Gədəbəydə 49 yaşlı qadın əmisi oğluna xəsarət yetirdi

HADİSƏ 14 avqust 2025, 14:08
Gədəbəy rayonunda 49 yaşlı qadın mübahisə zamanı əmisi oğluna xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə 29 avqust 2024-cü ildə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1976-cı il təvəllüdlü Təranə həmin gün saat 10:30-da kənd ərazisində əmisi oğlu Namiqlə qardaşı Vaqifin (adlar şərtidir – red.) arasında olan yol mübahisəsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə və münaqişə zamanı yerdən götürdüyü daş parçası ilə onun ağız nahiyyəsinə vurub. 

Hadisəni törədən Təranənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə izahat verən məhkum ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonunun kəndində yaşayır: “Mənimlə həyat yoldaşım arasında narazılıq olması səbəbi ilə bir neçə ildir ki, qardaşım Namiqin ailə üzvləri ilə birlikdə yaşadığı evdə yaşamışam. 2018-ci ildən əmim oğlu Vaqif və onun ailə üzvləri ilə qardaşım Namiqin aralarında yol üstündə narazılıq olub”. 

Qadın qeyd edib ki, 29 avqust 2024-cü ildə, saat 10:30-da qardaşı Namiq evinə tanımadığı taksi avtomobili ilə tikinti materialları gətirərkən Vaqif taksinin qabağını kəsib, təhqiramiz sözlərlə söyüb, yoldan keçməməsini bildirib: “Bununla əlaqədar mən və qardaşım arvadı Gülşən Vaqiflə mübahisə etsək də, aramızda məsafə çox olduğu üçün evimizə gəldik. Bundan 5-10 dəqiqə sonra Gülşən ilə birlikdə Gədəbəy şəhərinə yol ilə piyada gedərkən Vaqifin əlində kərəntə ilə yolun kənarında anası Məsmə ilə  dayandığını gördük. Bu zaman Məsmə Gülşənin üstünə hücum edərək,saçından tutdu, onu döyməyə başladı. Qardaşım arvadını Məsmənin əlindən almaq istəyərkən Vaqif bizi nalayiq söyüşlərlə söydü, məni təpik-yumruqla döyməyə başladı. Daha sonra Vaqif mənim yaxamdan tutaraq geri itələdi. Mən müqavimətimi saxlaya bilməyərək yerə yıxıldım. Vaqif məni yerdə təpiklə vurmağa başladığı üçün əsəbləşdim. Yerdən daş parçasını götürərək onun başına vurmaq istədim. Vaqif çevrildiyinə görə daşı onun sifətinə çırpdım. Vaqifin sifətindən qan axdı. Məsmə və digər şəxslər tez qaçaraq Vaqifin başına toplaşdılar. Həmin vaxt səs-küyə ora qardaşım Namiq gəldi. Vaqif Namiqin üstünə gedərək onunla mübahisə etdi, yumruqla qardaşımı vurdu. Vaqifin atası Xətai isə qardaşımın qulağından tutaraq dartışdırdı. Vaqiflə birlikdə onu döydülər. Həmin münaqişə zamanı orada Vaqifin arvadı Tamara, anası Məsmə, atası Xətai, Vaqifin övladları olublar”.

İş üzrə zərərçəkmiş Vaqifin sözlərinə görə, ailə üzvləri ilə birlikdə yaşayır: “2018-ci ildən Namiq və onun ailə üzvləri ilə aramızda yol üstündə mülkü mübahisələrimiz olub. Mübahisə ilə əlaqədar məhkəmə qərarları çıxarılıb. Avqustun 29-da, saat 10:30-da biçənək sahəsindən evinə gələrkən Namiqin tanımadığım taksi avtomobilində tikinti materialları gətirməsini və həmin taksi ilə mübahisəli yoldan keçərək evinə getməsini gördüm. Taksi sürücüsünə yaxınlaşaraq mənə məxsus ərazi ilə avtomobilini sürməməsini xahiş etdim. Namiq həmin sürücüyə avtomobili dayandırmamasını, sürməsini dediyi üçün taksi avtomobili onun həyətinə tərəf sürdü. Bunlara əhəmiyyət vermədim, evə keçərək su içdim. Bu zaman küçədə səs-küy gəldiyini eşitdim. Çölə çıxanda gördüm ki, Namiq anamın saçından tutaraq döyür. Bu zaman ora Namiqin arvadı Gülşən və bacısı Təranə gəldilər. Mən  qaçaraq, yaxınlaşdım və Namiqin yaxasından tutaraq onu geri itələdim, anamı döyməməsini bildirdim. Namiq müqavimətini saxlaya bilməyərək yerə yıxıldı və qalxanda orada olan daş parçasını götürərək sifət nahiyyəmə vurdu. Bundan sonra oradan qaçaraq uzaqlaşdı. Orada olan valideyinlərim məni evə gətirdilər. Məni Təranə deyil, Namiq xəsarət yetirib. Ona görə də Namiqin məsuliyyətə cəlb edilməsini xahiş edirəm”.

Bu cinayət işinə Gədəbəy Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Təranəyə 9 ay müddətə azadlığın məhdulaşdırılması cəzası təyin edilib.

Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək tapşırılıb. 

Bundan əlavə onun Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməsi qadağan olunub. Məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılıb. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top