"Süni intellektin tədrisini nəzərdən keçirməliyik" — Deputatdan TƏKLİF

GÜNDƏM 05 sentyabr 2025, 12:32
"Süni intellektdən istifadənin kütləvi hal alması bu mövzunu olduqca önəmli edir. Gənclərin və uşaqların geniş formada süni intellektdən istifadə etməsi göstərir ki, biz də bu məsələyə ciddi yanaşmalı, onu nəzərdən keçirməli və düzgün istifadə yollarını öyrətməliyik. Bu, xüsusilə gənclərin maarifləndirilməsi baxımından vacibdir".

Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib. 

O bildirib ki, bəzən belə fikirlər səslənir ki, hər şeyi proqrama salmaq mümkün deyil:

"Lakin bu mövzunun üzərində işləyərək gələcəkdə konkret addımlar atmaq mümkündür. Ona görə də bu barədə indidən düşünməli və lazımi tədbirlər görməliyik. Əsas məqsəd odur ki, gənclər süni intellektin nə olduğunu və ondan necə düzgün istifadə etməyi bilsinlər".

Deputat deyib ki, əks halda, məsuliyyətsiz istifadənin fəsadları daha aydın görünəcək:

"Bunun qarşısını almaq üçün maarifləndirmə aparılmalı, uşaqlara və gənclərə düzgün davranış qaydaları öyrədilməlidir. Bu işlər məktəblərdə də, universitetlərdə də həyata keçirilə bilər.

Çünki artıq süni intellektdən istifadədə kütləvi axın müşahidə olunur. Bu prosesin düzgün istiqamətləndirilməsi üçün biz lazımi bilgiləri verməli və maarifləndirmə işlərini gücləndirməliyik. Əks halda, müxtəlif problemlərlə üzləşə bilərik. Ona görə də bu məsələ ciddi şəkildə nəzərdən keçirilməli və mümkün risklərin qarşısı alınmalıdır".

Qeyd edək ki, Çin bu ildən etibarən 1-ci siniflərə süni intellekt haqqında təhsil verəcək.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top