Ermənilərin ekoloji terroru ilə bağlı 31 təşkilata müraciət edildi

SOSİAL 16 noy 2020, 20:26

Ermənilər tərəfindən təbiətin vəhşicəsinə talan edilməsinə son qoyulması üçün Azərbaycanın haqlı tələbi beynəlxalq təşkilatların diqqətinə çatdırılıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmiləri son günlər Qarabağda və Kəlbəcər rayonunda ermənilər tərəfindən meşələrin qəsdən yandırılması, ağacların kütləvi şəkildə qırılması kimi ekoloji cinayətlərə son qoyulması və bu cinayət faktlarının beynəlxalq ekoloji təşkilatlara çatdırılması məqsədilə beynəlxalq tərəfdaş təşkilatlarla onlayn görüşlər keçirib.


Nazirlikdən Demokrat.az-a verilən məlumata görə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisi, BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycan üzrə ölkə nümayəndəsi ofisi və BMT-nin Ətraf Mühit Proqramının Avropa üzrə Regional Nümayəndəliyinin ofisi ilə ayrı-ayrılıqda keçirilən onlayn görüşlərdə Qarabağ bölgəsinin təbii sərvətlərinə, ətraf mühitinə, biomüxtəlifliyinə zərər dəyməsi, qiymətli ağac və kol növləri ilə zəngin meşələrimizin məqsədli şəkildə məhv edilməsi barədə bir daha xarici təmsilçilər məlumatlandırılıb.


Eyni zamanda erməni işğalçılarının törətdiyi ekoloji genosidin dayandırılması üçün ETSN tərəfindən ekologiya və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən ümumilikdə 31 beynəlxalq təşkilata müraciət ünvanlanıb.


Müraciətlərdə qeyd olunub ki, beynəlxalq təşkilatlar Ermənistanın Qarabağ ərazisində törətdikləri faktiki ekoloji cinayətlərin qarşısını almaq üçün heç bir ciddi tədbirlər görmür, əksinə, buna göz yumur.


Qarabağ ərazisində, Kəlbəcər rayonunda davam etdirilən ekoloji terror aktları, təbiətin vəhşicəsinə talan olunması və bunlara son qoyulması ilə bağlı Azərbaycan tərəfinin haqlı tələbi beynəlxalq təşkilatların diqqətinə çatdırılıb. Bütün bölgəyə təsir edən və qlobal miqyasda bərpaolunmaz ekoloji nəticələrə səbəb olacaq bu dəhşətli əməllərə təcili reaksiya və ədalətli qiymət verilməsi tələb edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top