiymətləndirilir.  Təbii ki, bu uğur  bugünün səylərinin deyil, illərin qətiyyətinin, düşünülmüş və məqsədyönlü siyasətin, ölkəmizin istər daxildə, istərsə də beynəlxalq aləmdə  qazandığı uğurların, eyni zamanda, Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsinin prioritetliyi fonunda atılan addımların məntiqi nəticəsidir.

Prezident  İlham Əliyev dekabrın 23-də   xanımı Mehriban Əliyeva ilə işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarına səfəri zamanı  əsgərlərlə  görüşündə bir daha bu məqamı xüsusi qeyd etmişdir ki, peşəkarlıq, qəhrəmanlıq, planlaşdırma, güclü iradə, milli ruh, texniki təchizat – bütün bu amillər birlikdə və xalq-iqtidar birliyi bizim Qələbəmizi şərtləndirdi. İstifadə etdiyimiz taktiki üsullar dünya hərb elmi üçün yenilikdir. Vaxt keçdikcə bu məsələ ilə bağlı daha geniş məlumat veriləcək. Ancaq bu gün də artıq xarici mətbuata sızan məlumatlar  onu göstərir ki, bu müharibə döyüş əməliyyatlarının gedişində  hərbi ekspertlər tərəfindən çox ciddi təhlil edilirdi və indi də edilir.»

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Demokrat.az-a açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, Rusiyanın məşhur “Vedomosti” nəşri altı nominasiya üzrə ilin personası ilə bağlı illik xüsusi layihəsinin nəticələrini dərc edib.  Prezident İlham Əliyev nəşrin oxucuları arasındakı səsvermədə “İlin siyasətçisi” seçilib. Nəşr yazır ki, Azərbaycan Prezidenti İlham Əliyevi haqlı olaraq ordusu 2020-ci ildə inamlı hərbi qələbə qazanan, region miqyasına görə isə əsl triumf əldə edən yeganə lider adlandırmaq olar.

Baş redaktor diqqətə çatdırıb ki, 30 il həllini gözləyən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin  44 gündə  Azərbaycanın hərbi və siyasi Qələbəsi ilə başa çatması dövlətimizin başçısı İlham Əliyevin uğurlu siyasətinin, qətiyyətli mövqeyinin,  illərdir Ali Baş Komandandan  «Azərbaycan əsgəri, irəli!» əmrini gözləyən ordumuzun qüdrətinin, döyüş ruhunun yüksəkliyinin, Vətən, torpaq sevgisinin nəticəsidir: «Dövlətimizin başçısı İlham Əliyevin son 17 ildə ulu öndər Heydər Əliyevin  siyasi kursunu bütün sahələrdə uğurla davam etdirərək, davamlı inkişafa nail olması  bu Qələbəmizə  gedən yolu hər an yaxınlaşdırırdı. Beynəlxalq münasibətlər sistemində güc və beynəlxalq hüquq amillərinin önəmini nəzərə alsaq, Azərbaycanın hər iki istiqamətdə üstünlüyü göz önündədir. Müstəqil və praqmatik siyasətində dövlətin və xalqın  maraqlarının ifadəsinə əsaslanan addımları ilə hər günümüzü tariximizə  önəmli hadisələrlə dolu zəfər günləri kimi yazan dövlətimizin başçısı İlham Əliyevin bütün çıxışlarında bu inam öz əksini tapırdı ki, üçrəngli bayrağımız işğal altında olan torpaqlarımızın hər bir guşəsində dalğalanacaq. Bu əminliyə əsas verən təbii ki, Azərbaycanın bütün sahələrdə  qazandığı uğurlar, eyni zamanda, münaqişənin həlli üçün möhkəm hüquqi bazanın yaradılması  idi.  Ötən 30 ildə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icrasını gözləsə də, Azərbaycan Ordusu bu missiyanı özü təkbaşına 44 gündə həyata keçirdi, işğala son qoydu. Ermənistana və ona havadarlıq edən dövlətlərə sübut etdi ki,  yenilməz, məğrur ordusu olan Azərbaycandır. Ermənistanın illərdir yaratdığı «yenilməz erməni ordusu» mifi darmadağın edildi. Torpaqlarımızı heç zaman geri qaytarmayacaqları xülyası ilə yaşayan Ermənistan rəhbərlərinin bu ərazilərimizdə yaratdıqları istehkamlar dağıdıldı, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusu qarşısında diz çökdü. 10 noyabr üçtərəfli Bəyanatı dünyaya Azərbaycan Prezidentinin qətiyyətini, ordumuzun gücünü,  qüdrətini göstərdi.  44 gündə Azərbaycana nə qədər təzyiqlər göstərildi, müharibənin dayandırılması ilə bağlı tələblər irəli sürüldü. Bütün təzyiq və təhdidlərə əsl Liderə xas olan  mərdliklə sinə gərən dövlətimizin başçısı İlham Əliyev mövqeyindən geri çəkilməyərək Ermənistanın baş naziri Nikol Paşinyanın 7 şərtinin qarşısında bir şərt qoydu - torpaqlarımızdan çıxsınlar, rayonların boşaldılması ilə bağlı cədvəl  təqdim etsinlər. Əks  təqdirdə müharibə sonadək aparılacaq.»

Vüqar Rəhimzadə Azərbaycan Ordusunun döyüş  meydanında qalibyyətindən, şücaətindən bəhs edərək bildirib ki, bütün bu uğurlarımız 10 noyabr Bəyanatının imzalanmasını şərtləndirdi, Ermənistan kapitulyasiya  aktına imza atdı: «Ötən 30 ilə müxtəlif baxışlar mövcud olsa da,  real olan budur ki, bu müddətdə işğalçı dövlət ona olan diqqət və qayğıdan ərköyünləşərək beynəlxalq hüquq amilinin mövcudluğundan xəbərsiz olub,  xülyalarla yaşayıb, yeni ərazilər uğrunda müharibə planı hazırlayıb. Azərbaycan isə bu müddətdə güclənib, haqqın-ədalətin  kimin tərəfində olduğunu  əsaslı şəkildə dünyaya çatdırmaqla yanaşı, bu reallığın beynəlxalq təşkilatların qərar və qətnamələrində öz əksini tapmasına nail olub. Məhz bu kontekstdən yanaşdıqda açıq-aydın görmək olur ki, bu gün bir tərəfdə  yenilməz ordusu olan qalib Azərbaycan, digər tərəfdə isə  ordusu məhv edilmiş məğlub Ermənistan dayanıb.»

Baş redaktor vurğulayıb ki,  dövlətimizin başçısı İlham Əliyevin ölkədə və beynəlxalq aləmdə qazandığı imic, yaratdığı ümumi portret budur ki,  o, praqmatik siyasətçidir.  Hadisələri, prosesləri dəqiq qiymətləndirməyi, mühüm məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim etməyi bacaran, ən əsası  öz xalqının, dövlətinin gələcəyini  düşünən, dövlət maraqlarını hər şeydən üstün tutan, müstəqil siyasəti ilə öz qətiyyətli mövqeyini ortaya qoyan alternativsiz Liderdir.  Zəfərimiz möhtərəm Prezidentimizin   bu keyfiyyətlərinin real mənzərəsini bir daha    dünyaya təqdim etdi.   Rusiyanın məşhur “Vedomosti” nəşrinin seçimi bunun bir daha təsdiqidir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top