Siyasət

İranda rejim dəyişdi — Tramp qələbə elan etdi

İranda rejim dəyişdi — Tramp qələbə elan etdi

ABŞ Prezidenti Donald Tramp İranla bağlı son hadisələri şərh edərkən bütün dünyada geniş əks-səda doğuracaq bəyanatlar verib. Canlı yayımda çıxış edən Tramp İranın ABŞ-a neft və təbii qazla bağlı "çox dəyərli bir hədiyyə" verdiyini iddia edib. Bu hədiyyənin mahiyyətini tam açıqlamasa da, ABŞ lideri bunun milyardlarla dollar dəyərində olduğunu və İranın artıq fərqli yola qədəm qoyduğunu vurğulayıb.

Trampın sözlərinə görə, İranda artıq real rejim dəyişikliyi baş verib. O bildirib ki, hazırkı liderlər əvvəlki gərginliyə səbəb olan şəxslərdən tamamilə fərqlənirlər. "Hesab edirəm ki, bu müharibəni artıq qazanmışıq", - deyən Tramp Tehranın nüvə silahından imtina etməyə hazır olduğunu və hazırda ABŞ rəsmiləri ilə ciddi müzakirələrin getdiyini qeyd edib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlar regionda vəziyyəti son həddə çatdırmışdı. Hücumlar nəticəsində İranın ali rəhbərliyi və bir çox yüksək rütbəli rəsmisi həlak olmuşdu. Tramp həmçinin bildirib ki, İran tərəfi ABŞ-ın "USS Abraham Lincoln" aviadaşıyıcısına 100 raket atsa da, onların hamısı zərərsizləşdirilib. Hazırda tərəflər arasında yeni bir sazişin imzalanması üçün diplomatik təmasların intensivləşdiyi bildirilir.

Demokrat.az

NE
Nihadə Eyyubova