"Azərbaycan-Gürcüstan enerji əməkdaşlığı birgə strateji baxışın təzahürüdür"

SƏNAYE VƏ ENERGETİKA 22 oktyabr 2025, 10:43
Azərbaycan-Gürcüstan energetika sahəsində əməkdaşlığı təkcə iqtisadi maraqlara deyil, həm də regionun sabitliyi və inkişafına yönəlmiş birgə strateji baxışın təzahürüdür.

Demokrat.az-ın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov 5-ci Tbilisi İpək Yolu Forumunda çıxışında bildirib.

Baş nazir deyib ki, bu strateji tərəfdaşlıq artıq regional sərhədləri aşaraq beynəlxalq əməkdaşlığın uğurlu nümunəsinə çevrilib: “Azərbaycan-Gürcüstan energetika əməkdaşlığı təkcə iqtisadi maraqlara deyil, həm də regionun sabitliyi və inkişafına yönəlmiş birgə strateji baxışın təzahürüdür. Bu əməkdaşlığın əsasını Bakı–Tbilisi–Ceyhan neft boru kəməri, Bakı–Tbilisi–Ərzurum qaz boru kəməri və Cənub Qaz Dəhlizi kimi beynəlxalq əhəmiyyətli layihələr təşkil edir. Bu layihələr regionumuzun geosiyasi mənzərəsini dəyişmiş, enerji resurslarının təhlükəsiz və etibarlı şəkildə dünya bazarlarına çatdırılmasını təmin edib. Xüsusilə də Azərbaycanın təşəbbüsü və Gürcüstanın fəal iştirakı ilə reallaşan Cənub Qaz Dəhlizi artıq Avropanın enerji təhlükəsizliyinin vacib komponentinə çevrilib. Son aylarda Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı artaraq 14-ə çatıb ki, onlardan 10-u Avropa ölkəsidir. Bu gün biz artıq neft-qaz sahəsindəki uğurlu əməkdaşlığımızı yeni mərhələyə yüksəldərək, yaşıl enerji istiqamətində inkişaf etdiririk. Azərbaycan və Gürcüstan bərpa olunan enerji mənbələrinin inkişafı və “Xəzər – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizi” təşəbbüsü çərçivəsində də güclü tərəfdaşlar kimi çıxış edirlər. Bu, bizim gələcəyə yönəlmiş ortaq baxışımızın və dayanıqlı inkişaf prinsiplərinə sadiqliyimizin göstəricisidir”. (Apa)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top