Avropa Komissiyası TAP-ın istismarına başlanılmasını alqışlayır


SƏNAYE VƏ ENERGETİKA 07 dek 2020, 15:00
Avropa Komissiyası Cənub Qaz Dəhlizinin son hissəsi olan Trans-Adriatik Boru Kəmərinin (TAP) istismarına başlanılmasını alqışlayıb.

“Report” "Euractiv"a istinadən xəbər verir ki, bunun sayəsində Azərbaycanın “Şahdəniz” qaz yatağından hasil edilən qaz İtaliyaya nəql edilməyə başlayıb.

Avropa Komissiyasının rəsmi nümayəndəsi Tim Makfi bildirib ki, Avropa İttifaqının rəhbərliyi Yunanıstan, Albaniya və İtaliyanı birləşdirən və Xəzər dənizində hasil edilən təbii qazı Avropa istehlakçısına çatdıran TAP kəmərinin fəaliyyətə başlamasını alqışlayır.

Onun sözlərinə görə, bu layihə seçimi və rəqabəti genişləndirəcək, enerji təhlükəsizliyini artıracaq və xüsusilə də İtaliya, Yunanıstan və Bolqarıstana, həmçinin Avropanın Cənub-Şərq regionuna qazı diversifikasiya edəcək: “TAP- Avropa İttifaqının ümumi maraqlarını təmin edən və Cənub Qaz Dəhlizin əsas hissəsidir”.

Xatırladaq ki, bu günlərdə Yunanıstanın Saloniki şəhərində tikinti işlərinin başlamasından 4 il yarim sonra, 878 kilometrlik qaz nəqliyyat sistemi - TAP Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçərək, kommersiya əməliyyatlarına başlayıb. Peşəkarlardan ibarət çoxmilli sənaye komandası enerji infrastrukturunun bu strateji hissəsini vaxtında və etibarlı şəkildə təhvil vermək üçün çətin şəraitdə səylə və effektiv çalışıb.

TAP Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirəcək qovşaq layihəsidir. Kəmər keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top