İradə Gülməmmədova II Qarabağ müharibəsinin qazilərinə baş çəkdi — FOTOLAR

GÜNDƏM 27 noy 2020, 17:45
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova II Qarabağ Müharibəsində döyüşüb qazi olan abşeronlu hərbçilərlə görüşüb. Onların yaşadıqları ünvanlara gedən başçı qazilərin qayğıları və problemləri ilə maraqlanıb.

Demokrat.az xəbər verir ki, əvvəlcə Rzayev Polad Tofiq oğlu ilə görüşən İ.Gülməmmədova Azərbaycan xalqının qalib gəlməsi münasibəti ilə qəhrəmanımızı Abşeron ictimaiyyəti adından təbrik edib.

Bildirilib ki, qazimizin atası Tofiq Rzayev də torpaqlarımızın azadlığı uğrunda gedən I Qarabağ müharibəsində igidliklə döyüşüb və 1992-ci il may ayının 8-də Şuşa ətrafında şəhid olub. Atasının mübariz yolunu tutan, 13.03.1989-cu il təvəllüdlü, kapitan Polad Rzayev də II Qarabağ müharibəsində döyüşərək ağır yaralanıb.

Qeyd edilib ki, zabitimizin mənzil problemi nəzərə alınaraq ev növbəsinə götürülməsi istiqamətində sənədlərinin hazırlanmasına başlanılıb. Eyni zamanda RİH tərəfindən maddi yardımla təmin olunub.

*****

Başçı sonra qazi Atamoğlanov Rüfət Əbülfət oğlu ilə görüşüb. 1993-cü il iyulun 20-də anadan olan qəhrəmanımız müddətdən artıq xidmət edən hərbçilərimizdən olub. Perəkəşküldə yerləşən N saylı hərbi hissədə xidmət keçən R.Atamoğlanov müharibə başlayan ilk gündən cəbhəyə yollanıb. Uğurlu döyüş yolu keçən hərbçimiz Füzuli ətrafında gedən döyüşlərdə ağır yaralanıb, ayağından qəlpə yaraları alıb. Subay olan hərbçimiz hazırda Xırdalan şəhərində kirayədə yaşayır.

Qeyd edək ki, hərbçimizin atası Atamoğlanov Əbülfət Sabir oğlu da Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərə qatılıb. Ə.Atamoğlanov 1993-cü ildə I Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəlib.

Qazimizin sosial durumu nəzərə alınaraq ona maddi köməklik göstərilib. Eyni zamanda ev növbəsinə durması üçün lazimi sənədləşmə işləri həyata keçirilib.

*****

Daha sonra qazi Əhmədov Mirzə Eldar oğlunun Xırdalan şəhərində yaşadığı ünvana gələn başçı qəhrəmanızın qayğıları və problemləri ilə maraqlanıb.

Bildirilib ki, 1991-ci il avqustun 26-da anadan olan M.Əhmədov internatda böyüyüb, boya-başa çatıb. Valideyn himayəsindən məhrum olan qəhrəmanımız daha sonralar müddətdən artıq hərbi xidmət keçib. II Qarabağ müharibəsi başlayandan sonra torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılıb. 21.10.2020-ci il tarixində isə Füzuli yaxınlığında gedən döyüşlərdə ayaqlarından qəlpə yarası alıb. Bundan başqa hərçimizin yanına düşən mərminin partlaması nəticəsində güclü kəllə-beyin travması alıb.

Hazırda yaxın qohumlarının evində yaşayan qazimizin mənzil problemi nəzərə alınaraq ev növbəsinə götürülməsi istiqamətində sənədlərinin hazırlanmasına başlanılıb. Eyni zamanda RİH tərəfindən maddi yardımla təmin olunub.




Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top