“Alim obrazı dərsliklərdə deyil, real həyatda da cazibədar olmalıdır” — Razi Nurullayev

GÜNDƏM 30 iyul 2025, 19:34
Dünyanın bir çox inkişaf etmiş ölkələrində alimlər cəmiyyətin fəxri simaları kimi qəbul olunur, onların elmi nailiyyətləri geniş şəkildə təbliğ olunur. Elm adamları həm medianın, həm də dövlət və ictimai qurumların dəstəyi ilə gənclər üçün ilham mənbəyinə çevrilirlər.

Bəs Azərbaycanda vəziyyət necədir? Niyə dövrümüzün alimləri geniş ictimaiyyətə, xüsusilə də gənclərə tanıdılmır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Razi Nurullayev bildirib ki, Azərbaycanda bu istiqamətdə ciddi boşluqlar var:
 
“Azərbaycanda elmi uğurlar əsasən mütəxəssis çevrəsində tanınır. Geniş ictimaiyyət, xüsusilə də gənclər isə çox vaxt bu uğurlar haqqında məlumatsız qalır. Halbuki alimlər yalnız laboratoriyada deyil, cəmiyyətin içində də görünən və dinlənilən şəxslər olmalıdır.

Onların həyat yolu, düşüncə tərzi və nailiyyətləri yeni nəslin formalaşmasında mühüm rol oynaya bilər”, - deyə deputat bildirib.

Deputatın fikrincə, problemin kökündə elmin cəmiyyətə təqdimatı ilə bağlı sistemli strategiyanın olmaması dayanır.

Nə televiziya proqramlarında, nə sosial mediada, nə də təhsil platformalarında Azərbaycan alimlərinin fəaliyyəti və nailiyyətləri yetərincə işıqlandırılmır.
 
“Gənclər daha çox şou-biznes nümayəndələri və sosial media fenomenləri ilə maraqlanır, çünki informasiya axını əsasən o istiqamətə yönləndirilir. Elm sahəsində çalışan insanlar üçün ictimai tribuna yaradılmalı, onların çıxışları, müzakirələri və ideyaları kütləyə çatdırılmalıdır.

Alimlər məktəblərə, universitetlərə dəvət olunmalı, ictimai tədbirlərdə fəal şəkildə iştirak etməlidirlər”.

Razi Nurullayev hesab edir ki, bu istiqamətdə dövlət səviyyəsində kompleks yanaşmaya ehtiyac var.
 
Onun sözlərinə görə, cəmiyyətin elmi dəyərlərə marağını artırmaq və gələcək nəsillərə nümunə göstərə biləcək alim obrazını formalaşdırmaq üçün yeni addımlar atılmalıdır:

“Əminəm ki, Azərbaycan elminin kifayət qədər potensialı var və bu potensialın görünməsi üçün cəmiyyətin onu tanımasına ehtiyac var. Alim obrazı yalnız dərsliklərdə deyil, real həyatda da canlı və cazibədar olmalıdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
31 iyul 2025, 14:44
Top