Xaricə gedənlərin sayı niyə azalıb? — AÇIQLAMA

GÜNDƏM 25 avqust 2025, 15:46
"Bu il, ötən illərlə müqayisədə Azərbaycan vətəndaşlarının xaricə səyahət etməsində azalma müşahidə olunur. Bunun əsas səbəblərindən biri ölkəmizdə yeni turizm istiqamətlərinin açılmasıdır". 

Bunu Demokrat.az-a açıqlamasında turizm eksperti Rəhman Quliyev deyib.

O, bildirib ki, işğaldan azad olunmuş ərazilər - Xankəndi, Şuşa, Laçın, Kəlbəcər və Zəngilan vətəndaşlar tərəfindən daxili turizm üçün daha çox seçilir:

"Azərbaycan vətəndaşlarının yeni daxili turizm istiqamətlərinə böyük maraq göstərməsi sevindirici haldır. Bu, yalnız turizmin inkişafına deyil, həm də yerli əhalinin sosial rifahına birbaşa təsir edir. Turistlər otellərdə qalmaqla yanaşı, yerli sakinlərin evlərini kirayə götürür, kənd təsərrüfatı məhsulları alır və yerli xidmətlərdən istifadə edirlər".

Ekspert bildirib ki, dünyada baş verən bəzi siyasi dəyişikliklər və uçuş istiqamətlərinin məhdudlaşdırılması xaricə səyahət edən vətəndaşların sayının azalmasına səbəb olub:

"Ölkə daxilində turizmin inkişafı iş yerlərinin açılmasına, bölgələrdə iqtisadi və sosial rifahın yüksəlməsinə xidmət edir. Xüsusilə işğaldan azad olunmuş ərazilərə turist səfərlərinin artması milli ruhun güclənməsinə və vətəndaşların torpağa bağlılığının yüksəlməsinə gətirib çıxarır".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top