Ekspert: “Yağıntılar kənd təsərrüfatını və bazar qiymətlərini silkələyəcək”

SOSİAL 03 sentyabr 2025, 18:54
“Sentyabrın 4–6-da Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış, şimşək, qısamüddətli leysan və dolu hadisələrinin müşahidə olunacağı proqnozlaşdırılır. Bu cür hava şəraiti kənd təsərrüfatına həm müsbət, həm də mənfi təsirlər göstərə bilər”.

Bunu Demokrat.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Elçin Məmmədov deyib.

O qeyd edib ki, müsbət tərəfdən, yağıntılar torpağın rütubətini artıracaq, bu isə əkin sahələrinin məhsuldarlığına müsbət təsir göstərə bilər:

“Xüsusilə də suvarma imkanlarının məhdud olduğu dağətəyi ərazilərdə yağan yağış torpaq münbitliyini yaxşılaşdırır və otlaq sahələrinin daha məhsuldar olmasına şərait yaradır. Lakin mənfi təsirlər daha çox özünü göstərir. Qısamüddətli, leysan xarakterli yağışlar yamaclarda torpağın yuyulmasına və eroziyanın güclənməsinə səbəb ola bilər. 

Dolu və güclü küləklə müşayiət olunan yağıntılar isə meyvə bağlarına, tərəvəz sahələrinə və xüsusilə üzüm plantasiyalarına zərər vura bilər. Hazırda məhsul yığımına hazırlıq mərhələsində olan kənd təsərrüfatı məhsulları tərəvəzlər, meyvələr və bəzi dənli bitkilər dolunun təsirindən ciddi ziyan görə bilər. Belə şəraitdə fermerlərə və kənd təsərrüfatı ilə məşğul olan şəxslərə məhsulu vaxtında yığmaq, bağlarda qoruyucu şəbəkələrdən istifadə etmək lazımdır. 

Həmçinin, yağış və dolunun yaratdığı mənfi nəticələrin minimuma endirilməsi üçün qabaqlayıcı tədbirlər görmək tövsiyə olunur”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top