Pnevmoniya 400-dən çox can alıb: Necə mübarizə aparmalıyıq?

GÜNDƏM 20 avqust 2025, 16:31
"Pnevmoniya ağciyər xəstəliklərinin qrupuna aid olub, konkret olaraq ağciyərin iltihabıdır. O, adətən virusların yaratdığı zədələnmənin fonunda bakterial faktorun qoşulması nəticəsində formalaşır. Viruslar birbaşa pnevmoniya törətməsələr də, ağciyər toxumasını və hüceyrələrini zədələyir, bu zəmin üzərində bakterial infeksiya inkişaf edərək pnevmoniyaya səbəb olur. Buna görə də “virus pnevmoniyası” anlayışı işlədilir. Bu, virusun ilkin olaraq ağciyəri zədələməsini ifadə edir".

Bu sözləri Demokrat.az-a açıqlamasında professor Adil Qeybulla deyib:

"COVID-19 pandemiyası zamanı ağciyərlərdə “buzlaşma” adlanan alveolların şişməsi müşahidə olunurdu. Bu dövrdə çoxlu pnevmoniya halları qeydə alınır, ölüm hallarının böyük əksəriyyəti də məhz pnevmoniyadan baş verirdi. Pnevmoniya müxtəlif səbəblərdən yarana bilər. Soyuqdəymə, iltihab prosesinin aşağı tənəffüs yollarına yayılması və nəticədə ağciyər toxumasının zədələnməsi buna səbəb ola bilər".

O bildirib ki, bundan başqa, bəzi onkoloji xəstəliklər zamanı bronx ağacının və şaxələrinin tutulması, mənfəzlərin bağlanması, sekresiyanın toplanması və ikincili infeksiyanın qoşulması da pnevmoniyaya yol açır:

"Bu halda xəstəlik bəzən “pnevmonit” adlanır, çünki iltihab ağciyərin yalnız müəyyən seqmentində baş verir.

Pnevmoniya ağır xəstəlik hesab olunur. Vaxtında müalicə olunmadıqda ölümlə nəticələnə bilər. Son illərdə yayılan müxtəlif virus infeksiyaları, eləcə də COVID-dən sonra davam edən epidemiyalar pnevmoniyanı daha da aktual edib.

Xəstəliyin səbəbləri arasında vərəm və aktinomikoz da ola bilər. Bu hallarda da ikincili pnevmoniya inkişaf edə bilir. Pnevmoniya bəzən abses və ya qangrenaya gətirib çıxarır ki, bu da həyati təhlükəli ağırlaşmadır və çox vaxt ölümlə nəticələnir.

Buna görə də pnevmoniya ağırlaşmaya gətirmədən, ağciyərdə iltihab dərinləşmədən və ödem yaranmadan erkən mərhələdə müalicə olunmalıdır".


Qeyd edək ki, statistikaya əsasən, ötən il 400-dən çox insan bu xəstəlik səbəbindən dünyasını dəyişib.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 avqust 2025, 19:30
Top