“Rus ölən”də çobanlar dalaşdı: Söz davası zorakılıqla bitdi — TƏFƏRRÜAT

HADİSƏ 03 sentyabr 2025, 16:16
Gədəbəy rayonunda 49 yaşlı kişi həmkəndlisinə xəsarət yetirib.

Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin oktyabrın 17-də rayonunun Slavyanka kəndi ərazisində yerləşən “Rus ölən” adlanan otlaq sahəsində baş verib. 

Kənd sakini, 1976-cı il təvəllüdlü Şahlar həmin gün  saat 16:30-da otlaq sahəsində Raminlə mübahisə edib. Buna səbəb isə Raminin onun ünvanına nalayiq ifadə işlətməsi olub.

Bu səbəbindən aralarında şəxsi  münasibətlərin pozulması zəminində yaranmış mübahisə və münaqişə zamanı zərərçəkmiş şəxsi ağacla və ayaq zərbələri ilə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Şahların barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, Slavyanka kəndində ailəsi ilə birlikdə yaşayır: 

“Zərərçəkmiş Ramini tanıyıram, həmkəndlimdir. Özümə məxsus heyvandarlıq təsərrüfatım varr və kənd sakini Stepan da öz heyvanlarını mənim heyvanlarım ilə birgə bizə məxsus örüş sahəsində otarır, mənə çobanlıq edir”. 

Şahların sözlərinə görə, 2024-cü ilin oktyabrın 16-da ona zəng gəlib və bildirilib ki, heyvanları sahibsiz qalıb, başqa şəxsə məxsus əkin sahəsinə girib: 

“Mən heyvanların yanına getdim. Stepanın orada olduğunu və içkili vəziyyətdə olduğunu gördüm. Stepan spirtli içki içdikdə özünü idarə edə bilmir. Stepandan kiminlə spirtli içki içməsini soruşdum. O da Raminlə içdiyini bildirdi. Sabahısı gün, Ramini çağıraraq onunla görüşdüm və Stepanla spirtli içki içməməsini xahiş etdim. Stepanın içki içdikdə özünü idarə edə bilmədiyini və heyvanları sahibsiz qoyduğunu bildirdim. Ramin mənimlə razılaşdı və getdi. Bundan sonra evə gəldim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, bir müddətdən sonra ona zəng gəlib və heyvanların Azərin əkin sahəsinə girməsi bildirilib: 

“Daha sonra heyvanların yanına getdim və həqiqətən də heyvanların əkin sahəsinə girməsini gördüm. Heyvanları əkin sahəsindən çıxardım və bir yerə topladım. Həmkəndlim Eminə zəng vurdum və gələrək mənə köməklik etməsini dedim. Azərin oğlundan Stemepanın harada olmasını soruşdum. 

O, qarşıda olan çadırda Stepanın Ramin və Etibar adlı şəxslərlə spirtli içki içdiyini bildirdi. Bu zaman Emin gəldi. Eminə heyvanların  yanında durmasını bildirdim və Stepanı axtarmaq məqsədi ilə yuxarı çıxdım. Ramini çağırdım. Lakin o, cavab vermədi. 

Daha sonra heyvanların yanına getdim. Bundan sonra Raminin bizə tərəf yaxılaşdığını gördüm və yuxarı təpəyə çıxdım. 

Slavyanka kəndi ərazisində, “Rus ölən” adlanan otlaq sahəsində Raminin yerdə uzanaraq  yatdığını gördüm. Ramini ayıltmaq məqsədi ilə ona şillə vurdum. O, da ayıldı. Ondan Stepanın harada olduğunu soruşdum. Ramin Stepanın ünvanına söyüş söyməyə başladı. 

Ramin içkili olduğuna görə sözünə əhəmiyyət  vermədim. Onu yerdən qaldırdım və bir daha Stepanın yerini soruşdum. Bu zaman Ramin mənim də ünvanına söyüş söyməyə başladı. Məndə əlimdə olan ağacla Raminə bir neçə zərbə vurdum. Həmin zərbədən Ramin yerə yıxıldı və Emin gələrək bizi ayırdı. Raminin söyüş söyməsindən qəzəblənərək onu vurmuşam. Onun  vurduğum üçün peşmanam. Lakin ondan Azərbaycan  ərazisində olmadığı üçün barışıq ərizəsi ala bilməmişəm”.

İş üzrə zərərçəkmiş Raminin sözlərinə görə, yaşadığı Slavyanka kəndində kəndin iri buynuzlu mal-qarasını otararaq çobanlıq edir: 

“Oktyabrın 17-də, saat 14 radələrində həmkəndlim və kənddə çobanlıq edən Etibar adlı şəxslə birlikdə kənddən 4-5 kilometr aralıda “Lapıx” adlanan biçənək sahəsində heyvan otaran zaman birlikdə çörək yedik, yarım litr araq içdik. Etibarla yeyib-içəndən sonra “Styop” ləqəbli Stepan adlı çoban da həmin yerə gəldi. Stepan həmin vaxt içkili olub. Stepan bizimlə spirtli içki qəbul etmədi, başqa şəxslə içmişdi”. 

Zərərçəkmiş qeyd edib ki, həmin gün, saat 16:30-da Şahlar ona Stepana spirtli içki içirdiyini bildirib: 

“Bu səbəbdən mənə irad tutdu. Bizim aramızda mübahisə yarandı. Şahlar əlində olan ağacla bədənimin müxtəlif nahiyələrinə vurdu. Aldığım zərbədən yerə yıxıldım. Yerə yıxılandan sonra Şahlar ayaq zərbələri ilə də məni döydü. Nəticədə mənə xəsarət aldım. Bundan sonra isə oradan getdi. Mən yerindən qalxa bilmədim. Qardaşım, qayınanam və arvadım gələrək avtomobillə məni xəstəxanaya apardılar”. 

Bu cinayət işinə Gədəbəy Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 1 il müddətə islah işləri cəzası alıb. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top