
Rusiya-Ukrayna cəbhəsində son günlərdə vəziyyət kəskinləşib.
Demokrat.az xəbər verir ki, Rusiya ordusu Luqansk və Donetsk vilayətlərində yeni əraziləri nəzarətə götürmək üçün genişmiqyaslı hücumlara başlayıb.
Hərbi-siyasi müşahidəçilər bu hücumların ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinə verdiyi 50 günlük müddətlə birbaşa əlaqəli olduğunu bildirirlər. Onların fikrincə, Kreml Trampın “sülh üçün son şansı” kimi təqdim etdiyi bu müddəti cəbhədə mövqelərini möhkəmləndirmək, daha çox torpaq ələ keçirmək və mümkün razılaşmalarda üstün tərəf olmaq üçün fürsət kimi dəyərləndirir.
Rusiya Müdafiə Nazirliyi bildirir ki, Luqansk vilayətinin Kremenka meşəsi istiqamətində iki gün ərzində təxminən 10 hektar ərazi Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçib.
Hərbi müşahidəçilər bu hücumların lokal xarakter daşısa da, Moskvanın strateji niyyətlərini ortaya qoyduğunu vurğulayırlar.
Donetsk vilayətində də vəziyyət kritik olaraq qalır. Rusiya ordusu Pokrovsk və Maliivka istiqamətində irəlilədiyini bəyan edib.
Ukrayna tərəfi bu kəndlərin işğal olunduğunu rədd etsə də, prezident Volodimir Zelenski bu bölgələrdə vəziyyətin ağır olduğunu, şiddətli döyüşlərin davam etdiyini təsdiqləyib.
Seversk istiqamətində isə Rusiya qüvvələri şəhərə 900 metrədək yaxınlaşıb və yeni ağac zolaqları ələ keçirilib.
Eyni zamanda, Rusiya Silahlı Qüvvələri 24–28 iyul tarixlərində Ukraynanın bir neçə şəhərinə, o cümlədən Kiyev, Dnipro, Sumi və Xarkova yüzlərlə kamikadze dron və raketlərlə hücumlar həyata keçirib.
Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri bildirir ki, Rusiya bu dövrdə 300-dən çox “Şahid” dronu, “İskəndər-M” və “X-59” tipli raketlərdən istifadə edib. Nəticədə çoxmərtəbəli yaşayış binaları, infrastruktur obyektləri dağıdılıb, onlarla insan yaralanıb. Kiyevdə zərbələr zamanı 8 nəfər, o cümlədən azyaşlı uşaq xəstəxanaya yerləşdirilib.
Bütün bu gərginliyin fonunda ABŞ prezidenti Donald Trampın Putinə qarşı irəli sürdüyü 50 günlük ultimatum beynəlxalq gündəmin əsas mövzularından biridir.
Dünən isə Tramp bildirib ki, Putinə verdiyi bu müddəti qısaldır. Çünki Rusiya bundan istifadə edərək, cəbhədə aqressivləşib və bütün gücü ilə müharibəni daha da qızışdırıb. O deyib ki, Rusiya qısaldılmış yeni zaman ərzində Ukraynadakı hücumları dayandırmasa, Vaşinqton daha sərt addımlar atacaq. Donald Trampın fikrincə, bu, müharibənin qarşısını almaq və sülh prosesinə yeni nəfəs vermək üçün son şansdır.
Ukrayna prezidenti Volodimir Zelenski də Trampın bu mövqeyini və zamanı qısaltmasını alqışlayaraq yazıb:
“ABŞ prezidentinin aydın mövqeyi və nümayiş etdirdiyi qətiyyət məhz vaxtında oldu. Bu, sülhün bərpası naminə atılmış vacib addımdır”.
Bəzi ekspertlər hesab edirlər ki, Rusiya bu xəbərdarlığı ciddiyə alır və Trampın verdiyi vaxtın sonuna yaxın hərbi əməliyyatları zəiflədə, atəşkəsə hazır olduğunu nümayiş etdirə bilər. Lakin hazırda müşahidə olunan vəziyyət əksinə – Moskvanın Trampın təyin etdiyi son tarixə qədər mümkün qədər ərazi əldə etməyə çalışdığını göstərir.
Beləliklə, cəbhədəki gərginliyin əsas səbəblərindən biri kimi ABŞ-ın yeni administrasiyasının sərt mövqeyi və Putinə ayrılmış vaxt məhdudiyyəti göstərilir. Moskva bu vaxtı sülhə deyil, hərbi üstünlüyə çevirmək üçün istifadə edir. (musavat.com)