Çingiz Qənizadə: “Adnan Əhmədzadənin hər hansı prosessual hüququ pozulmayıb”

GÜNDƏM 24 sentyabr 2025, 13:10
Adnan Əhmədzadənin həbsi bir sıra məsələləri gündəmə gətirib. Belə ki, əvvəllər vəzifəli və imkanlı şəxs həbs ediləndə, hüquq müdafiəçiləri, QHT rəhbərləri və media nümayəndələri onun müdafiəsinə qalxırdılar. Müdafiə komitələri yaradılır, deputatlar, şair və yazıçılar, nüfuzlu ziyalılar həmin şəxsin azadlığa buraxılması üçün imzatoplama kampaniyaları təşkil edirdilər. Bu cür təşəbbüslər əksər hallarda nəticə verməsə də, ictimaiyyətin diqqətini cəlb edirdi.

Məsələn, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev 20 il əvvəl həbs olunarkən onunla bağlı geniş kampaniya aparılmışdı. Həmin dövrdə deputat olan Cəmil Həsənli Fərhad Əliyevin hüquqlarının müdafiəsi komitəsinə rəhbərlik edirdi.

2007-ci ildə Hüseyn Abdullayevin həbsi zamanı da oxşar təşəbbüslər göstərilmişdi, lakin ailəsinin müdaxiləsindən sonra bu kampaniya davam etmədi.

Son illərdə bu ənənə tədricən aradan qalxıb. Xüsusilə 2015-ci ildən sonra imkanlı şəxslərin hüquqlarının müdafiəsi istiqamətində demək olar ki, heç bir təşəbbüs irəli sürülmür.

Hazırda Adnan Əhmədzadə ilə bağlı belə bir təşəbbüs olsa, görəsən hüquq müdafiəçiləri və QHT rəhbərləri buna dəstək verərmi?

Demokrat.az xəbər verir ki, Globalinfo.az-a danışan hüquq müdafiəçisi, sabiq millət vəkili Çingiz Qənizadənin fikrincə, insanları “pullu” və “kasıb” kateqoriyasına bölüb yalnız bu əsasla onların hüquqlarını müdafiə etmək, tamamilə qeyri-normal bir yanaşmadır.

O, öz təcrübəsində belə hallara heç vaxt yol vermədiyini qeyd edib:

“İstənilən şəxsin kimliyindən, statusundan və ya imkanlarından asılı olmayaraq əgər qanunvericiliklə nəzərdə tutulan prosessual hüquqları pozularsa, ona dəstək göstərilməlidir. Çünki biz hüquqi və demokratik bir dövlətdə yaşayırıq. Lakin kiminsə yalnız pulu olduğu üçün azadlığa buraxılmasına çalışmaq, bu istiqamətdə təşəbbüslərə qoşulmaq, bəzən isə hüquq müdafiəçiliyi adı altında fəaliyyət göstərən bəzi QHT rəhbərlərinin bu proseslərdə iştirakı, fikrimcə, artıq hüquq müdafiəsi deyil, işbazlıqdır. Onlar burada şəxsi və ya qrup maraqları güdürlər, bu səbəbdən də belə təşəbbüslərdə aktiv olurlar”.

Müsahibimiz vaxtilə Cəmil Həsənli və digərlərinin bu cür tədbirlər təşkil etdiklərindən xəbərdar olduğunu bildirib:

“Son vaxtlar bu cür hallar ya aradan qalxıb, ya da hüquq müdafiəçiləri, QHT-lər və bəzi deputatlar fəaliyyətlərini düzgün istiqamətə yönəldiblər. Yaxud da artıq bu cür təşəbbüslərə ehtiyac qalmayıb. Şəxsən mən bu cür yanaşmalara mənfi baxıram. Hüquq müdafiəsi anlayışı insanların kateqoriyalara bölünməsi ilə bir araya sığmır. Vəzifəli şəxs də ola bilər, adi vətəndaş da – kimin hüququ pozularsa, bu, diqqətə alınmalı və müdafiə olunmalıdır. Amma əsas məqsədimiz insanların ümumiyyətlə hüquqlarının pozulmaması olmalıdır”.
Adnan Əhmədzadə məsələsinə gəlincə, Çingiz Qənizadə bu məsələnin onu maraqlandırmadığını deyib:

“Onun Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən saxlanılması faktı göstərir ki, bu məsələ dövlət səviyyəsində araşdırılır və səbəbləri aydındır. Sadəcə olaraq, bu hadisə ətrafında mətbuatda süni şəkildə şou yaradılıb və sanki ölkədə başqa heç bir problem, narahatlıq və ya müzakirə predmeti yoxdur. Hesab edirəm ki, istintaq prosesi davam edərkən hər hansı bir hay-küy qoparmaq, komitə yaratmaq, bəyanatlar vermək və ictimaiyyəti çaşdırmaq hüquqi baxımdan yolverilməzdir. Əgər bu məsələ ilə bağlı hər hansı komitə yaradılarsa, mən orada iştirak etməyəcəyəm. Çünki artıq vəkili özü bildirib ki, saxlanılma zamanı Adnan Əhmədzadənin hər hansı prosessual hüququ pozulmayıb və bütün qanuni prosedurlara əməl olunub. Törədilən əməldə cinayət tərkibi varsa, əminəm ki, DTX zamanla bu barədə ictimaiyyətə açıqlama verəcək. Hətta bu məsələ dövlət sirri kimi qalarsa belə, gələcəkdə məhkəmə prosesi vasitəsilə cəmiyyətə müəyyən informasiyalar təqdim olunacaq. Ona görə də, hansısa pullu bir şəxsin həbsi üzərindən ölkənin ictimai-siyasi gündəmini formalaşdırmaq, bunu geniş müzakirəyə çevirmək, məncə, əsas mövzudan yayınmaqdır və heç bir ciddi ictimai faydası yoxdur”.

“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadənin fikrincə, kiminsə yalnız maddi imkanlarına görə onun üçün xüsusi kampaniya aparılması mənəvi və etik cəhətdən düzgün deyil:

“Bu cür hərəkətlər mənfi niyyətdən xəbər verir və mən onları qəti şəkildə pisləyirəm. Əgər törədilmiş cinayət sübuta yetirilirsə, ona münasibət cinayət prosesinin nəticəsinə uyğun müəyyən olunur və müvafiq cəza tətbiq edilir. Lakin bəzi hallarda məhkumun sağlamlığı ilə bağlı problemlər üzə çıxan zaman maraqlı şəxslər, təşkilatlar ölkə rəhbərliyinə, müvafiq orqanlara müraciətlər edirlər ki, cəzanın qalan hissəsindən azad olunsun. Azərbaycanda məhkəmə qərarı əsasında cəzanın qalan hissəsindən azad edilmə, şərti azadlıq və ya əfv mexanizmləri mövcuddur və onlar tarixən işləyib”.

C.Hüseynzadə deyib ki, zəngin şəxslərin sırf var-dövlətlərinə görə müdafiə olunması və ya onlara xüsusi imtiyazlar yaradılması çox pis nümunədir:

“Bu həm etik, həm də mənəvi baxımdan qəbuledilməzdir. Adnan Əhmədzadə məsələsinə gəlincə isə, qanunvericiliyə uyğun olaraq proses gedir və məhkəmənin qərarı olacaq. Hər kəs maddi imkanından asılı olmayaraq qanun qarşısında bərabərdir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 sentyabr 2025, 14:59
Top