"Bu, Putinin təkliflərini özündə ehtiva edir" — AÇIQLAMA

GÜNDƏM 16 avqust 2025, 18:13
"Əslində Trampla Putinin görüşünün baş tutması o deməkdir ki, istər ABŞ ilə Rusiya arasında əlaqələrin bundan sonrakı istiqamətləri, istərsə də Ukrayna ilə bağlı Vaşinqtonla Moskva arasında müəyyən razılıq var. Təbii ki, ABŞ ilə Rusiya arasında Ukrayna məsələsi ilə bağlı razılığa gəlinməsi hələlik atəşkəsin və ya sülhün əldə olunması anlamına gəlmir. Çünki burada Ukrayna ilə də razılığının əldə olunması, eyni zamanda Böyük Britaniya və Avropa İttifaqının hansı mövqedə dayanması da önəmlidir".

Bunu Demokrat.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib. 

O bildirib ki, iki lider arasında görüşün keçirilməsi ümumilikdə müsbət haldır, amma bundan sonra çox ciddi bir mərhələ var: 


"Görüşdən sonra Trampın verdiyi açıqlamalara nəzər salsaq, məsələnin mahiyyətini təsəvvür edə bilərik. Tramp bildirdi ki, atəşkəs yox, birbaşa sülh lazımdır, çünki atəşkəs pozula bilər. Bu, Putinin indiyə qədər səsləndirdiyi təklifləri özündə ehtiva edir. Çünki Putin bildirib ki, atəşkəsə o halda razı ola bilər ki, atəşkəs qalıcı olsun və sülh prosesi başlasın, Ukrayna atəşkəsdən istifadə edərək silahlanıb Rusiyaya qarşı addım atmasın.

Digər tərəfdən, Tramp bildirdi ki, Zelenski ilə görüşəcək və o razı olarsa, sülh istiqamətində müəyyən proses başlana bilər. Buradan belə bir nəticə çıxır ki, Tramp Putinin təkliflərini Zelenski ilə razılaşdırmağa çalışacaq. Amma bu görüşə qədər Trampın verdiyi açıqlamalar o yöndə idi ki, ərazi mübadiləsi olmalıdır.

Əslində, "ərazi mübadiləsi" ifadəsi reallığı əks etdirmir, çünki o anlama gəlir ki, Rusiya əraziləri Ukraynada, Ukrayna ərazisi Rusiyada olmalıdır. Lakin reallıqda Rusiya əraziləri Ukraynada yoxdur deyə, "ərazi mübadiləsi" təklifi Ukraynanın güzəştlərə məcbur edilməsi anlamına gəlir".

Siyasi şərhçi qeyd edib ki, Tramp və Zelenski görüşündən sonra prosesin gedişi ilə bağlı daha aydın mənzərə yaranacaq: 

"Zelenskinin atdığı addımdan asılı olaraq Ukrayna məsələsi tənzimlənəcək. Zelenskinin ərazi güzəştlərinə razılaşması mübahisəlidir. Eyni zamanda, Avropa İttifaqı və Britaniyanın Ukraynaya müharibəni davam etdirməsi ilə bağlı təzyiq göstərməsi diqqət çəkir. Artıq kifayət qədər gərgin mərhələ başlayır".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 avqust 2025, 19:48
Top