Məktəb çantası necə seçilməlidir? — Pediatr tövsiyyəsi

SOSİAL 08 sentyabr 2025, 11:30
Tədris ili yaxınlaşdıqca valideynləri narahat edən əsas məsələlərdən biri də uşaqlar üçün sağlam və rahat məktəb çantasının seçilməsidir. Bəs məktəb çantaları hansı xüsusiyyətlərə malik olmalıdır ki, uşaqların sağlamlığına zərər verməsin?

Azərbaycan Tibb Universitetinin I Uşaq Xəstəlikləri kafedrasının dosenti və Tədris Terapevtik Klinikanın pediatr həkimi Nigar Bayramova mövzu ilə bağlı Metbuat.az-a açıqlama verib. O bildirib ki, məktəb çantaları seçilərkən çantaların uşaq sağlamlığına zərər verməməsi üçün bəzi xüsusiyyətləri öncədən nəzərə almaq lazımdır:

“Bu məqsədlə çantanın çəkisi, forması, ölçüsü, o çantadan istifadə qaydaları və alternativ variantlar planlaşdırılmalıdır. Belə ki, çantaların çəkisi uşağın bədən kütləsinin 10–11 faizindən çox olmamalıdır. Məsələn, 30 kq-lıq bir uşaq üçün maksimum 3–4,5 kq-lıq bir çanta istifadə olunmalıdır. Çantaya istifadə olunmayan kitab və əşyalar qoyulmamalıdır. Forması ortopedik arxa hissəyə malik olmalıdır. Bu hissə sərt və dəstək verən şəkildə olmalıdır. Askıları geniş, yumşaq və tənzimlənən olmalıdır. Çantanın iki askısı eyni anda istifadə edilməlidir, əks halda bir çiynə daşınması onurğa sütununa zərər verə bilər. Çantanın ölçüsü uşağın kürəyinə uyğun olmalı və uzun olmamalıdır. Alt hissəsi uşağın belindən aşağı düşməməlidir. Çantada ağır kitablar arxada yerləşdirilməlidir. Uşaq çantayla uzun müddət piyada yol getməməlidir. Alternativ variant olaraq, əgər evlə məktəb arasındakı məsafə çox və çantanın yükü ağır olacaqsa, təkərli çantalardan istifadə oluna bilər. Yəni, məktəb çantaları sadə bir əşya deyil, uşağın sağlamlığına, xüsusilə də onurğa sütunun sağlamlığına təsir edən vacib amildir. Çantaların düzgün seçilməsi uşaqların həm sağlam böyüməsini, həm də rahat hərəkətini təmin etməlidir”.

Pediatr qeyd edib ki, diqqət olunmalı mövzulardan biri də uşaqların geyim seçimidir:

“Uşaqların geyimləri də sağlamlığa ziyan verməməli, rahat nəfəs alan, rahat geyilib çıxarılan, bədəni sıxmayan, hərəkəti məhdudlaşdırmayan və inkişafını dəstəkləyəcək xüsusiyyətlərə malik olmalıdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 sentyabr 2025, 15:15
08 sentyabr 2025, 14:13
Top