“Artıq Ermənistan Azərbaycanın mövqeyini qəbul edir” — Deputat

GÜNDƏM 27 avqust 2025, 11:30
“Uzun müddət Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması regionda ciddi gərginlik və təhlükə mənbəyinə çevrilmişdi. Lakin 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi və 2023-cü ildə keçirilmiş bir günlük lokal antiterror əməliyyatı regionda vəziyyətin köklü şəkildə dəyişməsinə səbəb oldu”. 

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə deyib. 

O bildirib ki, Ermənistan artıq Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyi ilə razılaşmaq məcburiyyətində qaldı:

“Uzun müddət davam edən danışıqlar prosesi, eləcə də ABŞ-ın vasitəçiliyi ilə aparılan müzakirələr nəticəsində 8 avqust tarixində Vaşinqtonda üçtərəfli bəyanatın qəbul olunması mümkün oldu. Əlbəttə ki, regionda sabitlik və təhlükəsizlik artıq 2020-ci ilin 10 noyabr tarixindən formalaşmağa başlamışdı və bu tendensiya bu gün də davam edir. 

Ermənistan bir çox məsələlərdə artıq Azərbaycanın mövqeyini qəbul edir. Lakin bu sabitliyi pozmaq, yenidən iki ölkə arasında gərginlik yaratmaq istəyən müəyyən dairələr mövcuddur. ABŞ məsələyə prinsipial yanaşır, Azərbaycan isə qətiyyətli siyasət aparır. 

Ermənistan daxilində bəzi qüvvələr də anlayır ki, Azərbaycanla mehriban qonşuluq münasibətləri ilk növbədə onların öz maraqlarına uyğundur. Region sülh, sabitlik mühiti üzərində qurulmalıdır. Bu istiqamətdə hər kəsin üzərinə düşən məsuliyyəti dərk etməsi olduqca vacibdir”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
27 avqust 2025, 12:45
Top