
Yutub platforması ABŞ prezidenti Donald Trampın 2021-ci ilin yanvarında Kapitoliya hücumu sonrası hesabının bloklanması ilə bağlı iddia üzrə 24,5 milyon dollar təzminat ödəyəcək.
Axşam.az xəbər verir ki, bu barədə "Reuters" məhkəmə sənədlərinə istinadən məlumat verir.
Məbləğin 22 milyon dolları Ağ Ev üçün yeni bal zalının tikintisi ilə məşğul olan “Trust for the National Mall” qeyri-kommersiya təşkilatına yönəldiləcək. Qalan hissəsi isə yutubu senzura ittihamları ilə məhkəməyə verən digər iddiaçılara paylanacaq.
Qeyd edək ki, Trampın hesabları 2021-ci ilin yanvarında prezident seçkilərinin nəticələrindən narazı olan tərəfdarlarının Kapitoliya hücumundan sonra bloklanıb. Sosial media rəhbərliyi Trampın mesajlarının etirazları təşviq etdiyini qərara alıb.
Əvvəlcə Trampın hesabını "Twitter", ardınca isə feysbuk və instaqram bağlayıb. Daha sonra yutub Trampın səhifəsini bloklayaraq yeni videolar yükləmək və şərh yazmaq imkanını bağlayıb. Bundan sonra isə Tramp məhkəməyə müraciət edib.