Sosioloq: "Nə həkim normal xidmət göstərə bilir, nə də xəstə keyfiyyətli xidmət ala bilir"

GÜNDƏM 19 sentyabr 2025, 18:41
"Bu, birbaşa idarəetmənin qeyri-effektivliyi  ilə bağlıdır. Normal qaydada bu sistem idarə olunmur. Halbuki hesablanmış nəticələr olmalıdır. Həkimlər həddindən artıq yüklənir, bir həkimə gündə 20-30 xəstə qəbul etmək həvalə olunur. Nəticədə nə həkim normal xidmət göstərə bilir, nə də xəstə keyfiyyətli xidmət ala bilir. Həkim yorulur, zehni tükənir, xəstə isə 5-10 dəqiqəyə dərdini tam izah edə bilmir".

Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib. 

O bildirib ki, müayinə və avadanlıqların çatışmazlığı böyük problemlər yaradır:

"Hər xəstənin qarşısında 30-40 nəfər növbə gözləyir. Bir müayinəyə getmək üçün 50-60 nəfərlik növbə çəkmək lazım gəlir. Bəzən bu növbə səhərə qədər, bəzən isə ertəsi günə qədər davam edir. Həkim qəbulunda tələsik 3-4 müayinə yazılır. Hər müayinəyə ayrıca növbə götürmək, günlərlə gözləmək, bütün nəticələr hazır olduqdan sonra isə yenidən həkim qəbuluna düşmək tələb olunur.

Normal bir səhiyyə idarəetməsi qurulmalıdır. Bütün xəstəxanalar, klinikalar və mərkəzlər vahid bir orqanın tabeçiliyində idarə olunmalıdır. Harada nə qədər həkim, avadanlıq, xəstəxana olduğunu bilmək və sistemli planlama aparmaq vacibdir".

Sosioloq deyib ki, dövlət xəstəxanalarında həkimlər az maaşa görə istismar olunur, buna görə də çoxu özəl klinikalarda çalışaraq əsas qazancını oradan əldə edir:

"Dövlət xəstəxanasına isə formal olaraq gəlir, vaxt keçirir, məsuliyyət hissi ilə yanaşmır. Bu isə səhiyyə deyil, xaotik idarəçilikdir. Dünyada bu cür analoqu olmayan sistem mövcud deyil. Azərbaycan səhiyyəsi kökündən yenidən qurulmalıdır. Bütün xidmətlər bir mərkəzdən tənzimlənməli, şəffaflıq təmin olunmalıdır. Dərmanlar sığorta ilə qarşılanmalı olduğu halda, əksər hallarda insanlar onları aptekdən öz hesabına alır. Qiymətlər dəqiq göstərilmir. Sığorta ilə xəstəxanaya gedən pasiyent isə əksər hallarda əlavə ödənişlə üzləşir. Beləliklə, sığortalı müalicə bəzən adi ödənişli klinikadan da baha başa gəlir.

Əgər vəziyyət belə davam edəcəksə, insanlar niyə illərlə sığorta üçün pul ödəməlidir? Ya bu sistem real şəkildə qurulmalı, əhali üçün əlçatan və insani səhiyyə xidməti təmin edilməlidir, ya da açıq şəkildə elan olunmalıdır ki, belə bir sistem mövcud deyil".

Onun sözlərinə görə, hazırda bu sistem insanlara işgəncədir:

"Belə icbari tibbi sığorta ola bilməz. Sovet dövründə tibbi xidmət tamamilə pulsuz idi. İndi isə əməkhaqqımızdan, gəlirimizdən pul tutulur, amma qarşılığında keyfiyyətli xidmət ala bilmirik. Özəl klinikalar isə sığortalı pasiyentləri ya gec qəbul edir, ya da əlavə problem yaradır. Ona görə insanlar məcbur qalaraq sığortadan kənar, öz hesabına müayinə olunurlar.

Dövlət xəstəxanalarının sayı azaldılıb, bir çoxu özəlləşdirilib. Çoxlu tibbi xidmət yalnız 2-3 mərkəzdə toplanıb, bəzi müayinələr isə tək bir ünvanda aparılır. Minlərlə insan ora müraciət etmək istədiyindən vəziyyət daha da dözülməz olur.

Artıq buna “tibbi xidmət” demək olmaz. Azərbaycanda səhiyyə sistemi faktiki olaraq dünyada analoqu olmayan bir xaosdur. Səhiyyə üç qurumun nəzarətindədir: Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi. Üç ayrı dövlət orqanı eyni sahəyə rəhbərlik edir. Kim kimə tabedir, şikayət hara ünvanlanmalıdır? Bu da sistemsizliyin başqa bir göstəricisidir".

Qeyd edək ki, vətəndaşlar TƏBİB-in sisteminin tez-tez sıradan çıxması ilə bağlı şikayətlənirlər.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top