“Bu hökumətin iqtisadi siyasətində əsas prioritetlərdən biri olmalıdır” — AÇIQLAMA

GÜNDƏM 31 iyul 2025, 11:30
Dövlət Gömrük Komitəsinin məlumatına görə bu ilin I yarısında Azərbaycan xarici ölkələrlə 24 milyard 400 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,1 faiz çoxdur. 

Xarici ticarət dövriyyəsinin 12 milyard 878 milyon ABŞ dolları ixracın, 11 milyard 522 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2 faiz azalıb, idxal isə 29,9 faiz artıb. Son nəticədə xarici ticarətdə 1 milyard 356 milyon dollarlıq müsbət saldo yaranıb. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə azdır.  

Demokrat.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib ki, 2025-ci ilin ötən dövrü üzrə Azərbaycanın xarici ticarət saldosunda müşahidə olunan azalma bir neçə əsas amillə bağlıdır:

“İlk növbədə, neftin dünya bazarındakı qiymətinin aşağı olması ölkənin ixrac gəlirlərində azalmaya səbəb olub. Bu, xüsusilə karbohidrogenlər üzrə gəlirlərin azalması fonunda daha aydın hiss olunur. Eyni zamanda, idxalın həcminin artması da ticarət balansına mənfi təsir göstərib. Bu artımın əsas səbəblərindən biri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və infrastruktur layihələri üçün texnika və avadanlıqların ölkəyə gətirilməsidir. Bununla yanaşı, qeyri-monitar qızılın idxalında da artım qeydə alınıb ki, bu da ümumi saldo göstəricisinə əlavə təzyiq yaradıb. Bunun fonunda qeyri-neft sektoru üzrə ixrac artımı kifayət qədər dinamik deyil. İxracın artım tempi idxalı kompensasiya edə bilmədiyindən xarici ticarət balansında mənfi meyl güclənməkdədir. Əgər bu tendensiya davam edərsə, yaxın 5 il ərzində xarici ticarət balansında defisit yaranması real təhlükə olaraq qalır. Xüsusilə də neft gəlirlərində sabit azalma şəraitində bu risk daha da aktuallaşır. Bu istiqamətlər üzrə operativ və koordinasiyalı tədbirlərin həyata keçirilməsi hökumətin iqtisadi siyasətində əsas prioritetlərdən biri olmalıdır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top