"Kütləvi kəsilənlərin olması göstərir ki, sistem uğursuzdur" — AÇIQLAMA

GÜNDƏM 25 avqust 2025, 17:17
"Azərbaycanda ali məktəblərə qəbul prosesi hər il minlərlə gəncin gələcəyini müəyyənləşdirir və bu prosesin nəticələri həm ictimaiyyət, həm də təhsil siyasəti üçün mühüm göstərici rolunu oynayır. Bu il də ixtisas qrupları üzrə rəqəmlər göstərdi ki, plan yerlərinə qarşı müraciət edənlərin sayı xeyli çoxdur. Məsələn, I ixtisas qrupu üzrə 20 385 plan yerinə qarşı 23 918 nəfər seçim edib və faktiki olaraq 3 533 nəfər kənarda qalıb. II qrupda 14 935 yer üçün 19 039 nəfər seçim edib, nəticədə 4 104 nəfər kəsiləcək. III qrupda isə vəziyyət daha ağırdır: 15 583 yerə qarşı 24 414 nəfər müraciət edib və 8 831 nəfərin qəbul olmaq şansı yoxdur. IV qrup üzrə 4 732 plan yerinə qarşı 6 966 nəfər, V qrup üzrə isə 4 704 plan yerinə qarşı 16 517 nəfər seçim edib. Yəni yalnız V qrupda 11 813 nəfər kəsiləcək. Bu rəqəmlər açıq şəkildə göstərir ki, sistemin strukturunda balans yoxdur və minlərlə gəncin arzuları hər il reallıqla toqquşur".

Bu fikirləri Demokrat.az-a açıqlamasında tanınmış təhsil eksperti Kamran Əsədov səsləndirib. O bildieib ki, “Təhsil haqqında” Qanunun 14.2-ci maddəsində dövlətin ali təhsildə kadr hazırlığını əmək bazarının tələblərinə uyğun planlaşdırmalı olduğu açıq şəkildə göstərilir:



"Ancaq bu proqnozlaşdırma faktiki olaraq həyata keçirilmir. Çünki əmək bazarının hansı sahələrdə daha çox mütəxəssisə ehtiyac duyduğu müəyyən edilmir, buna uyğun plan yerləri ayrılmır. Elm və Təhsil Nazirliyi illərdir sadəcə statistik rəqəmlərlə çıxış edir, amma strateji yanaşma ortaya qoymur. Dövlət İmtahan Mərkəzi isə yalnız imtahanların təşkilinə cavabdeh kimi çıxış edir, nəticələrin sosial və iqtisadi nəticələrinə biganə yanaşır. Əgər hər il 10 minlərlə abituriyent imtahan verir, amma minlərlə gənc yüksək nəticə toplasa belə qəbul ola bilmirsə, bu, sistemin iflasıdır.

Müsbət tərəf odur ki, ali məktəblərə maraq hələ də yüksəkdir, gənclər oxumaq, təhsil almaq istəyirlər. Amma mənfi tərəflər daha dərindir. Keçid balları ildən-ilə qeyri-sabit olur, bəzi ixtisaslarda 50-100 bal artım müşahidə edilir. Məsələn, 2024-cü ildə bəzi mühəndislik ixtisaslarının keçid balı 450 civarında idisə, bu il 500-dən yuxarı qalxıb. Tibbi ixtisaslarda isə keçid balları 650-ni də keçib. Bu, bir tərəfdən rəqabətin artdığını göstərsə də, digər tərəfdən abituriyentlərin seçim imkanlarını məhdudlaşdırır. Çünki yerlərin sayı sabit qalır, abituriyentlərin sayı artır, nəticədə kəsilənlərin sayı da çoxalır".

Ekspert həmçinin bildirib ki, keçid ballarındakı dəyişikliklər, plan yerlərinin məhdudluğu və abituriyentlərin kütləvi şəkildə kəsilməsi sistemin uğursuzluğunu göstərir:

"Müsabiqədən kənarda qalan hər bir gənc əslində dövlətin planlaşdırma səhvinin qurbanıdır. Əgər Elm və Təhsil Nazirliyi real proqnoz hazırlamasa, DİM isə maarifləndirmə işlərini gücləndirməsə, bu mənzərə hər il təkrar olunacaq. 

Təhsil sistemi yalnız rəqəmlərlə manipulyasiya ediləcək, amma gənclərin gələcəyi təmin olunmayacaq. Azərbaycanda təhsilin inkişafı üçün ilk növbədə şəffaflıq, hesabatlılıq və strateji planlaşdırma bərpa edilməlidir. Əks halda, cəmiyyətin təhsilə inamsızlığı daha da dərinləşəcək, dövlətin əsas intellektual kapitalı olan gənclər isə sistemin qurbanı olmağa davam edəcək".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top