
"JEK"-lərin "ev pulu" adı ilə vətəndaşlardan yığdığı pullar narazılıq yaradır.
Bu vəsaitin hansı xidmətlərə görə toplandığı bəlli deyil. Çünki rəsmi kommunal xidmətlər sistemində belə bir ödəniş növü nəzərdə tutulmayıb. Amma "JEK"-lər vətəndaşlardan hələ də məcburi şəkildə pul tələb edir. Qeyd edək ki, söhbət yeni tikililərdən yox, köhnə, kooperativ binalardan gedir.
Demokrat.az xəbər verir ki, mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, hazırda "JEK" adlanan qurumlar əsasən köhnə binalarda fəaliyyət göstərirlər.
Ekspertin sözlərinə görə, Mənzil Məcəlləsində açıq şəkildə nəzərdə tutulub ki, hər bir binanın sakinləri “Müştərək Məhdud Məsuliyyətli Cəmiyyət” yaradıb binanı idarə edə bilərlər:
“Onların rəsmi adı Mənzil Kommunal İstismar Sahələridir (MKİS). Yeni qəbul olunan Mənzil Məcəlləsinə görə, artıq bu tip idarəetmə qurumları Azərbaycan qanunvericiliyində nəzərdə tutulmur. Köhnə binalar yeni qanunvericiliyə uyğun idarəetmə formaları yaratmayıblar. Ona görədə "JEK"-lərə heç kim toxunmur. Əhali isə əksər hallarda yeni Mənzil Məcəlləsindən xəbərsizdir. Halbuki onlar birləşərək “Müştərək Məhdud Məsuliyyətli Cəmiyyət” (MMC) yarada və öz yaşadıqları binanı idarə edə bilərlər".
Əgər belə bir idarəetmə qurumu yaradılmasa, bina avtomatik olaraq bələdiyyənin idarəsinə keçir:
"Hər bir halda "JEK" adlanan qurumların bu idarəetməni həyata keçirməsi nəzərdə tutulmayıb. Onlar hamısı qeyri-qanunidir. Topladıqları vəsaitin bir hissəsini bələdiyyəyə əmlak vergisi kimi verirlər. Yəni hər bir mənzil, ümumi yaşayış sahəsi bələdiyyəyə illik təxminən 15-30 manat arası əmlak vergisi verir. Digər hissə isə tullantıların daşınması və liftlərin işləməsi xərclərinə yönəldilir. Bu xidmətləri hələlik "JEK"-lər həyata keçirsə də, fəaliyyətləri qanuni sayılmır”.
A.Nəsirli vurğulayıb ki, “ev pulu” yoxdur, amma “mənzilin xidmət pulu” var:
“"Ev pulu”nun adını düz demirlər, o, əslində xidmət haqqıdır. “Ev pulu” deyilən anlayış rəsmi sənədlərdə yoxdur. Onun doğru adı “mənzilin xidmət haqqı”dır. Bu xidmət haqqına isə lift, işıqlandırma, təmizlik, mühafizə və digər ümumi xidmətlər daxildir. Bu vəsaiti "JEK"-lər deyil, həmin binanın sakinləri tərəfindən yaradılmış MMC toplamalı və idarə etməlidir. Əgər MMC yoxdursa, bu işləri ya "JEK"-lər, ya da bələdiyyə həyata keçirir. Amma unutmaq olmaz ki, bu xidmətlər hər halda göstərilməlidir. Sadəcə olaraq, idarəetmənin forması və qanuniliyi fərqlidir”.
Ekspert qeyd edib ki, istər köhnə, istərsə də yeni binalarda sakinlər özləri MMC yaradaraq binanın idarəsini öz üzərlərinə götürməlidirlər:
“Bu halda sakinlər xidmət haqqı ödəməklə binanın bütün ümumi ehtiyaclarını, tullantıların daşınması, həyətin işıqlandırılması, binanın cari təmirə ilə bağlı ehtiyaclarını və s. qarşılamalıdırlar. Məsələn, mən "Jurnalistlər binası"nda yaşayıram. 75 kvadratmetrlik mənzil üçün ayda 25 manat xidmət haqqı ödəyirik. Hər kvadratmetrə görə 35 qəpik hesablanır. Bu xidmət haqqına liftin işləməsi, suyun nasos vasitəsilə mənzillərə vurulması, mərtəbələrin təmizliyi üçün xadimə fəaliyyəti, ümumi su xərci, həyətin işıqlandırılması, mühafizə və tullantıların daşınması daxildir.
Bu xərclər “Müştərək Məhdud Məsuliyyətli Cəmiyyət”in üzərindədir və biz də hər ay o MMC-yə mənzilin xidmət haqqını köçürürük. Qeyd etmək lazımdır ki, bu xidmət haqqı ilə kommunal xidmətlər, yəni işıq, su, qaz pulu fərqli məsələdir və onlar ayrıca ödənilir. Onun həmin cəmiyyətə aidiyyəti yoxdur. Köhnə binalarda isə vəziyyət bir qədər fərqlidir. Orada mərkəzləşdirilmiş istilik sistemi mövcuddur və sakinlər qış aylarında istifadə etdikləri istiliyin pulunu birbaşa "JEK"-ə ödəyirlər. Bu da həmin binalarda MMC-nin yaradılmaması ilə bağlıdır.
Şəhərdə elə mənzillər var ki, sahəsi 500 kvadratdır. Əlbəttə, onların xidmət haqqı daha böyükdür. Üstəlik bu, MMC ilə sakinin bağladığı müqavilədən asılıdır. Elə binalar var ki, orada isitmə-soyutma sistemi var, yəni ümumi bir kondisioner sistemi, havalandırması və s. var. Həmin havalandırma sistemi ilə mənzil yayda sərinləşdirilir, qışda da qızdırılır. Ona görə də fərqli binalarda xidmət haqqı fərqlidir. Həm də şəhərin mərkəzində daha prestijli xidmət təklif olunur”.
Akif Nəsirlinin sözlərinə görə, əhalinin böyük əksəriyyəti marifləndirilmədiyi üçün bunlardan xəbərsizdir, ancaq gec-tez bu olacaq:
“"JEK"-lərdə çalışan şəxslər isə öz işlərinin ömrünü uzatmaqdan ötrü bu məsələlərlə əhalini tanış etmirlər. Onların marağında deyil ki, sakinlər hüquqlarını bilsin və MMC yaratsın. Bu sahədə bir ictimai təşkilat da yoxdur ki, təlimat verisin, təbliğat aparsın. MMC yaradılması üçün Ədliyyə Nazirliyində rəsmi qeydiyyat aparılmalı, möhür və bank hesabı açılmalıdır. Bundan sonra bu qurum rəsmi şəkildə fəaliyyətə başlaya bilər”.