Tovuzda xalaoğlular arasında dava düşdü

KRİMİNAL 12 avqust 2025, 20:59
Tovuz rayonunda xalaoğlanları arasında yaranan mübahisə cinayətlə nəticələnib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin martın 9-da rayonun kəndində baş verib. Kənd sakini, 1989-cu il təvəllüdlü İlqar Vəliyev həmin gün saat 10 radələrində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı kənddə taxıl sahəsində Sərvan Səlimova (ad-soyad şərtidir – red.) sifət nahiyəsindən bir neçə dəfə yumruqla vurub. 

Hadisəni törədən İ. Vəliyevin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərin ki, rəsmi olaraq heç bir yerdə işləmir və fərdi əməklə məşğul olur: “Zərərçəkmiş şəxs mənim xalam oğludur. Həmdə bacım Nərminin əridir. Sərvan bacımla 18 ildir ailə həyatı qurub və evliliklərindən 3 uşaqları anadan olub. Evləndikdən bir neçə il sonra münasibətləri korlandığına görə boşanmaq qərarına gəldilər. Lakin sonradan barışdılar. Həmin gündən mütəmadi olaraq Sərvanla Nərmin arasında narazılıqları olub”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən məlum hadisədən iki ay əvvəl yenidən Nərminlə Sərvan arasında narazılıq yaranıb və Nərmin uşaqları ilə birlikdə atası evinə gəlib: “Həmin vaxtdan Sərvan “votsap” mobil tətbiqi vasitəsi ilə bacımı nalayiq ifadələr yazaraq təhqir etdi. Lakin bacım bu barədə nə mənə, nədəki ailə üzvlərimə heçnə bildirmədi. Hadisədən əvvəlki gün qardaşım Vahid Sərvanın hərəkətlərindən xəbərdar oldu və bu növbəti günlərdə mənim də xəbərim oldu. Həmin tarixdə saat 9 radələrində telefon vasitəsilə Sərvana zəng edərək, nə üçün bacımı və mənim ailə üzvlərimi nalayiq ifadələr ilə söyərək təhqir etdiyini soruşdum. Bu zaman Sərvan məni təhqir etməyə başladı. Sonradan Sərvan telefonu söndürərək telefon zənglərimə cavab vermədi”. 

Məhkum deyib ki, daha sonra yaşadığı evdən bayıra çıxıb: “Bu zaman Sərvanın yaşadığım evdən bir neçə metr uzaqlıqda yerləşən taxıl sahəsində suvarma işi ilə məşğul olduğunu gördüm. Onunla söhbət etmək məqsədi ilə onun işlədiyi taxıl sahəsinə yollandım. Yaxınlaşaraq işlətdiyi nalayiq sözlərə aydınlıq gətirməsini tələb etdim. Lakin Sərvan sözlərimə əhəmiyyət verməyərək həmin ifadələri yenidən təkrar etməyə başladı. Bu zaman onun  sözlərinə əsəbləşdim, sifət və bədən nahiyəsinə bir neçə dəfə yumruq zərbəsi endirdim. Nəticədə Sərvana sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası fonunda qançır şişkinliyi, ənsə və sol gicgah nahiyələrinin, sağ qaş nahiyəsi, sağ üst göz qapağının qançır-şişkinliyi sol gözaltı və sol kürək nahiyələrinin qançırları xəsarətlərini yetirdim. Bundan sonra Sərvanın səs-küy yaratdığını görərək həmin yerdən uzaqlaşdım və yaşadığım evə doğru getdim”.

Bu cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Zərərçəkən şəxs ona qarşı şikayətini geri götürüb. 

Bu səbəbdən məhkəmə İ. Vəliyevin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top