Türkiyədən qızı deportasiya olunan atadan şok əməl — Təfərrüat


KRİMİNAL 04 dek 2020, 11:42
Abşeron rayonunda arvadına xəsarət yetirməkdə ittiham olunan Ağsu rayon sakini, 1973-cü il təvəllüdlü Fazil Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın xəbərinə görə, Abşeron rayonu, Qobu qəsəbəsində Fazil Rəhimov qızının onların evində çox qalması səbəbindən arvadı Mətanət Rəhimovaya iradını bildirib.

Bu səbəbdən Fazil Rəhimovun arvadı ilə aralarında mübahisə yaranıb. Mübahisə zamanı o, arvadını döyərək, ona xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Fazil Rəhimovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fazil Rəhimov bildirib ki, Mətanət ilə 1995-ci ildən evlənib, birgə nikahlarından 5 qız övladları var: “Hadisə baş verən günü, günorta saatlarında həyətdə olan ördəklərdən birini kəsdim, bişirilməsi üçün evə verdim. Həmin gün saat 18 radələrinədək evdə yemək bişirilmədi. Mən də gələrək Mətanətin telefonda kiminləsə danışdığını gördüm. Mənə yemək bişirilmədiyinə görə irad bildirdim. Bundan sonra Mətanət  gələrək yemək bişirdi, birlikdə yemək yeyəndə 5 yaşlı qızım Nurcahan bacısından su istədi. Qızım Nurcahana sərt cavab qaytardı. Mən də ona iradımı bildirdim. Mətanət də böyük qızın evimizdə qonaq olduğunu, bir neçə günə gedəcəyini bildirdi. Böyük qızım acıq edərək süfrədən qalxdı. Mən də acıq edərək yemək boşqabını masanın üstünə atdım, stoldan durdum. Bundan sonra arvadım münaqişə yaratdı. Mən də əsəbləşərək əlim ilə bir dəfə Mətanətin sifətinə vurdum, zərbənin təsirindən burnundan qan gəldi”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Mətanət Rəhimovanın sözlərinə görə, qızlarından ikisi Türkiyə Cümhuriyyəti vətəndaşları ilə evlidirlər: “Onlardan böyük qızım bir ildən çoxdur ki, sənədlərində problem olduğu üçün Azərbaycan Respublikasına deportasiya edilib. Həmin vaxtdan da bizimlə birlikdə yaşayır. Ərim Fazil mütəmadi olaraq spirtli içkilər qəbul edir və evdə münaqişə yaradır”.

Mətanət Rəhimovanın bildirdiyinə görə, sonuncu dəfə Fazil Rəhimov yenə sərxoş vəziyyətdə yaşadığı evdə münaqişə yaradıb: “Fazil qızımın öz ər evinə getməməsinə görə nalayiq ifadələr işlətdib. Mən də ona müdaxilə etdim, iradımı bildirdim. Buna görə də Fazil əsəbləşərək məni döydü. Döyərkən isə sonuncu yumruqla bir dəfə burnuma zərbə vurdu. Daha sonra isə əli ilə sifətimə və başıma zərbələr vuraraq qızlarım ilə birlikdə məni evi tərk etməyə məcbur etdi”.

Mətanət Rəhimova qeyd edib ki, hazırda təqsirləndirilən şəxs ilə aralarında barışıq olub, bu səbəbdən ona qarşı heç bir şikayətii yoxdur. O, məhkəmədən təqsirləndirilən şəxs barəsində olan hazırki cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş edib.

Abşeron rayon Məhkəməsinin hökmü ilə Fazil Rəhimovun barəsində olan cinayət işinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub.

Fariz Məlikli
Demokrat.az

 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 may 2021, 00:20
Top