Kreml bunu etməyəcəksə, Bakıdan təşəbbüs gözləməsin — Zahid Oruc

GÜNDƏM 04 sentyabr 2025, 11:38
“Çində keçirilən müxtəlif formatlı görüşlər qlobal miqyasda xüsusi əhəmiyyət daşıyır. Bir çoxları bunu Potsdam Konfransı, yaxud Tehran görüşləri ilə eyni sırada tuturlar. Çünki hazırda əsas qütblərdən birinə rəhbərlik edən Çin öz ətrafında müxtəlif koalisiyalar formalaşdırır və görünən budur ki, dünyanın silahsız fəthində daha çox iqtisadi səviyyədə irəliləmək üçün belə strategiyalar, görüşlər müəyyən mənaya malikdir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib. O bildirib ki, Prezident İlham Əliyevin Çinə səfəri, orada keçirilən ikitərəfli görüşlər və Azərbaycana Çin hökumətinin göstərdiyi münasibət yeni mərhələ və yeni səhifədir:

“O ki qaldı Vladimir Putinlə İlham Əliyev arasında hər hansı təmasın olmamasına, bu, bir tərəfdən öncədən nəzərdə tutulan qrafiklə bağlı idi. Digər tərəfdən isə Prezident İlham Əliyev "Əl-Ərəbiyyə" kanalına müsahibəsində də çox aydın mesajlar verdi. Bu gərginlik Azərbaycan tərəfindən qaynaqlanmır, baş verən təyyarə qəzasına Rusiyanın qeyri-adekvat reaksiyası bu "siyasi qəza"nı doğurub. Rusiyanın yalnız siyasəti, bir-birinin ardınca verilən səhv qərarlar, ölkəmizə qarşı "Z bloqqer"lərin, parlamentarilərin hücumları Prezidentin də qeyd etdiyi kimi xalqımızda haqlı olaraq qəzəb və narahatlıq doğurdu.

Əgər onlar gərginliyi azaltmaq və bu davranışlardan çəkinmək yolunu seçməyəcəklərsə, Bakıdan hər hansı əlahiddə təşəbbüs gözləməsinlər. Rusiyanın müttəfiqlərinin azaldığı dövrdə hətta neytral ölkələri də itirməsi onun ziyanınadır”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top