Keçmiş DTX zabiti: "Azərbaycanda Polad Aslanov kimi xarici xüsusi xidmət orqanlarının tapşırıqlarını həyata keçirməyə hazır olan şəxslər ola bilər"
"İranlı general Qasım Süleymaninin ölümü ilə bağlı Azərbaycanda ciddi narahatlıq keçirən bir qrup şəxslərin son günlər sosial şəbəkələrdə müxtəlif çağırışlar etməsi və xüsusi fəallıq göstərməsi Azərbaycanın milli təhlükəsizliyinə təhdidlər yaradır. Mən Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinə çağırış edirəm ki, həmin şəxslər nəzarətə götürülsün, ciddi şəkildə yoxlansılsınlar".
Bu fikirləri Demokrat.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl bildirib.
İlham İsmayıl deyib ki, milli təhlükəsizliyimizin təhdid olunması təkcə terror aktı və ya partlayışla ölçülmür. Eyni zamanda ideoloji boşluğun yaratdığı bu cür təhlükələr daha dağıdıcı olur:
"Son günlər İran generalının ölümü ilə bağlı cəmiyyətdə yaranan qarşıdurma bir daha göstərdi ki, Azərbaycan cəmiyyətində kifayət qədər ciddi ideoloji boşluqlar var. Bu ideoloji boşluq başqaları tərəfindən təhdid edilməyə və təhlükədə saxlanılmağa gətirib çıxarır. Bu cür vəziyyətin yaranmasında həm Azərbaycanda ideoloji sahəyə uzun illər cavabdeh olmuş şəxslərin, həm də yarıtmaz təhsilin böyük günahı var. İndiyədək bu boşluq doldurulmadığı üçün iradəsi zəif olan insanlarımız da üzünü başqa dövlətlərə tutublar. İnanın ki, sabah bir rus generalı da eyni şəkildə öldürülsə, eyni vəziyyət yaranacaq, insanlar az qala onlara da yas tutacaqlar".
Ekspert qeyd edib ki, Qasım Süleymaninin mənsub olduğu İran dövlətinin bir sıra dairələri zaman-zaman Azərbaycanın müstəqilliyini hədələyiblər:
"Şəxsən həmin general Qasım Süleymani özü də Azərbaycanı hədələyib. Çox təəssüf ki, bütün bunlara baxmayaraq, Azərbaycanda zərərli "müsəlman təəssübkeşliyi" formalaşıb. Onlar bunun adını "müsəlman təəssübkeşliyi" qoysalar da, ancaq bu, Azərbaycanın mənafeyini satmaqdan ibarətdir. Burada kütləvi psixoloji savadsızlıq da mövcuddur. Onlardan bəziləri Vətənini sevirlər, amma onlar iranlı müsəlmanın ölümünü "şəhid" hesab edirlər. Bu adamlar başa düşmürlər ki, Qasım Süleymani İran İslam Respublikasının xarici dövlətlərdə olan maraqlarını həyata keçirən zaman öldürülüb. Yəni, onun apardığı cihad deyil, onun islam şəhidi sayılması üçün fətva belə verilməyib. Bütün bu cür dini savadsızlığın və zərərli "müsəlman təəssübkeşliyi"nin əsas səbəbi Azərbaycanda olan milli ideologiyasızlıqdır. Bu da Azərbaycan dövlətinin təhlükəsizliyinə çox ciddi təhdidlər yaradır. Əmin olun ki, sabah ölkəmizdə ekstremal stiuasiya yaransa, Azərbaycanı bir neçə yerə parçalamağa çalışacaqlar".
O, Azərbaycanda xarici dövlətlərin maraqlarını müdafiə edən bir sıra KİV-lər, internet saytları və sosial şəbəkə istifadəçilərinin fəaliyyətinə də toxunub.
Keçmiş DTX zabiti bildirib ki, həmin şəxslər və fəaliyyət növləri ciddi şəkildə araşdırılıb lazımı təhlükəsizlik tədbirləri görülməlidir.
İlham İsmayıl bu baxımdan DTX-nın ötən il keçirdiyi əməliyyat zamanı saxlanılan “xeberman.com” və “press-az.com” informasiya saytlarının təsisçisi və baş redaktoru Polad Aslanovun həbs edilməsinə isə belə şərh edib:
"Son hadisələr göstərdi ki, Azərbaycanda xarici xüsusi xidmət orqanlarının tapşırıqlarını həyata keçirməyə hazır olan şəxslər ola bilər. Çox təəssüf ki, bu cür boşluqlar sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun dövründə yaranmışdı. Ancaq hesab edirəm ki, bu istiqamətdə ciddi tədbirlər davam etdirilməlidir. Bu, kampaniya xarakteri almamalıdır. Ümumiyyətlə, din və dindarlarla bağlı məsələlər daim dövlətin ciddi nəzarətində olmalıdır. Vaxtilə Eldar Mahmudovun dövründə bu məsələyə nəzarət zəifləmişdi. Hesab edirəm ki, indi bu istiqamətdə nəzarət daha da gücləndirilməlidir. Sosial şəbəkələrdə iranlı generala açıq dəstək nümayiş etdirən həmin şəxslər ciddi şəkildə yoxlanılmalıdır. Ona görə də Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti bu şəxsləri ciddi nəzarət götürməli və müvafiq işlər aparılmalıdır. Həmin şəxslərlə bağlı artıq əlavə məlumatlar öyrənməyə ehtiyac belə yoxdur. Onların barəsində ciddi proflaktik və inzibati tədbirlər həyata keçirilməlidir. Eyni zamanda maarifləndirilmə işi gücləndirilməlidir. Milli ideologiya, hərbi vətənpərvərlik və Azərbaycançılıq bayağı formada deyil, real şəkildə insanlara təbliğ olunmalı və aşılanmalıdır. Yoxsa gələcəkdə daha ciddi təhlükələrlə üzləşə bilərik".
Zaur Hacılı
Demokrat.az