
"Vaxtilə məni "topa" tuturdular ki, Hadi Rəcəbli deyir əhaliyə qoyun verilsin və sairə. İndi aydın olur ki, Hadi Rəcəbli nə qədər uzaqgörən olub və bunu doğru təklif edib. Bu gün 7 min ailə bu cür yardımdan yararlanıb. Əslində, bu yardım hesabına həmin ailələr sonradan biznesmen olurlar".
Bu fikirləri Demokrat.Az-a açıqlamasında Milli Məclisin Əmək və Sosial-siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli bildirib.
H.Rəcəbli deyib ki, indi əsas məsələ Azərbaycanda passiv sosial müdafiədən aktiv sosial müdafiəyə keçməkdir:
"Yəni, adamlara ancaq pul verib onu xərclətməkdənsə, yaxşı olar ki, adamlara iş yerləri yaradılsın, onlar da işləyib pul qazansınlar. Hətta, I və II qrup əlillərə də sağlamlığına uyğun iş yerləri yaratmaq vacibdir. Dünyada bu təcrübədən geniş istifadə olunur. Azərbaycanda əhalinin məşğulluğunun yaradılması istqiamətində də bir sıra addımlar atılır".
Komitə sədri Azərbaycanda pambıqçılığın inkişafından da danışıb:
"Cənab Prezident İlham Əliyevin 2006-cı ildən başlayaraq əməktutumlu iş yerlərinin yaradılması ilə bağlı tapşırıq və qəraraları var. Bu istiqamətdə xeyli sayda addımlar atılıb ki, Azərbaycanda əməktutumlu iş yerləri yaradılsın. Bunlardan biri də pambıqçılığın inkişaf etdirilməsi ilə bağlıdır. Vaxtilə Mingəçevirdə, Şəkidə və digər rayonlarımızda fabriklər var idi, orada minlərlə insan çalışırdı. Bu gün möhtərəm Prezidentimiz də bu sahəyə diqqət yetirir. Pambıqçılıq da əməktutumlu iş yerlərindən biridir. Bu sahənin inkişafı Azərbaycan üçün vacib əhəmiyyət kəsb edir. Təkcə pambıqçılıq yox, digər əməktutumlu sahələr də var ki, inkişaf etdirilir. Cənab Prezident həmin sahələrə də diqqət yetirir, açılışlarında iştirak edir.
Ümumiyyətlə, Azərbaycanda pambıqçılıq Sovet İttifaqı dövründə də geniş yayılmışdı. İndi də inkişaf etdirilir və əhali gedib orada çalışıb pul qazanır. Əlbəttə ki, bu da evlərə halal zəhmət hesabına pul gətirmək deməkdir".
Zaur
Demokrat.Az