“Bunu iddia etmək savadsızlıq və riyakarlıqdır!”

XARİCİ SİYASƏT 27 iyul 2025, 14:34
Fransa dayanmır...

Fransız deputatlar Azərbaycana qarşı təxribat törətmədən, ürək bulandırmadan, erməni lobbisinə hesab vermədən hətta yay tətilinə belə çıxa bilmirlər.

Fransanın bizə yönəlik xarici siyasəti artıq bütün əndazələri aşıb, qırmızı xətləri, “utanmadan oynamaq” mərhələsini keçib və...“usanmadan, durmadan sırtılmaq” etapına qədər irəliləyib.

***

Yenə Qətnamə layihəsi irəli sürüblər. Əleyhimizə. Absurd tələblər üzərindən. 7 bəndlik.

Onların ikisinin üzərində xüsusi dayanacam.

1) “Hərbi əsirlər”

Dəfələrlə demişik, növbəti dəfə təkrarlayaq:

Azərbaycan ərazisində, Azərbaycanın yurisdiksiyasında separatizmlə, təxribatla, terrorçuluqla məşğul olan, müxtəlif - iri masştablı cinayətlərə imza atan canilərin məhkəmədəki cavabdeh statusu heç bir qanunla, heç bir hüquqla, heç bir Konvensiya ilə “hərbi əsir” kontekstində tövsif edilə bilməz!

Müharibə olmayan, aparılmayan şəraitdə həbs edilən şəxs(lər) heç bir halda “hərbi əsir” adlandırıla bilməz!

Bunu iddia etmək savadsızlıqdır, gerizəkalıqdır, naşılıqdır, riyakarlıqdır...

Belədə ki...Cənablar!

Layihəni dəstəkləyən hərdəmxəyallar!

Əsl əsir bilirsinizmi kimlərdir? - Sizə seçkidə səs verənlər. Sizə inananlar. Sizdən mədət umanlar.

Əsl əsir bilirsinizmi kimlərdir? – 21 - ci əsrdə, texnologiya dövründə hələ də Fransanın kolonist və qolçomaq ideologiyası ucbatından işğala məruz qalan ada dövlətlərinin bütöv sakinləri.

Əsl əsir bilirsinizmi kimlərdir? – Müharibəyə təhrik etdikləriniz, qızışdırıb ortalığa saldıqlarınız, bərabər yallı getdikləriniz, sülhdən yayındırdıqlarınız!

2) “Qondarma məhkəmə prosesi”

Azərbaycanda keçirilən açıq, ədalətli, şahid və sübut dolu məhkəməyə “qondarma” damğasını vurmaq üçün nə olmaq, kim olmaq lazımdır - bax onu, çox təəssüf, öz adı ilə söyləyə bilməyəcəm. Çünki tərbiyəm buna imkan vermir!

Amma Makronun mirzələrinə və Parlamentdəki notariuslarına deyəcəyim bir neçə kəlmə var:

Qondarma – sizin yanaşmanızdır, səmimiyyətinizdir!

Qondarma – Mətn oxunmadan bir kağız parçasına atılan imzalardır!

Qondarma – Yeni Kaledoniyada ard-arda keçirdiyiniz saxta Referendumlardır!

Qondarma – ATƏT-in Minsk Qrupunda Fransanın illər boyunca sərgilədiyi fəaliyyətdir!

Və nəhayət;

Qondarma – Ədalətin də, haqqın da, hüququn da, demokratiyanın da, azadlığın da mahiyyətini bir türlü anlamayanların, sezməyənlərin, hiss etməyənlərin irəli sürdüyü iddialardır, ittihamlardır, iftiralardır!


Elşən Musayev
Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top