"Azərbaycanın ixrac coğrafiyasını şaxələndirməsi..." — AÇIQLAMA

GÜNDƏM 19 sentyabr 2025, 18:29
“Azərbaycanın 2025-ci ilin yanvar–avqust aylarında qeyri-neft ixracının 2,4 milyard ABŞ dolları təşkil etməsi müsbət göstəricidir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı Azər Bayramlı deyib.

O əlavə edib ki, bu həcmin yarısının Rusiya və Türkiyə bazarına yönəlməsi müəyyən risklər yaradır:

“Rusiyaya ixrac ümumi həcmin 33,93 faizini, Türkiyəyə ixrac isə 16,44 faizini təşkil edir. Bu isə ixracın yüksək dərəcədə konsentrasiyasını ortaya qoyur. Konsentrasiya isə hər hansı siyasi, iqtisadi və ya logistika böhranında Azərbaycan məhsullarının bazara çıxışını çətinləşdirə bilər. Ona görə də ixrac coğrafiyasının şaxələndirilməsi zəruri məsələdir. Bunun üçün Azərbaycan yeni bazar axtarışını prioritetə çevirməlidir. İlk növbədə Mərkəzi Asiya, Yaxın Şərq və Cənub-Şərqi Asiya ölkələri perspektivli istiqamətlər hesab oluna bilər”. 

İqtisadçı əlavə edib ki, Avropa İttifaqının kənd təsərrüfatı və emal məhsullarına marağı var:

“Burada keyfiyyət standartlarına uyğunlaşma əsas şərtdir. Logistika imkanlarının genişləndirilməsi, xüsusən də Bakı Limanı və Orta Dəhliz üzərindən malların daşınması, yeni bazarlara çıxışı asanlaşdıra bilər. Digər mühüm istiqamət məhsul çeşidinin artırılmasıdır. Hazırda əsasən xammal və kənd təsərrüfatı malları ixrac olunur. Əlavə dəyər yaradan emal sənayesi məhsullarının ixracı həm gəlirliliyi artırar, həm də bazar şaxələnməsinə töhfə verər. Dövlətin ixrac təşviqləri, ticarət evlərinin açılması və beynəlxalq sərgilərdə iştirakın dəstəklənməsi də şirkətlərin xaricdə mövqelərini gücləndirə bilər. İxracın yalnız iki ölkəyə bağlı qalması dayanıqlı iqtisadi model deyil. Azərbaycanın ixrac coğrafiyasını şaxələndirməsi həm riskləri azaldacaq, həm də qeyri-neft sektorunun davamlı inkişafına zəmin yaradacaq”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top