Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimiz xalqın birmənalı dəstəklədiyi, etimad göstərdiyi alternativsiz Liderdir

GÜNDƏM 22 dek 2020, 16:57
“Möhtərəm Prezidentimiz İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji  hədəflərə nail olmaq üçün  istər ölkə daxilində, istərsə də  beynəlxalq səviyyədə  düşünülmüş və məqsədyönlü siyasət həyata keçirərək Azərbaycanın timsalında  “Güclü dövlət“ konsepsiyasını reallaşdırmağa  nail oldu.  Son 17 ildə atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev bu müddətdə hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu önə çəkərək ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yaradılan möhkəm təmələ yeni əlavələr etməklə Azərbaycanı dünya miqyasında iqtisadi möcüzələr, ən islahatçı ölkə kimi təqdim etdi.  

Neft-qaz gəlirlərinin idarə olunmasında şəffaflığın təminatı müasir iqtisadi sistemin yaradılmasını, cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatların həyata keçirilməsini şərtləndirdi. Dövlətimizin başçısı İlham Əliyev daim bəyan edir ki, zaman, dövr dəyişir. Qarşıya yeni vəzifələr qoyulur.  Təbii ki, onların icrası islahatların dərinləşdirilməsini bir tələb kimi qarşıya qoyur. Azərbaycanın bir qayda olaraq mötəbər beynəlxalq maliyyə qurumlarının hesabatlarında da ən islahatçı ölkə kimi yerini möhkəmləndirməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli islahatların məntiqi nəticəsidir. Son 17 il bu məqama da işıq saldı ki,  reallaşdırılan  siyasətin  mərkəzində vətəndaş amili dayanır.  Məhz bu siyasətə sadiqliyin nəticəsidir  ki, neft kapitalının insan kapitalına  çevrilməsi bugünkü Azərbaycanın reallıqları sırasındandır.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Demokrat.az-a açıqlamasında söyləyib.

V.Rəhimzadə bildirib ki, son 17 ildə Azərbayanın bütün sahələrdə qazandığı uğurlar bu fikri böyük inam və fəxrlə söyləməyə əsas verir ki, Prezident İlham Əliyev qurucu,  Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində dövlətin  və xalqın maraqlarını ən ali məqsəd kimi qarşıya qoyan və bütün qüvvəsini bu vəzifələrin reallaşmasına səfərbər edən, milyonların sevgisini qazanan, etimad göstərdiyi  alternativsiz Liderdir: “2003-cü ildən bu günə qədər  keçirilən 2008, 2013 və 2018-ci illər prezident seçkilərində cənab İlham Əliyevin hər dəfə  möhtəşəm qələbəsini təmin etməsi məhz bu etimadın göstəricisidir. Dövlətimizin başçısı 2018-ci ildəki qələbəsi ilə Azərbaycan üçün  növbəti 7 ilin hədəflərini müəyyənləşdirdi. Təbii ki, qarşıya qoyulan məqsədlər  sırasında gündən-günə artan gücümüz, yeganə problemimiz olan  olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında ədalətli həlli, xalqımızın illərdir  torpaq həsrətinə son qoyulması, ən başlıcası ulu öndər Heydər Əliyevin vəsiyyətinin yerinə yetirilməsi dayanırdı.”

“Məhz son 17 ildə qazanılan uğurlar, Azərbaycan dövlətinin, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına cavab olaraq “İrəli!” əmri əsasında   bütün qüvvə və bacarığını  səfərbər edən Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində  xalqımızın milli qüruru özünə qayıtdı” söyləyən V.Rəhimzadə bildirib ki,  Zəfər tarixini yazan  cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən qalib Lider kimi adını əbədi olaraq tarixə  yazdı:  “Bu gün zəngin tarixə malik olması ilə daim qürur duyan Azərbaycan xalqı ona Zəfər Gününü yaşadan dövlətimizin başçısı İlham Əliyevin ətrafında yumruq kimi birləşib, son 17 ilin uğurlarına söykənərək qarşıdakı dövrün hədəflərinə doğru inamla addımlayır.”

Baş redaktor bildirib ki, Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya cəbhəsində də uğurlarımızı şərtləndirir: “Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Möhtərəm İlham Əliyevin özünün də qeyd etdiyi kimi, Müzəffər Ali Baş Komandanımız nəyi nə zaman edəcəyini çox yaxşı bilir. Ulu öndər Heydər Əliyevin şah əsəri olan  müasir müstəqil Azərbaycan dövlətini  son 17 ildə daha möhtəşəm zirvələrə yüksəltməklə  sözünün imzası qədər əhəmiyyətli olduğunu dünyaya nümayiş etdirən Prezident İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsi dövründə  30-a yaxın dünyanın nüfuzlu agentlik və televiziya kanallarına müsahibələrinin birində  jurnalistin “Tarixdə necə qalmaq istərdiniz” sualına cavabını bir daha xatırlatmaq istərdik. Prezident İlham Əliyev həmin cavabında bildirmişdir ki, mənim əsas amalım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir: “Mənim rolumun gələcəkdə necə qiymətləndiriləcəyi isə artıq bizim nəyə nail olacağımızdan, Azərbaycan xalqının iradəsindən asılı olaraq müəyyən ediləcək. Ona görə düşünürəm ki, bu məsələni o adamların mülahizəsinə saxlamaq lazımdır ki, onların fikri məndən ötrü bu və ya digər qərarların, o cümlədən Dağlıq Qarabağ məsələsi ilə bağlı qərarların qəbul edilməsində həmişə əsas olub.”

V.Rəhimzadə  beynəlxalq səviyyədə də etiraf edilən bu fikirlər fonunda bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin hər bir vədinin arxasında konkret əməl dayanır: «Məhz buna görə də cənab Prezidentin  verdiyi bütün vədlər gerçəkliyə çevrilir. Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir.  Möhtərəm Prezidentimizin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimiz sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcək.” 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top