Manat sabit qalacaq?

GÜNDƏM 08 sentyabr 2025, 14:13
 “Valyuta bazarındakı sabitlik davam edir və artıq biz yalnız Dövlət Neft Fondu vasitəsilə deyil, bazarın özündə formalaşan valyuta təklifini də müşahidə edirik. İxrac nəticəsində ölkəyə daxil olan valyuta ilə yanaşı, Dövlət Neft Fondunun transfertləri və onun tərəfindən bazarda satılan valyuta da bazarın tənzimlənməsində rol oynayır”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib. 

Onun sözlərinə görə, 2017-ci ildən etibarən manatın məzənnəsində sabitlik müşahidə olunur:

“Bu da ölkədəki iqtisadi sabitliyin göstəricilərindən biridir. Mərkəzi Bankın son açıqlamalarında da qeyd olunduğu kimi, manatın məzənnə siyasəti ölkənin tədiyyə balansı, ixracdan daxil olan valyuta həcmi, və xüsusən də neftin dünya bazar qiymətindən asılı olaraq formalaşır. Azərbaycan hələ üzən məzənnə rejiminə keçməyib. Bu səbəbdən də manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır. Məzənnədəki hər hansı dəyişiklik bu qurumun qərarları əsasında müəyyən olunur. Mərkəzi Bank eyni zamanda ölkəyə daxil olan valyutanın həcmini və neftin qiymətini nəzərə alaraq məzənnə siyasətini icra edir. Bu da onu göstərir ki, növbəti dövrlərdə manatın məzənnəsinə təsir göstərəcək əsas amillərdən biri məhz neftin qiyməti olacaqdır. Çünki neftin qiyməti yalnız iqtisadi deyil, psixoloji təsirə də malikdir. Bu da bazar iştirakçılarının gözləntilərinə təsir edir. Növbəti dövrlərdə manatın məzənnəsinə təsir edən başlıca faktor neftin qiyməti və Mərkəzi Bankın siyasəti olacaq. Mərkəzi Bank bu məsələdə həlledici rol oynamaqda davam edəcək”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 sentyabr 2025, 18:56
Top