Şeyxin qardaşı: “Kəlbəcər qansız-qadasız, bir güllə atılmadan, şəhid vermədən erməni işğalından azad edildi”

GÜNDƏM 28 noy 2020, 17:25
“27 ildən çoxdur ki, işğal altında olan Kəlbəcər rayonunun azad edilməsi tariximizdə mühüm hadisədir. Rəşadətli Azərbaycan Ordusu noyabrın 25-də rayona daxil oldular. Kəlbəcər qansız-qadasız, bir güllə atılmadan, şəhid vermədən erməni işğalından azad edildi”.

Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

Cavanşir Paşazadə bildirib ki, sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın qüdrətli ordusu, qəhrəman əsgərlərimiz Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə işğal altında olan torpaqlarımızın böyük bir hissəsini azad etdi, düşmən ordusu darmadağın olundu: "Buna görə də məğlub duruma düşən Ermənistan hakimiyyəti kapitulyasiya sənədini imzalamağa məcbur oldu. İmzalanmış sənədə əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğalçı Ermənistanın hərbi birləşmələri tərk etməli idi. Artıq Ağdam və Kəlbəcər rayonları azad edilib, dekabrın 1-dək isə Laçın rayonu da azad olunacaq. Bu, bizim möhtəşəm siyasi qələbəmizdir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, döyüş meydanında hərbi üstünlüyümüz, siyasi müstəvidə də üstünlüyümüzü təmin etdi və düşmən kapitulyasiya sənədini imzalamağa məcbur oldu".

Millət vəkilinin sözlərinə görə, Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi, lakin Ermənistan tərəfinin müraciəti əsasında Ermənistana Kəlbəcəri təhvil vermək üçün 10 gün əlavə möhlət verildi. O qeyd edib ki, Kəlbəcərin azad olunması BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin Azərbaycan dövləti tərəfindən icrasının təmin edilməsi deməkdir. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal edilmişdi. Həmin dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz və xəyanətkar siyasəti rayonun işğalına şərait yaradıb.

Deputatın sözlərinə görə, bu gün Kəlbəcəri tərk edən erməni əhalisi 1993-cü ildə rayonun işğalından sonra orada qeyri-qanuni məskunlaşıb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən işğalçı Ermənistan Kəlbəcər ərazisində ermənilərin fəal məskunlaşdırılmasına başlayıb. Bu gün isə qeyri-qanuni yaşadıqları əraziləri - Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüblər. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb. Buna baxmayaraq, Kəlbəcər həm də XXI əsrdə erməni vandalizminin əyani nümunəsinə çevrilib. Ermənilər buranı tərk edərkən evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji terror törədiblər.

“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam kimi, Kəlbəcər də qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı. Azərbaycan Ordusu olduqca çətin relyefə, sərt iqlimə malik olan Kəlbəcərə şəhid vermədən, bir güllə atmadan daxil olub. Bu, dövlətimizin, xalqımızın böyük qələbəsidir”,-deyə Cavanşir Paşazadə qeyd edib.(pravda.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top